İLHAM ƏLİYEV: «Vətənpərvərlik,
dövlətçilik duyğuları
bütün başqa məsələlərdən
üstün olmalıdır»
Yola saldığımız 2013-cü il Azərbaycan mətbuatı üçün də çox əlamətdar oldu. Həm də bir neçə məqamla!
Əvvəla, kütləvi informasiya vasitələrində çalışan (çap və elektron) jurnalistlər 2 dəfə dövlət başçısı cənab İlham Əliyevlə görüşərək mətbuat və söz azadlığı, hazırkı dövrdə ölkə jurnalistləri qarşısında duran vəzifələr, perspektivlər barədə fikir mübadiləsi apardılar, uğurlar və problemlərdən söz açdılar.
İkincisi, Prezident İlham Əliyev jurnalistlər üçün tikilən binanın qırmızı lentini kəsərək 156 nəfərə yeni və təmirli mənzil verdi, eyni zamanda, daha bir - bu dəfə 255 mənzillik binanın təməlini qoydu.
Ən nəhayət, noyabrın 24-də cənab İlham Əliyevə ikinci dəfə layiq görüldüyü "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində dövlət başçısı ilə jurnalistlərin daha bir unudulmaz görüşü keçirildi.
Cənab İlham Əliyev prezidentliyinin ilk günlərindən daim açıq və şəffaf fəaliyyət göstərib. Daim yerli qəzet və televiziya müxbirləri ilə təmasda olub, müxtəlif məsələlərlə bağlı dünyanın aparıcı televiziya kanalları və qəzetlərinin nümayəndələrinə maraqlı müsahibələr verib.
2013-cü ilin 22 iyul və 24 noyabrında keçirilən iki görüş isə bambaşqa xarakterdə idi. Görüş əsasən Azərbaycanda mətbuat və söz azadlığının vəziyyəti və dövlətin bu sahəyə dəstəyi, habelə mətbuatın, jurnalistikanın və jurnalistlərin problemlərinə həsr olunmuşdu. Sonuncu iki görüşü isə həm də 22 iyul 2010-cu ildə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirilən görüşün davamı kimi də qiymətləndirmək mümkündür. Çünki axırıncı görüşdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və söylənilən tövsiyələr bir növ, əvvəlki görüşlərdə deyilənlərin davamı və inkişafı idi.
Bu barədə danışmazdan əvvəl diqqəti vacib bir məqama çəkmək istəyirik.
Azərbaycan xalqı demokratiya və qərbyönümlü inkişaf yolunu, sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçidi könüllü şəkildə özü seçib!
Xalq bu arzu və istəyini baş müəllifi ulu öndər Heydər Əliyev olan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul etdiyi Konstitusiyaya verdiyi səslərdə ifadə edib!
Məhz indiki iqtidar mətbuata senzura nəzarətini ləğv etməklə, onu dövlət nəzarətindən tam çıxarmaqla həqiqi mətbuat, söz və məlumat toplamaq azadlığına nail olub!
Məhz indiki iqtidar KİV-nin İnkişafına dövlət dəstəyi Konsepsiyasını qəbul edib, KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla müstəqil mətbuatın inkişafına real köməyini göstərib!
Bu kömək isə iki mühüm istəkdən qaynaqlanır:
* Azərbaycanda mətbuat və söz
azadlığının daha da inkişaf etdirilməsi;
* Jurnalistlərin sosial rifahının
və güzəranının yüksəldilməsi!
Jurnalist peşəsi çətin peşədir və bu peşənin sahiblərinə yardım göstərmədən onların uğurlarını stimullaşdırmaq mümkün deyil!
Jurnalist peşəsinə çox təriflər deyilib. Amma ən dolğun,
yığcam və mükəmməl tərifi ulu öndər
Heydər Əliyev verib: "Jurnalist əməyi qeyri-adi əməkdir,
olduqca böyük, zəhmətli əməkdir, çox səylər
göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq
tələb edən əməkdir, öz peşəsinə
vurğunluq tələb edən əməkdir."
Cənab
İlham Əliyev də bu peşənin ən vacib cəhətlərini
lakonik şəkildə ifadə edib: "Jurnalist peşəsi
çox ağırdır, məsuliyyətlidir".
