Türkiyədə nəşr edilən «Hazar World» jurnalının
növbəti sayı Xəzər
Forumuna həsr olunmuşdur
Xəzər Strateji Araşdırmalar İnstitutunun Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi "Hazar World" jurnalının 14-cü sayı çapdan çıxmışdır.
"Enerji və nəqliyyatda Xəzər dövrü başlayır" ümumi başlığı altında oxuculara təqdim edilən jurnalın bu sayı ötən ilin dekabrında 40 ölkədən 600 nümayəndənin iştirakı ilə İstanbuldakı "Çırağan" sarayında keçirilmiş Xəzər Forumunun yekunlarına həsr olunmuşdur.
Fotoşəkillər və faktlarla zəngin olan məqalələrdə TANAP və Xəzər nəqliyyat dəhlizinin bölgənin inkişafındakı rolundan ətraflı bəhs edilir. Bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bu nəqliyyat dəhlizinin mühüm hissəsidir. "Dəmir İpək yolu" adlandırılan bu layihə ilkin mərhələdə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınmasına imkan verəcəkdir. Bu göstəricilər bir neçə il ərzində 3 milyon sərnişin və 20 milyon ton yükdaşımaya çatdırılacaqdır. BTQ dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı ticarətin həcmini 10 milyard dollaradək yüksəltməyə şərait yaradacaqdır.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikinə geniş yer ayrılmışdır. Dövlət başçısının TANAP, TAP və BTQ layihələrinin əhəmiyyəti, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Avropanın enerji xəritəsini dəyişəcəyi haqqında dəyərli fikirləri analitik yazılarda təhlil olunmuşdur. Prezident İlham Əliyevə "İlin Xəzər dövlət adamı" mükafatının təqdim edilməsi barədə xəbər jurnalın ilk səhifəsində verilmişdir.
Digər məqalələrdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Sloveniya və Albaniyanın energetika nazirləri Samo Omerzel və Damian Qjiknuri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin regional direktoru Qordon Birrellin çıxışlarında səslənmiş fikirlər və rəqəmlər yer almışdır.
Bundan
başqa, jurnalda enerji ekspertlərinin
SOCAR-ın sərmayəsi ilə inşa edilən
"Star" neft emalı zavodu, "Petkim" limanı, digər
infrastruktur layihələri ilə bağlı maraqlı
yazıları da dərc olunmuşdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2014.- 11 yanvar.- S.5.