Qeyrət və hünər zirvəsi
Tarixin qan
yaddaşı: 20 yanvar faciəsindən 24 il keçir
O vaxt min arzu və niyyətlə gözlənilən il at üstündə gəlirdi. İkinci Dünya müharibəsinin ağrı-acısını yaşamış insanlar ilin qara at üstündə tamamlanmasından üşənərək "Allah xeyir eləsin" söyləmişdilər. Sınaqdan çıxmışdı ki, at müharibəyə, qırğına işarətdir. Əlbəttə, fikirlərin, sınama və müşahidələrin üst-üstə düşməsi bəzən təsadüfən olur. Amma həqiqətən 1990-cı ilin 20 Yanvarı qara gəldi. O dəhşətli günlər bütövlükdə millətimiz üçün əsl imtahan oldu.
Ötən əsrin sonlarından millətimizin başına gələn fəlakətlər, üzləşdiyimiz ağrı-acılar, şəhidlik, qaçqınlıq, köçkünlük, Qarabağ dərdi, yurd həsrəti, demək olar ki, ədəbiyyatımıza da öz təsirini göstərdi. Yazıçı və şairlərimiz bir-birinin səsini, harayını tamamlayan, eyni ağrını, eyni dərdi özlərinə məxsus sözlə poeziyamızda, nəsrimizdə naxışladılar. 1990-cı il 20 Yanvarın şənbə gecəsində Bakıda törədilən vəhşət və dəhşətdən 24 il keçsə də, ölümə ölməzlik yazan şəhidlərimiz unudulmayıb. Əslində, o gecə haqsızlığın üstündən haqqa körpü salanlar mənəviyyat dünyasında tarixləşdirdiyi Şəhidlik zirvəsini daha da əbədiləşdirdilər. O gecə ucalan ana fəryadları dünyanın məhvərinə çevrildi. Haqq bayrağını qaldıranlar düşmənin qara bağrını öz şücaəti və hünərləri ilə dəldilər. Xalq şairi Məmməd Araz bu hünərin şəninə deyirdi: "Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə gömülməzlər".
20 Yanvar faciəsi
ürəkləri tar-mar etdi. Hər tərəfi bürümüş
qırmızı qərənfillərin
harayı o dövrdə
Məmməd Aslanın
misraları ilə anaların ağısına
qarışdı:
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla,
qərənfil, ağla!
Bütün bu göz yaşlarının, sarsıntının
içindəsə Məmməd
Arazın şeirindəki
poetik toxtaqlıq qolumuzdan tutaraq bizi vüqara, qürura, ağlamamağa
səsləyirdi:
Bu torpağın son qurbanı
mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən
ötən güllələrə
dən olsam,
Ata millət, oğul deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
Göz yaşını
silən olsa, ağlamaq əzab deyil, söyləyiblər. Əliyalın, silahsız ölümün
üstünə gedən
oğulların ağlagəlməz
şəkildə qətlə
yetirilməsi ürəkləri
necə sızlada, yandıra bilməzdi?!
Bu səbəbdən də
xalq şairi Qabilin qələmə aldığı "Mərsiyə"sində
qəlbinin ağrıları
duyulurdu: "Gecəni
atəş ilə qırmızı qan eylədilər, xalqımı-millətimi
gülləbaran eylədilər".
Şairlər son dərəcə kövrək
və həssas olurlar. Bakının fəryad edən
küçələrinə, nalə çəkən gəmilərə, ərşə
çıxan ahlara biganə qalmaq mümkün deyildi. Yazıçı Vidadi Babanlı duyduğu bu ağrıları içindən keçirərək
həyəcanını şeirlə
ifadə etdi:
Tarix danışacaq hünərimizdən,
Alqış söyləyəcək nəsillər
bizə.
Əssə də qara yel üzərimizdən,
Zəfər nur saçacaq şəhərimizə.