Qeyri-adi,
ağır, məsuliyyətli, zəhmətli, eyni zamanda, cəsurluq,
hünər, fədakarlıq tələb edən peşə
sahibləri elə də böyük gəlir sahibi deyillər! Hətta
qazancları özlərinə normal ev
alıb təmir etdirərək yaxşı mənzildə
yaşamaq imkanı vermir.
"Jurnalistlərin
dostu" adına ikinci dəfə layiq
görülən cənab İlham Əliyev bu məsələdə
onların ən yaxın yardımçısıdır.
Artıq 156 jurnalistə yeni, təmirli mənzil almaq xoşbəxtliyi
qismət olub, daha 255 nəfər isə bir neçə ilə
bu səadəti dadacaqdır!
Demokratik cəmiyyətdə jurnalistin rolu
böyükdür. Çünki jurnalistlər mətbuat və
söz azadlığını inkişaf etdirməklə bərabər,
demokratik proseslərin dərinləşməsinə, vətəndaş
cəmiyyətinin formalaşmasına, habelə hüquqi
dövlət quruculuğu proseslərinə də töhfələr
verirlər.
İctimai-siyasi həyata ciddi təsir göstərmək
imkanı mətbuatın məsuliyyət yükünü də
xeyli artırır.
Cənab İlham Əliyevin "xüsusilə azad mətbuat
olan halda jurnalistlərin məsuliyyəti ön plana
çıxır" fikri əslində, bu məsuliyyətin
dərkinə yönəlmişdir.
Jurnalistlərin
məsuliyyət hissinin güclənməsini dövlət
başçısı müsbət hal kimi dəyərləndirərək
vurğulamışdır: "Mən şadam ki, son illər
ərzində bu istiqamətdə də müsbətə
doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini
daha da dolğun şəkildə dərk edirlər, mətbuatda
gedən, həqiqəti əks etdirməyən təhqiramiz
yazılara da az-az rast gəlmək olur".
Bu məsələdə Mətbuat Şurasının fəaliyyəti
də təqdirəlayiqdir. İctimai qınaq vasitəsi kimi
seçilən "qara siyahı"nın
tərtibi mətbuatda "reketçilik", təhqir və
böhtan yolu tutanların islahında böyük rol
oynamışdır. O da həqiqətdir ki, heç zaman
peşəkar jurnalistlər ağa qara demir, insanları öz
yazılarında aşağılamağa
çalışmır, şər, böhtan və təhqirə
meyil göstərmirlər!
Cənab İlham Əliyevin jurnalistlər
qarşısında irəli sürdüyü vəzifələrdən
biri onların peşəkarlıqlarını
artırmalarıdır.
Ölkə
başçısı bu məsələdə dövlətin
daim dəstək verməyə hazır olduğunu da bildirdi:
"Mən jurnalistlərin peşəkarlığı ilə
bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə
bağlı vaxtaşırı danışırsınız,
yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə
öz dəstəyini verə bilər. Əgər
dövlət tərəfindən hansısa bir əlavə tədbir
görülməlidirsə, biz bunu görəcəyik ki,
peşəkarlıq artsın".
Möhtərəm İlham Əliyev jurnalistlərlə
bütün görüşlərində vətənpərvərlik
məsələsini xüsusi qabartmışdır. Hər dəfə də iki
mühüm məqam fərqləndirilmişdir: hər bir
jurnalistin özünün vətənpərvər olması və
mətbuatda vətənpərvərlik hisslərinin təbliği
məsələsi!
Qəzetlərin müstəqil fəaliyyət göstərdiyi,
yazacaqları mövzuları özlərinin müəyyənləşdirdiyi
və şərh etdiyi şəraitdə əli qələmli
insanın vətənpərvərliyi böyük əhəmiyyət
kəsb edir. Təbii ki, vətənpərvər insanın
tutduğu mövqe və hadisələrə yanaşması
da başqalarından əsaslı surətdə fərqlənir.
Azərbaycanın
"açıq qapı" siyasəti yeritdiyi, internetin
mövcudluğu, dünya erməniliyi və antiazərbaycançı
şəbəkənin ölkəmizə qarşı təxribat
və pozuculuq işləri apardıqları bir vaxtda gənclərin,
xüsusən, yeni nəslin vətənpərvərlik tərbiyəsi
böyük aktuallıq kəsb edir! Bu halda cənab İlham
Əliyevin tövsiyələri yerinə düşür:
"Jurnalistlərin vətənpərvər olmaları da
hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası
öz dövlətinə, xalqına, dövlətçiliyinə
bağlıdır. Siyasi baxışlardan
asılı olmayaraq, əksər hallarda dövlətin
maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da
partiya maraqları, korporativ maraqlar ön plana
çıxır. Buna əlbəttə
ki, yol vermək olmaz. Xüsusilə, gənc
müstəqil dövlətlərdə vətənpərvərlik
hissləri daha da güclü olmalıdır".
