O gün uzaqda deyil

 

Bu bir həqiqətdir ki, həyatda əl çatmayan şey şirin olur. Həm də çox şirin. Söhbət doğulub boya-başa çatdığın eldən-obadan, hər küçəsində, hər cığırında ayaq izlərinin qaldığı kənddən-şəhərdən gedirsə, xəyalında əlin çatmayan, ünün yetməyən ətirli gülü-çiçəyi, yaşıl ormanları, durnagözlü bulaqları, başı qarlı dağları, ümumilikdə mövcud olan hər şeyi ilə əziz olan yurdun canlanırsa, acı olan  həqiqəti yaşamaqdan başqa əlacın qalmır.

İyirmi ildi ki, Qarabağa həsrətik. Erməni qəsbkarları illərdən bəri qurduqları məkrli planları güclü havadarlarının köməyi ilə həyata keçirdilər, Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. İnsanlar isti yuvalarından, doğma ev-eşiklərindən perik salındılar. Ər oğullarımız kimi dağlarımız, düzlərimiz, bərəkət boxçası torpaqlarımız da şəhid oldu. Ana-bacılarımız, qız-gəlinlərimiz itkilərə yas tutdular, ağı deyib, ağladılar. Göz yaşları selə döndü. Ən böyük acıları unutduran zaman göz yaşımızı qurutsa da, vətənimizin bağrına vurulan yaranı, sinəsinə çəkilən çalın-çarpaz dağı sağalda bilmədi, bilməzdi də...

"İnam qələbənin yarısıdı" deyirlər. Qarabağ savaşı hələ bitməyib. İnşallah, biz sonda gülənlərdən olacağıq. Arxada qalan iyirmi ildə münaqişə tərəfləri arasında qüvvələr nisbətinin necə kəskin surətdə dəyişdiyi hər kəsə gün kimi aydındır. Bu illər ərzində Azərbaycan müstəqil bir dövlət olaraq, sözün gerçək mənasında, əsl intibah dövrünü yaşayıb. Bütün dünyanı heyran qoyan iqtisadi sıçrayışa nail olub. Dövlətin sükan arxasında dayanan rəhbərinin güclü iradəsi, yenilməz qətiyyəti, uzaqgörən siyasəti Qarabağ həsrəti ilə yaşayan insanların könlündə ümid məşəli alovlandırıb. İndiki reallığı düzgün qiymətləndirməyi bacaran hər kəs işğal altındakı torpaqlarımızın ən yaxın zamanda azad ediləcəyinə birmənalı şəkildə inanır. Damarlarında azərbaycanlı qanı axan hər kəs üçün qürur mənbəyi olan bu inam bir qarış torpağın da müzakirə mövzusu olmayacağını uca səslə bəyan edən respublika Prezidenti İlham Əliyevin qətiyyətindən, Azərbaycanın gündən-günə artan iqtisadi qüdrətindən, güclənən hərbi sənaye potensialından və ən başlıcası isə yeni nəslin məqsədyönlü şəkildə vətənpərvər ruhda formalaşmasından qaynaqlanır. Necə qürurlanmayasan ki, bu gün milli ordumuzda minlərlə Mübariz ruhlu, Fərid əqidəli gənclər xidmət edirlər.     

Sabaha olan ümidlərimizi artıran amillər kifayət qədər çoxdur. Ürəkaçan faktdır ki, cağdaş günlərimizin gəncliyi orta məktəbi bitirib müstəqil həyata qədəm qoyarkən hərb peşəsinə daha çox üstünlük verir. Bu qürurverici hal Laçın rayonunda özünü daha qabarıq göstərir. Əlbəttə, burada varislik ənənəsinin rolu da inkar edilməməlidir. Laçın vaxtilə ermənilərə qan qusdurmuş əfsanəvi qəhrəman Sultan bəyin dünyaya göz açdığı bir diyardı. Qəhrəmanlıq da, qorxaqlıq da qanla keçir. Təsadüfi deyil ki, şəhid atalarının, babalarının intiqamını elə ilk fürsətdə almaq eşqiylə yaşayan laçınlı gənclər xalqımızın tarixində millət qəhrəmanı kimi yaşayan Sultan bəyi özlərinə örnək bilir, onun qəhrəmanlığını yeni formada davam etdirmək əzmini qürurla dilə gətirirlər.

