16 prezident, 15 baş nazir ilə görüş

 

2013-cü il də, əvvəlki illər kimi, Azərbaycanın yüksəlişində növbəti mərhələ oldu. Bu dövrdə respublikamızın sosial-iqtisadi inkişafının davamlılığı təmin edildi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanıldı. Başa çatan regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində il ərzində həyata keçirilən işlər respublikamızın bütün bölgələrinin inkişafına böyük töhfələr verdi.

Tarixə çevrilən 2013-cü il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu ildir. Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirib, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə deyilir:  "2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq".

Prezident İlham Əliyevin ötən il etdiyi xarici səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə, ölkəmizin haqq səsinin dünyada eşidilməsinə təkan verib.

Prezident İlham Əliyevin ötən il ilk xarici səfəri İsveçrə Konfederasiyasına olub. Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gələn Prezident İlham Əliyev ayrı-ayrı ölkələrin prezidentləri, beynəlxalq təşkilatların və dünyada tanınmış şirkətlərin rəhbərləri ilə görüşüb.

Azərbaycan Prezidentinin Davosda İsrail Prezidenti Şimon Peres, İsveçrə Prezidenti Ueli Maurer, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, ABŞ-ın "Booz&CO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi, "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana, ABŞ-ın "McKinsey&Company" şirkətinin rəhbəri Dominik Barton, BP şirkətinin sədri Karl-Henrik Svanberq, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay, "Total" şirkətinin rəhbəri Kristof de Marjeri, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua, "Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lö Qalle, "GDF Suez" şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşləri ölkəmizin ikitərəfli əlaqələrinin inkişafı, dünyanın tanınmış şirkətlərinin Azərbaycanla əməkdaşlığı baxımından səmərəli olub.

Mart ayında Prezident İlham Əliyev Xorvatiya və Monteneqroya rəsmi səfərlər edib. Dövlətimizin başçısı Xorvatiyada Prezident İvo Yosipoviç, parlamentin sədri Yosip Leko, Baş nazir Zoran Milanoviç, Monteneqroda Prezident Filip Vuyanoviç, parlamentin sədri Ranko Krivokapiç, Baş nazir Milo Dukanoviç ilə görüşüb.  Qeyd edək ki, Azərbaycanla bu ölkələr arasında çox yaxşı münasibətlər var. Coğrafi məsafə baxımından bir-birinə yaxın olmasalar da, Xorvatiya və Monteneqro Azərbaycana dost ölkələrdir. Siyasi və iqtisadi müstəvidə əlaqələrin gündən-günə genişlənməsi bu ölkələrin hər birinin maraqlarına cavab verir. Prezident İlham Əliyevin həmin ölkələrə  rəsmi səfərləri isə həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına təkan verib.

Son illərdə Azərbaycanın ixrac-idxal əməliyyatlarının genişləndiyi ölkələrdən biri də Avstriyadır. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana 2011-ci ildəki səfərindən sonra əməkdaşlığın bütün sahələrində sürətli inkişaf başlayıb. Ötən ilin may ayında isə Prezident İlham Əliyev

Avstriyaya rəsmi səfər edib. Azərbaycan Prezidentinin səfər proqramı olduqca zəngin olub. Belə ki, Avstriya Prezidenti Haynts Fişer və Baş nazir Verner Faymanla görüşlərdən başqa Prezident İlham Əliyev Vyanada Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, Vyana şəhər meriyasında olub, Avstriya-Azərbaycan biznes forumunda və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib, Avstriya Sənaye Federasiyasının prezidenti, "OMV AG" şirkətinin baş icraçı direktoru və digər iri şirkətlərin rəhbərləri ilə, BMT-nin Vyana ofisinin, BMT-nin Sənayenin İnkişafı Təşkilatının, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorları və Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının hazırlıq komissiyasının icraçı katibi ilə görüşüb. Bütövlükdə Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfəri göstərdi ki, yüksək səviyyədə qarşılıqlı anlaşma əlaqələrini genişləndirmək və əməkdaşlığı gücləndirmək üçün hər iki tərəfin istəyi və iradəsi var.

