Kənd təsərrüfatı sahəsində
əməkdaşlığın
perspektivləri
müzakirə edilmişdir
Yanvarın 14-də kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunmuşdur.
Nazir Heydər Əsədov Almaniyanın Azərbaycanın aqrar sahədəki təşəbbüslərini dəstəkləyən bir ölkə olduğunu və bu sahədə əlaqələrin genişlənməsinə önəm verildiyini vurğulamışdır. Almaniyaya səfəri ərəfəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılmasını vacib saydığını deyən Heydər Əsədov Azərbaycanın bu ölkədən müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 2014-cü ildə 100 ədəd "Klaas" kombaynlarının alınmasına üstünlük verdiyini qeyd etmişdir.
Heydər Əsədov texniki avadanlıqlar, xüsusən baytarlıq və bitki mühafizə vasitələri istehsal edən birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsini, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Nazir Almaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək "Qida və kənd təsərrüfatı sərgisi"ndə iştiraka dəvət etmiş və Azərbaycanın aqrar sektorunda investisiya üçün əlverişli mühitin yarandığını bildirmişdir.
Xanım Haydrun Tempel iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyini bildirərək hər il Berlində keçirilən "Yaşıl həftə" sərgisində və digər tədbirlərdə Azərbaycanın çox fəal iştirak etdiyini vurğulamışdır. Səfir qida təhlükəsizliyinin təminatı, elm və tədqiqat sahəsində, xüsusilə gen mühəndisliyi, ərzağın keyfiyyətinin artırılması, kənd təsərrüfatının kadr və texniki təminatı sahələrində əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini söyləmişdir.
Xanım
Haydrun Tempel fəaliyyəti dövründə iki ölkə
arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün səylərini əsirgəməyəcəyini
diqqətə çatdırmış, nazir Heydər Əsədovun
Almaniyaya səfərinin səmərəli və uğurlu
olacağına əminliyini ifadə etmişdir.
Azərbaycan.-2014.- 15 yanvar.- S.3.