Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai
fəaliyyətini əks etdirən
biobiblioqrafik göstərici nəşr olunub
Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından görkəmli oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricini nəşr etmişdir.
Kitabxanadan bildirmişlər ki, nəşrin tərtibçi müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və akademiyanın Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biobiblioqrafiyaya alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və başqaları daxil edilmişdir. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilmişdir: "Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri"; "Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında"; "Əsərlərinin biblioqrafiyası"; "Dissertasiyalara elmi rəhbərlik"; "Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat"; "Veblioqrafiya".
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin "Böyük insan, unudulmaz alim" başlıqlı məqaləsində, akademik Əhliman Əmiraslanovun "Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk"ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biobiblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilmişdir. Biobiblioqrafik-göstərici akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.
AzərTAc
Azərbaycan.-2014.- 14 yanvar.- S.6.