Belçikanın nüfuzlu «Le temps de vivre» jurnalında «Azərbaycan-Avropa

 və Şərq arasında körpü» sərlövhəli məqalə dərc edilmişdir

 

Belçikanın nüfuzlu "Le temps de vivre" ("Yaşamaq anı") jurnalında redaktor Mireille de Maerschalkın "Azərbaycan-Avropa və Şərq arasında körpü" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə Azərbaycanın sürətli inkişafından, zəngin mədəni irsindən bəhs edilir.

Azərbaycanın Belçikada az tanınmasından təəssüf hissi keçirdiyini yazan müəllif Bakının görünüşünün ölkənin güclü iqtisadi inkişafından xəbər verdiyini vurğulayır. O, "İçərişəhər" abidələr kompleksinin 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınan ilk Azərbaycan abidəsi olduğunu diqqətə çatdırır. Müəllif Bakıda "Eurovision-2012"  mahnı müsabiqəsinin keçirilməsindən, dünyada analoqu olmayan "Baku Cryastal Hall" konsert zalının, Dövlət Bayrağı Meydanının, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir.

Bildirilir ki, İçərişəhər tarixi abidələrlə zəngindir və ölkənin qədimliyini özündə əks etdirir. Jurnalist, həmçinin İçərişəhərin quruluşundan, qədim və yaraşıqlı binalarından, küçələrindən, XII əsrə məxsus Qız qalasının Azərbaycanın əsas rəmzlərindən biri olmasından ətraflı söhbət açır.

Bakıda Avropa standartlarına uyğun müasir tipli otellərin tikildiyini yazan müəllif şəhərin sürətlə inkişaf etdiyini vurğulayır. O, XX  əsrin başlanğıcında Azərbaycanın dünyada neft məhsulunun istehsalında əsas mərkəzlərdən biri olduğunu qeyd edir.

Şirvanşahlar sarayından söhbət açan müəllif bu tarixi abidəni Azərbaycan memarlığının şedevri kimi dəyərləndirir, sarayın XVIII əsrdə rus donanmasının bombardmanı nəticəsində dağıldığını və sonralar təmir edildiyini bildirir.

"Bibi-Heybət məscidi" yarımsərlövhəli yazıda məscidin imam Əlinin şərəfinə inşa edilməsindən, Sovet Hakimiyyəti dövründə bir çox məscidlər kimi, Bibi-Heybət məscidinin dağıdılmasından, Azərbaycan müstəqillik qazandıqdan sonra tamamilə bərpa edilməsindən, ümummilli lider Heydər Əliyevin iştirakı ilə məscidin əsaslı təmirdən sonra 1997-ci ildə açılışından bəhs edilir.

"Qobustan" yarımsərlövhəsində isə məşhur Qobustan qayalarının Qafqaz sıra dağlarının cənub-şərqində, Bakıdan 70 kilometrlik məsafədə yerləşməsindən, 1930-cu ildə alimlərimiz tərəfindən kəşf edilməsindən, qayalar üzərindəki rəsmlərin 5 mindən 20 min ilədək yaşı olmasından, tarixilik baxımından dünyanın mühüm abidəsi kimi dəyərləndirilməsindən, abidənin keçmiş dövrü öyrənmək baxımından müstəsna əhəmiyyət daşımasından, məşhur norveçli antropoloq Tur Heyerdalın Qobustana dəfələrlə səfər etməsindən bəhs olunur.

Məqalədə son illər Azərbaycanın sürətli iqtisadi inkişafının Avropa ölkələri ilə hərtərəfli əməkdaşlığında əsas rol oynadığı, ölkəmizin mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi diqqətə çatdırılır.

Məqalədə, həmçinin 2 milyondan artıq əhalisi olan Bakının son illər sürətlə inkişaf etdiyi, şəhərdə klassik qədimliyin müasir arxitektura tikintisi ilə harmonik vəhdət təşkil etdiyi qeyd olunur.

Jurnalist belçikalı oxuculara 1918-ci ildə müsəlman dünyasında ilk dəfə Azərbaycanda demokratik, dünyəvi dövlətin yarandığı, qadınlara səsvermə hüququnun verildiyi, 1920-ci ildə ölkəmizin bolşeviklər tərəfindən işğal edildiyi, 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi və 2003-cü ildə İlham Əliyevin Prezident seçildiyi, ölkəmizin sərhədləri, əhalisinin sayı, pul vahidi, dövlət dili barədə məlumat verir.

Neftqaz kimi mühüm yeraltı təbii  sərvətlərlə zəngin olan Azərbaycanın bütün sahələrdə Avropa ölkələri ilə əməkdaşlıq etməsi, iqtisadiyyatın sürətli inkişafının ölkəmizin xarici bazarlara daxil olmasında mühüm rol oynaması, həmçinin qeyri-neft sektorunun inkişaf etdiyi diqqətə çatdırılır.

Ümumilikdə, məqalə belçikalıların Azərbaycan haqqında geniş məlumat əldə etmələri baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2014.- 14 yanvar.- S.3.