Dünya Bankı ilə yeni
saziş imzalandı
Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində "Əlavə Maliyyələşdirmə" sazişi imzalanıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə meneceri Larisa Leşenko imzalamışlar.
2014-2016-cı illəri əhatə edən "Əlavə Maliyyələşdirmə"yə dair saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədi ilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və ötürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"na əsasən həyata keçirilir. Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarəçiliyi sisteminin təkmilləşdirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların toplanması xidmətinin əhatə dairəsinin genişləndirilməsi, effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının vahid idarəçiliyi sisteminin təmin olunmasıdır.
2009-cu
ildən etibarən həyata keçirilən layihə çərçivəsində
Bakı şəhərində 40 iri qanunsuz tullantı sahəsi
təmizlənib. Təqribən 500 min ton tullantı
Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi
poliqonuna daşınıb, Bakının
6 rayonu (Sabunçu,
Suraxanı, Qaradağ, Pirallahı, Xəzər
və Binəqədi) üçün
müxtəlif həcmli 3239 tullantı konteyneri
və 29 tullantı maşını alınıb.
Balaxanı poliqonu müvafiq
texnika və avadanlıqla təchiz edilib, Qaradağ və
Suraxanı poliqonlarının reabilitasiyası üzrə
işlərə başlanıb. Həmçinin
paytaxtda bərk məişət
tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və
toplama sisteminin təkmilləşdirilməsi
planı hazırlanıb, ölkədə bərk məişət
tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılıb.
Azərbaycan.-2014.- 14 yanvar.- S.3.