Müasirləşən qədim kənd
Naxçıvan Muxtar
Respublikasının 206 kəndindən biridir
Kükü. Şahbuzun
bu kəndi rayon mərkəzindən
16 kilometr şimalda, Dərələyəz
silsiləsinin cənub-qərb yamacında,
Küküçayın sağ və sol sahillərində yerləşir.
Küküçayın sağ sahilində qədim yaşayış yeri mövcuddur. Yaşayış yeri 2 hündür təpəni və onların ətəyini əhatə edən 75 hektara yaxın bir ərazidir. Vaxtilə burada aparılmış tədqiqat işləri ərazidəki mədəni təbəqənin dağıldığını göstərir. Yaşayış yerində uçub-dağılmış dağ yığınlarına rast gəlmək olar. Bu qədim yaşayış yerində tikilmiş binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşmişdir. Çəhrayı və boz rəngli gil küpə, kasa və badya qırıqlarının tapıldığı yaşayış yeri barədə kükülülərin verdiyi məlumata görə, buranın şimal hissəsində torpaq işləri görülərkən qəbirlər aşkar edilmişdir. Yaşayış yerindən toplanmış yerüstü materiallar miladdan əvvəl II-I minilliklər üçün səciyyəvidir.
Bundan əlavə, Küküçayın sağ sahilində, hündür təpə üzərində hər tərəfdən dərin dərə ilə əhatələnmiş Küküçayla Zırnelçayın qovuşduğu yerdən bir qədər aralıda "Dəmir dövrü"nə aid arxeoloji abidə mövcuddur. Burada iri daşlardan tikilmiş bina qalıqları mövcuddur. Çəhrayı rəngli gil qab qırıqları tapılmış bu ərazidə qaval daşına da rast gəlinmişdir. Bu yaşayış yerini tədqiqatçılar miladdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olunduğunu ehtimal edirlər.
Kəndə aid tarixi yerlər bunlarla kifayətlənmir. Belə ki,
kəndin içərisində
"Tunc dövrü"nə
aid arxeoloji Nekropol da var. Burada qədim qəbirlər yerləşir. Tədqiqatlar zamanı qəbirlərdən
iri monoxrom boyalı küpə, boz rəngli qablar, iribuynuzlu heyvan sümükləri aşkar edilmişdir.
Bəzi yerlərdə nazik kül təbəqəsinin,
daha dərinlərdə
iri daşlara təsadüf olunan nekropolda tunc nizə ucluğu, tunc sancaqlar tapılmışdır ki,
bu da nekropolun
miladdan əvvəl
3-cü minilliyin sonu,
2-ci minillyin əvvəllərinə
aid olduğunu göstərir.
Kəndin
özünəməxsus təbiəti
də var. Naxçıvançayın
sağ qolu olan 20 kilometr uzunluğundakı Küküçay,
Dərələyəz silsiləsinin
3120 metirlik ən yüksək zirvəsi Küküdağ
bu kəndin ərazisindədir. Həmin silsilənin
2420 metr hündürlüyündə
yerləşən Qanlıgöl
də Kükünün
təbiət incilərindən
biridir. Bunlarla yanaşı, Keçəldağ,
Səfərbəy səngəri,
Yal demi, Sarı qaya, Burcalı daşı, Qala dibi, Qabaqlı
kimi dağlar, Pünhan bulaq, Südlü bulaq, Xan bulağı, Kəlbərzaqulu bulağı,
Gur bulaq, Qənbər bulağı,
Məmi bulağı,
Qiblə bulağı,
40 bulağın çıxdığı
"Qırxbulaq" adlanan
yerlər Kükünün
həm də təbiətən zəngin
yer olduğunu deməyə əsas verir.
Ucqar dağ və sərhəd kəndi olmasına baxmayaraq, kükülülər
həmişə təhsilə,
elmə yüksək qiymət vermişlər. Bu da təbii ki,
kənddəki məktəbdə
təhsilin yüksək
səviyyəsindən asılı
olub. Küküdən indiyə kimi
1 akademik, 8 elmlər doktoru, 25 fələsəfə
doktoru çıxıb.
Kükünün yetirmələri
arasında Azərbaycanın
müxtəlif bölgələrində
çalışan hüquqşünaslar,
həkimlər, mühəndislər,
kənd təsərrüfatı
mütəxəssisləri də az
deyil.
Küküdə yayda da olmuşduq. O zaman
rayon mərkəzindən Küküyə
qədər olan avtomobil yolu yenilənirdi. Yol yatağı dəyişdirilir,
eni artırılırdı.
Kənd mərkəzində
həmsöhbət olduğumuz
kənd ağsaqqalları
Quşdan Qəhrəmanov,
Mirnəqim Seyidov, Afət Hüseynov, müəllimlərdən Yunis
Quliyev, Əkbər Qəhrəmanov və digərləri muxtar respublikanın bütün
bölgələrini əhatə
edən abadlıq və quruculuq işlərinin Küküyə
də fərqli ab-hava gətirdiyini bildirirdilər.