Azərbaycan demokratik respublikadır. Ölkədə
hakimiyyət bölgüsü aparılmış, qanunun
aliliyi təmin edilmişdir. Fikir
plüralizmi, çoxpartiyalı sistem mövcuddur. İqtidara gəlmək uğrunda daim siyasi partiyalar
arasında mübarizə gedir və bu, normal qəbul olunur.
Sonuncu prezident seçkilərində on nəfər
namizədliyini irəli sürmüşdü. Onların aralarında açıq, şəffaf
formada mübarizə getdi. Xalq növbəti beş ildə də müstəqil Azərbaycana
rəhbərliyi cənab İlham Əliyevə etibar etdi!
Kim
güclü olursa, xalqın inam və etibarını
qazanırsa, iqtidara gəlir!
Seçkilərdə
məğlub olaraq müxalifətdə qalanlar isə yenidən
sivil mübarizə yolu ilə hakimiyyətə gəlməyə
çalışmalıdırlar!
İqtidara
gəlmək uğrunda mübarizə dövlətə
qarşı mübarizəyə çevrilməməlidir!
Çünki
dövlət hamımızındır: həm iqtidarın, həm
müxalifətin, həm də bitərəflərin.
Odur ki,
dövlətin maraqlarını hamımız
qorumalıyıq: həm iqtidardakılar, həm müxalifətdə
olanlar, həm də bitərəflər!
Təəssüf
ki, bəzən belə olmur! İqtidar müxalifət mübarizəsi
zəminindəki fikir ayrılıqları dövləti maraqlar
müstəvisinə keçirilir. Hətta bir
paraları beynəlxalq qurum və təşkilatlarda Azərbaycan
xalqının və dövlətinin maraqları ilə
bağlı müzakirələrdə əks mövqe tutur,
ölkəmizin beynəlxalq imicinə zərər yetirəcək
addımlar atmaqdan belə çəkinmirlər.
Jurnalistlərlə
görüşü zamanı möhtərəm İlham
Əliyev bu məsələyə xüsusi diqqət çəkdi:
"Dövlətçilik prinsipləri üstünlük təşkil
etməlidir. İlk növbədə dövlət
maraqları müdafiə edilməlidir. Dövlətə
zərər vura biləcək hər hansı bir addıma yol
verilməməlidir".
Dövlət
başçısı ölkə daxilindəki problemlərin
kənara çıxarılmasının arzuedilməz
olduğunu da vurğuladı: "Cəmiyyətdə
mövcud olan problemlər ölkə daxilində həllini
tapmalıdır. Mən bu barədə dəfələrlə
fikirlərimi bildirmişəm. Bu gün də
demək istəyirəm, hər bir ölkənin öz
inkişaf dinamikası, öz problemləri, nailiyyətləri
var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini
tapmalıdır".
Azərbaycan xalqı uzun sürən mübarizədən
sonra nəhayət ki, müstəqilliyə nail olmuşdur. Ulu öndər
Heydər Əliyevin müdrik və qətiyyətli fəaliyyəti
olmasaydı, bu müstəqilliyin də taleyi Azərbaycan Xalq
Cümhuriyyətinin faciəli aqibəti kimi olacaqdı. Müstəqilliyimiz xilas edilsə də, təhlükələr
hələ də tam sovuşmayıb. Odur ki, bu
günümüzün qədrini bilməli, müstəqilliyi
əziz və uca tutmağı bacarmalıyıq! Həm də müstəqilliyin nə olduğunu,
xalqa nələri bəxş etdiyini, onu qorumağın
yollarını daim təbliğ etməliyik.
Cənab
İlham Əliyevin bir neçə tövsiyəsi də bu
barədədir:
"Müstəqilliklə bağlı olan mövzulara
daha da geniş yer verməliyik. Müstəqilliyin
üstünlükləri nədən ibarətdir? Düzdür, bu mövzularla bağlı
vaxtaşırı yazılara, materiallara rast gəlmək
olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir.
