Qanlı şənbə gecəsi rənglərin dilində

 

Tarixin qan yaddaşı

20 yanvar faciəsindən 20 keçir

 

Hər bir tarixi hadisə ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşına yazılmaqla yanaşı,  həm də  bədii sənət əsərlərinin mövzusuna çevrilir. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi  yaradıcı övladları həmin hadisəni  bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

20 Yanvar 1990-cı il tarixiyaddaşlara məhz qanla yazıldı. Azadlığın  zorla, qan bahasına alındığını da bura əlavə etsək,  deyə bilərik ki, 20 Yanvar xalqımızın  yaşadığı müsibətlər və  facilərdən biri olsa da, əslində, qüruriftixar mənbəyi, milli oyanış, birlik, həmrəylik günüdür!

Ulu öndər Heydər Əliyev demişdir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altında əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə sovet ittifaqının ordusu qarşısında dayanmağa qadirdirlər".

20 Yanvardan ötən  zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, gəncliyin yenilməzliyini, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən susdurula bilmədiyini görürsən. Təbii ki, hər bir xalq azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq" yazan şəhidlərimiz imperiyanın  vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsan, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın  mübarizliyini, əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də bundan irəli gəlir.

Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində  keçirilən "Qanlı Yanvar" rəssamlıq sərgisindəki  çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təsdiq edən obrazlar yaradılmağa başlandı. Təkcə poeziyada, nəsr və ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı  janrlarında  20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, qanlı və obrazlı təsvir edildi.

Təsviri sənətin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayev rənglərin harmoniyasından yaratdığı "Nakamların dəfni" əsəri ilə bir daha 20 Yanvar faciəsinin unudulmayacağını göstərdi. Hər il bir qayda olaraq istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında 20 Yanvarla bağlı bədii sənət əsərlərinin sərgisi keçirilir  demək olar ki, bu, silsilə xarakteri daşıyır. Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq bildirdi: "Xalq yaxşı günləri  yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biribu əsərlərdir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq bir o qədər mümkünləşər və asanlaşar".

20 Yanvar təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı  təcavüzdür. 19 yanvar - şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. İmperiya cəlladlarının vəhşi simaları xalqımızın məğrurluğu altında əriyib yoxa çıxdı. Oğul və qızlarımız tankların, ağır texnikanın altında can versələr də qəhrəmanlıq obrazı yaratdılar. Bu qanlı hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini dünyaya nümayiş etdirdi. Tariximizin 20 Yanvar səhifəsi incəsənət əsərlərində əksini tapdıqca yaddaşlarda daha dərin izlər buraxdı, heykəlləşdi. Qürur mənbəyimiz, fəxr yerimiz olan Şəhidlər xiyabanı Vətənə, torpağa, anaya, könül sevdasına məhəbbətin ünvanına çevrildi.

Görkəmli fırça ustalarından Rasim Babayevin "Təcavüz", Kirman Abdinin  plakat janrında işlədiyi və xüsusilə seçilən bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Haqq tərəzisi", "Qafar Seyfullayevin "Öncə Vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarda qanlı şənbə gecəsinin ağrı-acılı  yaşantıları yaddaqalan öz bədii ifadəsini tapıb desək, daha doğru olardı.

Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort", Fəxrəddin Əliyevin "Qara Yanvar" və Arif Ələsgərovun "20 Yanvar" əsərləri də xalqımızın  imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı daim ayıq-sayıq olmağa səsləyirlər. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi  mövzularından biridir: "Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları mərhum Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki bütün rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər".

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, o zamanlar faciəyə ilk münasibət bildirib. O, bu mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. "Şəhidlər" adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə  çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki,  rəssamlığa  həvəsi olan uşaqlar da adıçəkilən mövzuya daha çox maraq göstərirlər.

Respublikanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş sənət əsərləri, o cümlədən heykəltəraşlıq nümunələri olan xatirə kompleksləri ucaldılıb. Paytaxt Bakının Yasamal rayonu ərazisindəki  "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılan memorial abidə (memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir DadaşovAzad Əliyevdir) kompleksləri və  s. buna parlaq misal ola bilər. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı şəhid olmuş 147 mücahidin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin qanlı Yanvarla bağlı  söylədiyi "1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərindən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" fikri qızıl hərflərlə həkk edilib.

20 Yanvar faciəsi, təbii ki, yalnız tanınmış xalq sənətkarlarının əsərlərində deyil, onların yetirmələrinin yaradıcılıq nümunələrində də öz  əksini tapır. Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbinin  ibtidai sinif şagirdlərindən Lalə Babayevanın "20 Yanvar", Fatimə Əbilovanın "Dünya göz yumur", Sevinc Məmmədovanın  "Ana fəryadı", Elvin Şahməmmədovun "Sovet ordusunun Bakıya basqını", Ülkər Əmirovanın "Erməni qəddarlığı",  Ülkər Əliyevanın  "Erməni vəhşiliyi" adı ilə təqdim olunan rəsm əsərləri bir daha bu mövzunun onlar üçün müqəddəs olduğunu təsdiqləyir.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ  olunur.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2013.-15 yanvar.-4.