Azərbaycan 2014-cü ilə böyük uğurlarla başlayıb

 

2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə "Tufan" Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi açılmışdır. Yəni biz ili gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır.

 

 İlham ƏLİYEV

 

 

Prezident İlham Əliyev yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan vəsaitləri qeyri-nefi sektorunun inkişafına yönəltməklə böyük tərəqqiyə nail olub. Ölkə başçısı qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərərək respublikamızı dünyanın yeni iqtisadi fenomeninə çevirib.

Müstəqil Azərbaycanın dinamik inkişaf yolunda olması və makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə dövlət büdcəsində real əksini tapır. Sürətli tərəqqinin "barometrinə" çevrilən büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri sosialinfrastruktur layihələrin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır. 2014-cü ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaradır.

Bu ilin dövlət büdcəsi müxtəlif sosial layihələrin icrası, eləcə də ipoteka proqramlarında vəsaitlərin artırılması ilə də diqqəti cəlb edir. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə dağ-xizək kompleksinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir. Ölkə başçısı bir neçə mühüm sahə ilə yanaşı, Turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdirbu istiqamətdə atılan addımlar öz bəhrəsini verir. Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son bir neçə ildə dünyanın ən məşhur hotel brendləri Azərbaycana gəlmiş, ölkədə çoxsaylı beşulduzlu hotellər istifadəyə verilmişdir. Həm Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm, həm də Qəbələdəki "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi uğurların miqyasını göstərir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari iliuğurla başa vuraq.

İnvestisiya proqramı kifayət qədər böyük olacaqdır. İnvestisiya  proqramında əsas infrastruktur layihələri öz əksini tapıb. Hələ infrastruktur layihələrin icrasına böyük ehtiyac vardır. Düzdür, son illərdə böyük işlər görülmüşdür, ancaq hələ ki, görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda, əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir. Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir. Keçən il inflyasiyanın cəmi 2,4 faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir".

Azərbaycanın əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən ediriqtisadi islahatların dərinləşməsində ölkəmiz böyük uğurlara imza atıb. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirib. Ümumi daxili məhsul təxminən 6 faiz artıb ki, bu da çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul 1-1,5 faiz artır, Azərbaycanda təxminən 6 faiz artan ümumi daxili məhsul böyük nəticədir. Ölkəmizdə qeyri-neft sektorunun 10 faiz artması uğurla aparılan iqtisadi islahatların nəticəsidir. Əhalinin pul gəlirlərinin 8 faiz artması, inflyasiyanın 2,4 faiz olması da  uğurlu nəticələrdəndir. Bunlar  deməyə əsas verir ki, vətəndaşların sosial rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir.

Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın butun demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Bütün bunların fonunda ölkə vətəndaşları İlham Əliyevin rəhbərliyi altında respublikamızın qarşıdakı ildə də daha böyük uğurlar qazanacağına inanırlar.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 14 yanvar.- S.1.