Çünki bu mövzu daim gündəlikdə
olmalıdır. Müstəqilliyin
üstünlükləri, müstəqilliyin əlamətləri
və gələcək həyatımızla bağlı
fikirlər, mülahizələr, fikir mübadiləsi
çox vacibdir".
"Müstəqillik, sadəcə olaraq, dövlət
atributları deyildir. Müstəqillik müstəqil həyatdır,
müstəqil siyasətdir, dövlətin və milli
maraqların qorunmasıdır".
"Müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə
hökm sürən ab-hava, milli həmrəylik. Bütün
bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında
bundan sonra da öz sözünü deyəcəklər".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi mətbuatın ən çox diqqət
ayırdığı məsələlərdəndir. Yaxşı
haldır ki, hansı qəzetdə çıxmasından
asılı olmayaraq, bu mövzudakı yazılarda jurnalistlərin
hamısı eyni mövqedən çıxış edir.
Azərbaycan vətəndaşları bu problem, onun mahiyyəti,
baş verən hadisələr barədə kifayət qədər
məlumatlıdırlar. Odur ki, cənab İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi mövzusunun beynəlxalq
mətbuata çıxarılması vəzifəsini irəli
sürür:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin xarici mətbuatda
işıqlandırılması ilə bağlı daha da
böyük işlər görülməlidir. Əlbəttə
ki, daxildə bu problem kifayət qədər
işıqlandırılır. Ancaq əsas
məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata
çıxaraq".
"Mətbuat işçiləri də artıq xarici mətbuat
orqanlarına çıxırlar. Biz bu mövzunu daha da
geniş şəkildə işıqlandırmalıyıq.
Dövlət öz dəstəyini verməyə
hazırdır".
Prezidentin diqqət çəkdiyi ən vacib məsələlərdən
biri milli-mənəvi dəyərlərin qorunmasıdır. Azərbaycanın
dünyaya sürətlə inteqrasiya etdiyi bir vaxtda mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi
qoruyub saxlamaq xüsusilə vacibdir. Qloballaşan
dünyanın hamını bərabərləşdirməsinə
yol verilməməlidir! Prezidentimizin ən mühüm
tövsiyəsi budur:
"Bizim milli adət-ənənələrimiz, milli
bayramlarımız, böyüklərə olan hörmət,
böyük-kiçik münasibəti daim qorunmalıdır və
qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki
qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında
təsvir edilir. Buna yol vermək olmaz.
Biz öz milli və dini adət-ənənələrimizi
qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər,
gənc nəsil də milli ruhda böyüməlidir".
Ən nəhayət, müsbət və mənfi
informasiya tutumlu yazıların balansının qorunması
vacibliyi də diqqətdən qaçırılmamalıdır.
Həyatda müsbət meyillər daim üstünlük
təşkil edir. Çünki inkişafı təmin edən
müsbət yönümlü işlərdir. Təsadüfi hadisələr, qəzalar, təbii fəlakətlər,
kriminal hadisələr isə daim baş versələr də,
aparıcı gücə malik deyillər. Odur ki, belə
xəbərlər ilk baxışda nə qədər
"maraqlı" görünsələr də, gündəlik
informasiya "payında" üstün mövqedə
dayanmalı deyil:
"Mən demirəm ki, bütün xəbərlər
ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif
xəbərlər ola bilər. Amma hər halda, burada balans gözlənilməlidir,
saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə
olduğu kimi, nikbin olsun".
Görüşdə Prezidentin söylədiyi bu fikrin
jurnalist peşəkarlığı baxımından tutulan
irad kimi qəbulu, fikrimizcə, daha düzgün olardı.
Bu gün
artıq tarixi adlandırdığımız
görüşdə cənab İlham Əliyev əslində
çox şey dedi. Ona görə "çox şey"
deyirik ki, bu sözlər jurnalistlərin auditoriyasında və
jurnalistlər üçün deyilirdi!
Həm də
dövlət başçısı nə qədər
açıq danışa bilərdisə, o qədər
açıq danışdı!
Diplomat nə
qədər açıq və səmimi ola
bilərdisə, o qədər də açıq və səmimi
oldu!
Anlamağa
çalışanda və anlamaq istəyəndə çox
məsələlərdən agah ola bilirsən!