İyun ayında Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfər edib. Səfər zamanı dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüşüb. Bu görüşlərdə əməkdaşlığa aid, eləcə də regional əhəmiyyət daşıyan məsələlər müzakirə olunub. Avropa İttifaqı rəsmiləri xüsusən enerji təhlükəsizliyi məsələsində Azərbaycanın fəallığına, təşəbbüslərinə görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Oktyabr ayında Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfər edib.  İclasda Belarus Prezidenti  Aleksandr Lukaşenko bütün iştirakçılar adından cənab İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edərək deyib: "İcazə verin, - elə bilirəm ki, ümumi rəyi ifadə edəcəyəm, - iclasımıza başlamazdan əvvəl hamımızın adından hörmətli İlham Heydər oğlu Əliyevi seçkilərdə çox inamlı qələbə qazanması münasibətilə təbrik edək, ona Azərbaycan Respublikasının və xalqının tərəqqisi naminə ali dövləti vəzifəsində yeni uğurlar arzulayaq".

İclasda çıxış edən Prezident İlham Əliyev deyib: "Ölkələrimiz arasında əməkdaşlıq mənim fəaliyyətimdə birinci dərəcəli əhəmiyyət kəsb edəcəkdir. Bizim xalqlarımızı müştərək tarix, ümumi keçmiş, qəhrəmanlıq keçmişi, faşizmə qarşı birgə mübarizə birləşdirir. Bu gün bizi iqtisadi və siyasi maraqlar birləşdirir. MDB çərçivəsində əməkdaşlıq Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təbii ki, birlikdə inteqrasiya prosesləri çərçivəsində Azərbaycan həmişə prinsipial mövqe tutmuşdur. Bu mövqe əməkdaşlığın möhkəmlənməsinə, çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafına istiqamətlənmişdir".

Bu gün planetimizin siyasi mənzərəsində təbəddülatlardan irəli gələrək baş verən dəyişikliklər, kataklizmlər bəşər sivilizasiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Təbii ki, qloballaşan dünyanın müasir reallıqları bütün türk xalqlarının qarşısında mühüm və taleyüklü vəzifələr qoyur. Türk dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən müvəffəqiyyətlə çıxması eyni tarixi köklərə malik olan xalqlarımız arasında birliyin və həmrəyliyin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.

Bu sahədə bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Çünki qloballaşan dünya həm mütərəqqi cəhətləri, həm də ayrı-ayrı mənfi tərəfləri ilə yanaşı, beynəlxalq səviyyədə bəzi siyasi dairələr tərəfindən Azərbaycan və Türkiyəyə qarşı daim davam etdirilən ikili standartlarla müşayiət olunur. Belə olan şəraitdə Azərbaycan və Türkiyənin istənilən məsələdə bir-birinə dayaq olması olduqca vacibdir. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır və dünyada analoqu yoxdur. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycan torpaqlarını işğal etdiyinə görə bağlayıb. Ötən ilin əvvəllərində Fransa Senatında qəbul edilən qanun Türkiyədə nə qədər qəzəblə qarşılandısa, Azərbaycanda da eyni hiddətlə qarşılandı. Bu ondan irəli gəlir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bizim qanımız da eynidir, canımız da. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" sözlərinin Türkiyənin siyasi dairələrində əsas götürülməsi isə bizim üçün olduqca qürurvericidir.

Prezident İlham Əliyevin hələ illər öncə qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur. Elə buna görə də Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır. Bu fikir Prezident İlham Əliyevin noyabr ayında Türkiyəyə etdiyi rəsmi səfərdə Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək, xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüşlərdə də öz əksini tapdı. Diqqət çəkən əsas məsələ isə ondan ibarətdir ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz Türkiyəyə etdi. Bu, artıq xoş ənənəyə çevrilməklə yanaşı, Türkiyə ilə strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.

