Yaponiyanın «TV Tokyo Corporation» televiziya kanalı ilə

 Azərbaycan haqqında veriliş nümayiş olunmuşdur

 

Yaponiyanın tanınmış "TV Tokyo Corporation" televiziya kanalı ilə Azərbaycan haqqında veriliş nümayiş olunmuşdur.

Şirkətin çəkiliş qrupu Azərbaycana həsr olunmuş xüsusi verilişin hazırlanması məqsədi ilə ötən ilin oktyabr ayında ölkəmizdə olmuşdur. Həmin səfər zamanı çəkilmiş və bu günlərdə "TV Tokyo 7 Digital" telekanalında nümayiş olunmuş veriliş yapon tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Verilişdə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə olan əbədi sevgisi, onun müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi öz adını xalqımızın qəlbinə və tarixinə yazdıran böyük lider olduğu qeyd edilir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevə xalq tərəfindən olan dəstək, ölkəmizin əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda dövlət başçısının yorulmaz və davamlı fəaliyyəti barədə məlumat da öz əksini tapmışdır.

Verilişdə qeyd edilir ki, Azərbaycan ərazicə Yaponiyanın Hokkaydo adasından bir qədər böyükdür və zəngin təbii ehtiyatlara malikdir. Paytaxt Bakı həm keçmişin, həm də müasir dövrün memarlıq üslubunda tikilmiş binaları ilə diqqəti cəlb edir.

Bakının müasir tikililərindən danışan müəlliflər möhtəşəm "Alov qüllələri" kompleksini tamaşaçılara təqdim edərək onun Azərbaycanın rəmzinə çevrilmiş od şəklində inşa edildiyini bildirirlər.

Azərbaycanın turizm üçün çox gözəl ölkə olduğunu qeyd edən müəlliflər Bakının gecə mənzərələri, Dövlət Bayrağı meydanı, Televiziya qülləsi, paytaxtın gecə illüminasiyaları və digər müasir tikililər barədə də tamaşaçılara ətraflı məlumat verirlər.

Verilişdə ölkəmizdə mövcud olan təbiət möcüzələri, o cümlədən nadir təbiət hadisəsi sayılan palçıq vulkanları haqqında ətraflı məlumat yer alır. Çəkiliş qrupu, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, son illər əldə edilmiş uğurları haqqında da yaponiyalı tamaşaçıları geniş məlumatlandırır.

Azərbaycanın qədim neft hasilatı ənənələrinə malik olduğu, karbohidrogen ehtiyatlarından səmərəli istifadə nəticəsində son illər respublikanın sürətlə inkişaf etdiyi vurğulanır. Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolu xüsusi qeyd edilir.

Verilişdə Azərbaycanın nadir təbiət hadisələri ilə zəngin olduğu qeyd edilir, dörd min il yaşı olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu təbiət abidəsi haqqında danışılır.

Neftdən yalnız yanacaq kimi deyil, eyni zamanda müalicəvi məqsədlərlə istifadə edildiyini bildirən çəkiliş qrupu "Naftalan" Sağlamlıq Mərkəzi, burada göstərilən tibbi xidmət, neft prosedurunun insan orqanizminə xoş təsiri barədə ətraflı məlumat verir.

Verilişdə Azərbaycan mətbəxinin zənginliyi və tamı xüsusi olaraq qeyd edilir. Azərbaycanlı ailəsində qonaq olan çəkiliş qrupu xalqımızın qonaqpərvərliyini və mehribanlığını xüsusi vurğulayır.

Ölkəmizdə Yaponiyaya böyük marağın olduğu, Azərbaycan Dillər Universitetində tələbələrin yapon dilini səylə öyrəndiyi, burada Yapon Mərkəzinin fəaliyyət göstərdiyi bildirilir.

Azərbaycanın nəhəng layihələrə imza atdığı, hakimiyyətdə olduğu on il ərzində xalq arasında geniş populyarlıq qazanmış Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara, "Ağ şəhər" və "Xəzər adaları" kimi modern layihələrə xüsusi diqqət yetirilir.

 

 

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

Azərbaycan.-2014.- 14 yanvar.- S.6.