Xalq şairi Nəriman Həsənzadə qələm
dostlarının fikirlərinə
şərik çıxaraq
"Qafqaz" adlı
poetik düşüncələrində
inamla söyləyirdi:
Qanlı
Yanvar qaniçəndən
yadigardı,
ona - ləkə, bizə - Vətən yadigarı.
O şanlı gün, o kin-qisas unudulmaz,
Azərbaycan.
Gör nə deyib qoca
Qafqaz, Azərbaycan:
qar nə qədər çox yağsa da, yaza qalmaz,
Azərbaycan.
Həqiqətən də şəhidlərin
hünəri bir şərafət, ömrü
isə vətənin yeni adıdır. Bu səbəbdən
də şair İlyas Tapdıq təsəlli tapırdı:
"Torpağa qoyular şəhid kürəyi,
şəkli könüllərin
aynasındadır". Elə
bu möcüzəyə
və qismətə görədir ki:
Şəhidi qocaltmaz illərin
yaşı,
Şəhid yatan torpaq oyaqdır, yatmaz!
Şəhidi ağlasın bahar
yağışı,
Ona - anaların
göz yaşı çatmaz.
O gün təkcə igidlərimizi, bir sözlə, insanlarımızı
qətlə yetirmədilər.
O gün həm də toyların, şən məclislərin
bəzəyi, sevgililərin
əzizi olan qərənfili də şəhid etdilər. Düz 24 ildir ki, bu günahsız
təbiət gözəlləri
yeni bir adla yaşayır - şəhid gül! Yazıçı Əlibala
Hacızadə o ağır
günlərdə şəhidin
dili ilə qələmə aldığı
şeirlərin birində
deyirdi:
Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.
O gün ən dözülməz, ən ağır hal anaların ovqatı idi. Xalq yazıçısı Əzizə Cəfərzadə
bütövlükdə bu
dərdlərin əlində
yumağa dönmüş
Azərbaycan anasının
ağlar simasına çevrilmişdi. İndi
də gözlərimizdən
çəkilmir ki, şəhidlərin dəfnində
ağ saçlarını
əlləri ilə xışmalayaraq bədahətən
dilinə gələn
bayatılarla necə şivən qoparırdı:
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən.
Dərdi ilə ölən, dərdi ilə ucalan, dərdi ilə bir qürur
heykəlinə çevrilən
anaların çəkdikləri
dağı, daşı
əridərdi. Xalq şairi Fikrət Qocanın "Şəhid
anaları" adlı
şeiri o günlərin
həqiqətindən doğulurdu:
Dərd
daş atar, ayna sınar,
Sınar evin sonası da.
Dönər şəhid anasına,
Dünyaya gələr analar.
Haqq dünyasına qovuşmuş
Nüsrət Kəsəmənlinin
də 20 Yanvarla bağlı xeyli şeiri var. Şair azadlıq yolunda sinəsini ölümə
pərçim edənlər
barədə yazırdı:
Bakı
qanlı paltarını
geyirdi...
Qanlı
köynəyinə bürünənlər
Şəhidlik zirvəsinə gedirdi.
Nahid Hacızadənin
o illərdə yazdığı
şeirləri dillərdə
əzbərə çevrildi. Bəstəkarlar ona musiqi libası
geyindirdilər. Müğənnilər şövqlə oxudular.
Bir daha bəyan olundu ki, min bir işğalçı
gələ, yeri-göyü
od bürüyə,
mərd xalqı heç zaman əymək olmaz. Ürəyimiz göynədi, gözümüzdən
yaş axdı, amma bütün sınaqlardan qalib çıxmağı bacardıq.
Elə buna görə də Nahid Hacızadənin şeirlərindəki haray
müvazinətimizi itirməməyə,
mübarizəyə səsləyirdi:
Qalx, qalx, ulu torpaq,
Qalx, qalx, ulu bayraq.
Qalx, qalx, sən ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Şairin qənaəti də çox düşündürücüdür. Ağlama mərdlərin,
mərd ol, namərdlərin var. Hidayətin
"Qələmini qanına
batıran şair"
adlı şeiri də o günlərin ovqatından yarandı.