Laçın rayonu təhsil şöbəsinin müdiri Malik Vəliyevlə apardığımız söhbətdən məlum olur ki, bu il ali məktəblərə sənəd verən 404 nəfər məzundan 206-sı test imtahanlarından müvəffəqiyyətlə keçərək tələbə adını qazanmışdır. Yaxşı haldır ki, 32 nəfər 500-dən, 9 nəfər isə 600-dən çox bal toplamışdır. 681 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunan Çıraqlı kənd tam orta məktəbinin builki məzunu Babayev Famil Mübariz oğlu hazırda Prezident təqaüdçüsüdür.

Bu gün ölkəmizdə yetişməkdə olan yeni nəslin vətənpərvərlik tərbiyəsinə dövlət səviyyəsində böyük önəm verilir. Aparılan məqsədyönlü siyasi-ideoloji işin nəticələri özünü çox gözlətmir. Bu il laçınlı məzunlardan iki nəfəri Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olunmuşdur. Akademiyanın birinci kurs tələbələri Həsənov Asiman Bayandur oğlu və Fərzəliyev Rəmzi Nüsrət oğlu təhsildə nümunə göstərir, hərb peşəsinin sirlərinə həvəslə yiyələnirlər. Bu il orta məktəbi bitirən gənclərdən 9 nəfərinin C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunması rayonda böyük rezonans doğurmuşdur. Laçınlı məzunlardan 3 nəfərin Milli Aviasiya Akademiyasına, 1 nəfərin Fövqəladə Hallar Akademiyasına, 1 nəfərin Dənizçilik Akademiyasına, 1 nəfərin isə Türkiyədə Polis Akademiyasına qəbul olunması gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə göstərilən zəruri qayğı və diqqətin məntiqi nəticəsidir.

Hərbi təhsil alan gənclərə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğı göstərilməsi rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Rayonun adamları sabahın hərbçilərinin qayğıları üçün öz könüllü yardımlarını əsirgəmirlər.

Heydər Əliyev adına Ali Hərbi Akademiyanın birinci kurs tələbəsi Asiman Həsənovun ürək sözlərini müasir Azərbaycan gəncliyinin mövqeyi kimi qəbul etmək olar:

- İnsan ömrünün mənası Vətəninə, millətinə şərəfli xidmətlə ölçülür. Bu qənaəti məndə ailədə və məktəbdə aldığım tərbiyə yaradıb. Hələ uşaq yaşlarımdan hərbçi olacağıma qərar vermişdim. Doğma Laçınım hələ də işğal altındadırsa, Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olan yüzlərlə igid oğullarımızın, ata-babalarımızın qisası hələ də alınmayıbsa, mən hərbçi olmaqdan başqa hansı yolu seçə bilərdim?! Başqa yol seçsəydim, çoxsaylı şəhid doğmalarımın ruhu məni bağışlamazdı. İndi bir arzu ilə yaşayıram. Laçına, Şuşaya, Ağdama, Kəlbəcərə... üçrəngli bayrağımızı sancanların sırasında olmağım ən böyük həyat idealımdır.

Dövlət ordusu ilə, yenilməz sərkərdəsi ilə güclüdür. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gənc və müstəqil bir dövlətin ordu quruculuğu yolunda həyata keçirdiyi tədbirlərlə bizi addım-addım böyük qələbəyə, Qarabağın işğaldan azad olunacağı günə yaxınlaşdırır.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 11 yanvar.- S.7.