Biz
hamımız doğma Azərbaycanı doğma anamız kimi
sevdiyimizi deyirik!
Biz
hamımız Azərbaycanın müstəqilliyini yüksək
qiymətləndirib əziz tutduğumuzu bildiririk!
Amma bu sevgi və istək bizdən "nə isə"
tələb edəndə onu dərhal veririkmi?
Belə bir məqamda şəxsi istək və
maraqlarımız bizə mane olub tərəddüd etməyə
sürükləmir ki?!
Bu gün
Azərbaycanın çətin günüdür!
Bəlkə
də "çətin" sözü yerinə düşmədi!
"Ağır
günü" demək də olmaz! Çünki ən
ağır günlərimiz 1993-cü ilin iyununda, 1992-1995-ci
illərin xaos və
anarxiyalı dövründə
idi.
Həmin
dövrü ona görə "ağır"
adlandırırıq ki, təkcə müstəqilliyimiz yox, bir
dövlət kimi mövcudluğumuz da sual altına
düşmüşdü! Və əgər Heydər
Əliyev dühası, xalqın öz rəhbərinə birmənalı
dəstəyi olmasaydı, çoxdan keçmişdəki
kimi xırda xanlıqlara parçalanmışdıq!
Bizi bu mərhələyə
Heydər Əliyev və Heydər Əliyev siyasi kursu gətirib
çıxardı!
Əslində,
sınaqlar hələ də bitməyib!
Bəli,
məhz sınaqlı günlərimizi yaşayırıq!
Cənab
İlham Əliyev də əslində, sınaq
dövrünün bitmədiyinə işarə vururdu:
"Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız
vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə
bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas
amallar ətrafında daim bir yerdə olmalıyıq!"
Dövlət
başçısı hamını doğma Azərbaycan naminə
xarici təsirlərdən effektli qorunmaq üçün milli
maraqlar ətrafında birləşməyə dəvət
etdi!
* * *
"Azərbaycan"
adlanan nəhəng gəmini tufanlı şəraitdə sualtı qayalardan qoruyaraq
sağ-salamat mənzil başına çatdırmaq elə də
asan məsələ deyil!
Bu, hamının
bacaracağı iş də deyil!
Yalnız
İlham Əliyevin kapitanlığı və Heydər
Əliyev kursu ilə
irəliləməklə təhlükələri
sovuşdurmaq və mənzil başına sağ-salamat
çatmaq olar!
İki
sadə misal:
Qonşu dövlətin başçısı Mixeil
Saakaşvili düzgün taktika seçmədi, Qərbə və
ABŞ-a güvənərək Rusiya ilə müharibəyə
getdi. Nəticədə
təkcə maddiyyat və nüfuz itirilmədi, Cənubi
Osetiya və Abxaziya da əldən çıxdı!
Ukraynanın Prezidenti Viktor Yanukoviç Qərbdən
imtina edərək Avrasiya Gömrük İttifaqına meyilləndi. İndi
xalqın bir hissəsinin ciddi narazılığı ilə
qarşılaşıb.
Söhbət
müxalifətin etirazlarından getmir! Etiraz etmək, bəyənməmək
müxalifətin peşəsidir! Və sabah o boyda dövlət
qışın şaxtasında qazsız qalsa, heç kim
müxalifətdən qaz istəməyəcək, hamı
dövlətin yaxasından yapışacaq!
Uzaqgörən
və müdrik siyasət tamam başqa şeydir!
Biz jurnalistlər deyilməyənləri də
anlamalı, başqalarının görmədiklərini də
görməyi bacarmalıyıq.
Ən əsası,
sınaqlı günlərdə düzgün mövqe
tutmağı, milli maraqları qoruyanların və bizim istəklərimizi
gerçəkləşdirənlərin yanında
olmağımızın vətənpərvərlik əməli
sayıldığını bilməliyik!
Kənardakıların
heç biri bizi özümüz qədər istəməz! Bu, bir həqiqətdir.
Onların
istədikləri öz maraqlarını təmin etməkdir!
Onların
marağı isə
bizimki deyil!
Görəsən
bəzən niyə
ən sadə həqiqətlərin dərki kimlər
üçünsə çətin və iddialı olur?
Axı,
biz hamımız azərbaycanlıyıq!
Azərbaycanın
maraqları isə hamımızdan yüksəkdə dayanmalıdır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 14 yanvar.- S.2.