Bu könül nəğməsi də 20
Yanvarda şəhid olmuş Ülvi Bünyadzadəyə həsr
edilib.
Şair Çingiz Əlioğlunun
"And" şeiri də
yaylıqları bayraq,
bayraqları torpaq olan Vətənin ağır məqamlarına
ünvanlanıb. Bu bədii məramdakı məqsəd
də aydındır:
"Qan içən deyilik, düşmən qanını su yerinə şərbət
sanıb içərik".
Bütün varlığı ilə
Vətənin ağısına
çevrilən, onun dərd-sərlərini şeirlərində
ustalıqla dilə gətirən Şahmar Əkbərzadənin harayı
damarlarda qanı dondururdu:
Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur.
Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını dəyişmirlər. Onlar bu yurdun ömrünə öz ömürlərini calayırlar.
Şəhid ömrünün qarşısında əbədiyyət
kəlməsi belə
sönük görünür.
Şair Musa Ələkbərli
"Ağlama şəhidlərə"
şeirində bu hissləri çox dürüst dilə gətirir:
Torpağını əyninə
Geyinənlər basılmaz.
Öz şəhid ömrü ilə
Öyünənlər basılmaz.
Əslində, oğlu ölən ağlayar, öldürülən
ağlamaz. Şəhid qisası isə
heç vaxt qiyamətə saxlanmaz.
Bu qürurlu gündə
başımızı dik
tutmağı, qəmdən
sıyrılıb çıxmağı
bacardıq. Zülüm-zülüm ağlasaq da, şəhidlərimizin şərafətli
ölümünün önündə
sağ qalmağımızın
xəcalətini çəksək
də, millət öz qəhrəmanlığı,
hünəri ilə öyündü. Əbülfət Mədətoğlunun dediyi
kimi, əslində, o günlərdə dərd
özü ağlayırdı.
Xalq şairi
Bəxtiyar Vahabzadə
şəhidlərlə bağlı
çox sayda şeir və poema yazıb. 20 Yanvarla
bağlı poemalarının
birində xalq şairi belə bir qənaətini dilə gətirib:
Şəhidlərin hamısı bənzəyir
bir-birinə.
Bir bax qəbirlərinə!
Hamısı qıpqırmızı qərənfilə bələnmiş,
Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.
Səbəb birdir, əməl bir, hədəf birdir, hədə bir.
Xalq şairi
Xəlil Rza Ulutürk "Qanım bayrağımdadır" adlı
şeirini 20 Yanvar şəhidlərinin xatirəsinə
həsr edib. Özü
də şəhid atası olan şairin düşüncələrində
bu müqəddəs xiyaban belə görünür:
Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.
Şəhidlik həqiqətən də qeyrət və hünər zirvəsidir. Hər kəsin
də taleyinə bu müqəddəsliyə
qovuşmaq yazılmır.
Bəlkə də ona görə Şəhidlər
xiyabanı nəsillərin
əbədi ziyarətgahına
çevrilir. Həmişə onlarla fəxr edirik. Hər kəs bir ömrün sahibidir.
Nə qədər yaşamağından
asılı olmayaraq, bir gün son gəlir. Şəhidlər isə adilikdən
çox uzaqdırlar.
Onlar ölməzliyə qovuşublar.
Nura qənşər bir yolun əbədi yolçularıdır. Şair
Balayar Sadiq bu müqəddəsliyi, ömrün bu əbədiliyini belə dilə gətirib:
Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir bu məğrur səsi.
Şəhidlər - Vətənin qələbə
rəmzi,
Şəhid oğulları Vətən
yaşadır!
...Yeni ilimiz
yenə də at üstündə gəlib.
Bu dəfə atın rəngi göydür. Bizim rəngimizdir.
Qələbə rəngidir...
Azərbaycan.-2014.- 14 yanvar.- S.5.