Meksika Senatının Xarici
əlaqələr komitəsi ilə Memorandum
imzalanıb
Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Komitə sədri Səməd Seyidov qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, bu, Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvlərinin Azərbaycana ilk səfərləridir. Rəhbərlik etdiyi komitə barədə meksikalı senatorları məlumatlandıran S.Seyidov vurğulayıb ki, beynəlxalq münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafında komitə mühüm rol oynayır.
S.Seyidovun sözlərinə görə, ölkələrimiz arasında möhkəm siyasi əlaqələr mövcuddur. Meksika Senatı üzvlərinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına öz dəyərli töhfəsini verəcək. Azərbaycan tərəfi Meksika ilə əlaqələri yüksək səviyyədə qurmaq niyyətindədir.
Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron isə qeyd edib ki, Meksika ilə Azərbaycan arasında illərdir ki, dostluq münasibətləri mövcuddur. "Bu səfər dostluğumuzu daha da möhkəmləndirəcək. Azərbaycan son illərdə həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, sizin təcrübənizdən istifadə etməklə biz də sürətli inkişafa nail ola bilərik. Siyasi əlaqələrlə yanaşı, mədəni, səhiyyə və təhsil sahəsində də yeniliklərə imza ataraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmək olar. Əgər hər zaman birgə olsaq, daha çox nailiyyət əldə edərik" - deyə, Q.K.Barron əlavə edib.
Sonda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının Xarici əlaqələr komitəsi arasında "Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında" anlaşma Memorandumu imzalanıb.
Qeyd
olunub ki, bu sənəd Azərbaycan-Meksika parlamentlərarası
əlaqələrin yeni mərhələyə qədəm
qoyması deməkdir. Sənəd, həmçinin ölkələrarası
dostluğun, əməkdaşlığın daha da yüksələcəyinin
təminatçısıdır.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 14 yanvar.- S.4.