O zaman kənd orta məktəbi, icra nümayəndəliyi,
bələdiyyə, həkim
amblotoriyası, kitabxana
və klub köhnə binalarda yerləşirdi. Həmin günləri Kükünün
bu günkü mənzərəsi ilə
müqayisə etdikdə
kəndin qısa zamanda necə inkişaf etdiyinin şahidi olmaq mümkündür.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağabba
Babayev dövlətin diqqət və qayğısından ağızdolusu
söz açdı. Bildirdi ki, kükülülər
indiyə kimi kənddə bu cür rahat və hər cür şəraiti olan obyektlərin olduğunu görməyiblər:
"Noyabr ayının
12-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri Vasif Talıbovun iştirakı
ilə yeni obyektlərin açılışı
oldu. Əvvəl Naxçıvan-Batabat magistralı - Ayrınc-Qızıl
Qışlaq-Kükü avtomobil
yolu yenidənqurmadan sonra istifadəyə verildi. Yolun yenidənqurulması Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində
həyata keçirilib.
16 kilometr uzunluğundakı
avtomobil yolu 4 minə yaxın əhalinin rahatlığına
xidmət edir. Yenidənqurma çərçivəsində
yol yatağı genişləndirilmiş, yeni
asfalt örtük salınmışdır. Tikinti işləri
zamanı 30 selötürücü,
97 suötürücü və
9 körpü tikilmişdir.
Yaşayış məntəqəsində iqtisadiyyatın inkişafı
baxımından da müstəsna əhəmiyyəti
olan yolun yenidən qurulması əlverişli iqlim şəraitinə, təbii
bitki örtüyünə
və təmiz havaya malik olan
Kükü kəndinin
turizm imkanlarını
da xeyli artıracaq.
Kükü kənd tam orta məktəbi üçün
də müasir bina tikilib. Hazırda 107 şagirdin təhsil aldığı kənd məktəbi üçün
198 şagirdlik iki mərtəbəli bina inşa olunub. Məktəbdə 11 sinif otağı,
kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompyuter və müəllimlər otaqları,
kitabxana, bufet və idman zalı
var.
Yeri gəlmişkən
kənd məktəbinin
son tədris ilinin nəticələri də
uğurludur. Məzunlardan
11-i ali məktəbə,
1-i orta ixtisas məktəbinə, 1-i Heydər
Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə qəbul
olan məzunlardan
3-ü 500-700 civarında bal
toplayaraq yüksək
nəticə göstərmişdir.
Məktəbin kimya müəllimi Yunis Quliyev isə
2012-2013-cü tədris ilində
"İlin ən yaxşı müəllimi"
adına layiq görülmüşdür.
Kənd Mərkəzinin istifadə
verilməsi yerli infrastrukturun bir mərkəzdə cəmlənməsinə,
kükülülərə daha rahat xidmət
göstərilməsinə şərait yaradıb. Kənd
mərkəzində rabitə
evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana,
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati
ərazi dairəsi üzrə nümayəndəlik,
bələdiyyə, arxiv,
mədəniyyət evi
və 68 yerlik zal vardır. Rabitə evində quraşdırılan
384 nömrəlik ATS kənddə
221 abonentə xidmət
göstərir.
Yeni istifadə
verilən həkim amblotoriyasının baş
həkimi Aydın Tarışov bildirdi ki, tibb ocağında
müasir səhiyyə
avadanlıqları quraşdırılmış,
tibbi xidmətin yüksək səviyyədə
təşkili üçün
hər cür şərait yaradılmışdır. Ambulatoriya 2 mərtəbədən,
11 otaqdan ibarətdir.
Burada stomatoloq üçün kabinet, palata, doğuş, peyvənd, aptek, həkim, mama və manipulyasiya otaqları vardır.
Hazırda səhiyyə ocağında
11 tibb işçisi kükülülərə tibbi
xidmət göstərir.
Yeri gəlmişkən bildirək
ki, məktəb, kənd mərkəzi və həkim amblotoriyası fərdi qazanxana ilə qızdırılır.
Kənddə yeni tikilmiş obyektlərdən biri də xidmət mərkəzidir. Burada bərbərxana,
gözəllik salonu, ət satışı, ərzaq və təsərrüfat malları
olmaqla 2 mağaza var.
* * *
Üz tutduğumuz
Kükü kəndi həm də insanlarının qonaqpərvərliyi
ilə məşhurdur. Bunu kənd mərkəzində
toplaşan insanlarla sağollaşanda hiss etdik,
həm də şahidi olduq ki, dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində bu ucqar kənd də rahat və
müasir yaşayış
yerinə çevrilir.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2014.- 11 yanvar.- S.6.