Prezident İlham Əliyevin Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı" ilə təltif olunması qardaş ölkənin Azərbaycan dövlətinin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə təşəbbüslərinə, Prezident İlham Əliyevin siyasi iradəsinə verdiyi önəmin və qiymətin göstəricisidir. Həmçinin Prezident İlham Əliyev türkiyəli həmkarını "Heydər Əliyev" ordeni ilə təltif etdi. Bu da səbəbsiz deyil. Çünki Prezident Abdullah Gül fəaliyyəti müddətində Azərbaycanla əlaqələrin inkişafı  üçün çalışıb, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrə yaxından dəstək verib.

Azərbaycana yaxın, etibarlı və strateji tərəfdaş ölkələrdən biri də Ukraynadır. Azərbaycanla Ukrayna arasında münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı əlaqə saxlayır. Bu mənada Prezident İlham Əliyevin Türkiyədən sonra Ukraynaya rəsmi səfər etməsi bu ölkəyə verilən önəmin göstəricisidir. Səfər zamanı cənab İlham Əliyevin Prezident Viktor Yanukoviç, Baş nazir Nikolay Azarov, Ali Radanın Sədri Vladimir Rıbak ilə görüşlərində qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri müzakirə edildi. Səfər zamanı imzalanmış sazişlər də əsas diqqəti yaxşı potensialın olduğu sahələrə yönəldir.

Noyabr ayında Prezident İlham Əliyev Avstriya Respublikasına işgüzar səfər də edib. Avstriya Prezidenti Haynts Fişer ilə görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib. Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu səfər zamanı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

Noyabr ayının sonlarında isə Prezident İlham Əliyev Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammitində iştirak etmək üçün Litva Respublikasına işgüzar səfər edib. Qeyd edək ki, bu sammit Azərbaycanın tam müstəqil siyasət yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Müstəqil siyasətin fəlsəfəsində həm də müstəqil iqtisadi siyasət və müstəqil qərarların qəbul edilməsi dayanır. Odur ki, Azərbaycanda dövlət adından qəbul edilən qərarlar Azərbaycan dövlətinin özünün müstəqil qərarlarıdır. Ölkəmizin sosial, siyasi, iqtisadi həyatına kiçicik bir məsələnin diktə edilməsi Azərbaycan dövləti üçün qəbulolunmazdır. Bu mənada Azərbaycan diplomatiyası Vilnüs sammitindən qalibiyyətlə ayrıldı. Azərbaycan heç vaxt elə bir bəyanat verməyib, yaxud elə bir seçim etməyib ki,  sonradan ondan imtina etsin. Bu mənada Azərbaycanın yeritdiyi və bir çox dövlətlərə nümunə olan bu siyasət hər kəs tərəfindən razılıqla, dostlarımız tərəfindən rəğbətlə qarşılanır.

Vilnüsə səfəri zamanı Prezident İlham Əliyev bir neçə ölkənin prezidenti və hökumət başçıları ilə də görüşüb. Fransa Respublikasının Prezidenti Fransua Olland, Latviya Prezidenti Andris Berjins, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İspaniyanın Baş naziri Mariano Rahoy Brey, Estoniya Respublikasının Baş naziri Andrus Ansip, Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşlərdə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunan görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2013-cü ildə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin,  Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa, Yunanıstanın Baş naziri Antonis Samaras, İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta,  Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski, Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycana səfər ediblər.

Ümumiyyətlə, 2013-cü ildə Prezident İlham Əliyev 9 ölkəyə səfər edib. Həm bu səfərlər zamanı, həm də Bakıda 16 ölkənin (Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Xorvatiya, Monteneqro, Avstriya, Fransa, Latviya, Serbiya, Gürcüstan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Ermənistan) dövlət başçıları, 15 ölkənin (Xorvatiya, Monteneqro, Avstriya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İspaniya, Estoniya, Litva, Sloveniya, Yunanıstan, İtaliya, Gürcüstan, Bolqarıstan, Albaniya) baş nazirləri, 4 ölkənin (Türkiyə, Ukrayna, Monteneqro, Xorvatiya) parlament sədrləri ilə görüşüb. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 12 yanvar.- S.3.