Naxçıvan şəhərində yeni uşaq
bağçası istifadəyə verilmişdir
Uşaqlara qayğı və diqqət gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında uşaqların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.
Naxçıvan şəhərində yeni inşa olunan uşaq bağçası da bu sahədə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir.
Yanvarın 14-də Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan şəhərini də əhatə etmişdir. Ötən il Naxçıvan şəhərində 1 məktəbəqədər tərbiyə müəssisəsi, 2 məktəb binası, 2 musiqi məktəbi, mədəniyyət və səhiyyə müəssisələri, yaşayış kompleksi, park və xiyabanlar, eləcə də yeni inzibati binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Aparılan quruculuq işləri zamanı məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi, uşaq bağçaları üçün yeni binaların tikilib istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılmışdır. Bu gün istifadəyə verilən 5 nömrəli uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir.
Müəllim-tərbiyəçi Sevinc Yusifova uşaq bağçasının istifadəyə verilməsinə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Bu gün ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Ölkəmizdə qara qızılı insan kapitalına çevirəcəyik", - deyən dövlət başçısı təhsilin inkişafına, uşaqların və gənclərin sağlam milli ruhda böyüməsinə xüsusi diqqət yetirir. Son illər ölkəmizdə müasir məktəb binalarının və uşaq bağçalarının istifadəyə verilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, müəllimlərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması gələcəyimiz olan uşaqların hərtərəfli hazırlanmasına səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır" müdrik fikrini xatırladan Ali Məclisin Sədri demişdir: Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu gün istifadəyə verilən uşaq bağçası sakinlərin rahatlığının təmin olunmasına, uşaqların sağlam böyüməsinə və tərbiyələrinin düzgün təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uşaqlar qayğı ilə əhatə olunmuşlar. Bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da 10-u Naxçıvan şəhərində yerləşir. Hazırda Naxçıvan şəhərindəki uşaq bağçalarında 2100-ə yaxın uşaq tərbiyə alır. Muxtar respublikanın paytaxtında bağçayaşlı uşaqların sayının 10 mindən yuxarı olması nəzərə alınaraq bundan sonra da uşaq bağçalarının tikintisi və yenidən qurulması davam etdiriləcəkdir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, binanın açılışını etmişdir.
Bildirilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan uşaq bağçası 242 yerlikdir. Binada müxtəlif yaş qruplarından olan uşaqlar üçün yataq və soyunub-geyinmə otaqları, oyun zalları, tədbirlər zalı, valideynlər otağı, yeməkxana, bufet, metodist və həkim otaqları, dərzi, anbar və camaşırxana vardır.
Bağçada uşaqların dünya görüşünün hərtərəfli formalaşdırılması, onların məktəbə hazırlıq səviyyələrinin artırılması və mənalı istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada 11 qrupda 242 uşağın təlim-tərbiyəsi ilə 17 tərbiyəçi-müəllim məşğul olur.
Valideynlər muxtar respublikada uşaqların hərtərəfli inkişafına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri uşaqların intellektual inkişafına xidmət edəcək təlim metodlarından istifadəyə üstünlük verilməsi, onların qidalanmasına və sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Binanın
həyətində də abadlıq işləri
görülmüş, əyləncə qurğuları
quraşdırılmış, istirahət guşəsi
yaradılmışdır.
Azərbaycan.-2014.-15 yanvar.-S.3.