Dövlətçiliyimizin və
demokratiyamızın ilk müəllimi
Vətən və millət mənfəəti
firqə mənfəətindən üstün
durur...
Fətəli xan Xoyski
Milli istiqlal mücadiləsi tarixində özünəməxsus yer qazanmış görkəmli ictimai və siyasi xadim, Şərqdə ilk demokratik respublikanın yaradıcılarından biri, Azərbaycan Cümhuriyyətinin ilk heyəti-vükəla rəisi (Nazirlər Şurasının sədri) Fətəli xan Xoyski çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin bir ömür, bir tale yaşamışdır.
O, ictimai mənşə etibarilə sərkərdə - Rusiya ordusunun general-leytenantı İsgəndər xan Xoyskinin ailəsində dünyaya göz açmışdı. Əsilli-nəcabətli ailəyə mənsub idi. Fətəli xanın babası İsmayıl xan Xoyski və ulu babası Cəfərqulu xan Dünbülü Batmanqılınc keçən əsrin əvvəllərində qədim və zəngin mədəniyyət ənənələri ilə seçilən Şəki xanlığına rəhbərlik etmişlər.
İbtidai təhsilini Şəki şəhərində alan F.Xoyski ailəsinin Gəncə şəhərinə köçməsi ilə əlaqədar buradakı klassik gimnaziyaya daxil olur. Gəncənin qaynar və ictimai-siyasi hadisələri ilə zəngin mühiti gənc Fətəli xanın həyat yolunu müəyyənləşdirməkdə ona kömək edir. Xoyski zərərdidələrə, kimsəsizlərə həyan olmaq, himayədarlıq etmək, haqqı tapdalananların müdafiəsində dayanmaq məqsədi ilə hüquqşünas olmaq istəyir. Elə bu niyyətlə də o, Rusiyanın paytaxtına yola düşür, Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. Tələbəlik illərində universitetin gənclər hərəkatına qoşulan Fətəli xan Rusiyada nəinki fərdlər, həm də xalqlar arasında yürüdülən ayrı-seçkilik siyasətinin şahidi olur. O, 1901-ci ildə Moskva Universitetini yalnız hüquqşünas kimi deyil, həm də gənc və dünyagörüşlü bir siyasətçi kimi başa vurur. İlk iş yeri Gəncə olsa da, xidmət yolu Gürcüstanın Suxum, Batum, Kutaisi, Rusiyanın Yekaterinodar şəhərlərindən keçir. Dairə məhkəmələrində andçı-müvəkkil, prokuror müavini vəzifələrində çalışmaqla yanaşı, siyasi fəaliyyətini də davam etdirir. 1905-ci ilin avqustunda Nijni-Novqorod şəhərində Rusiya müsəlmanlarının I qurultayında yaradılan "İttifaqi-müslimin" təşkilatının işində Azərbaycan ziyalıları kimi, o da fəal iştirak edir. Ə.Topçubaşov "İttifaqi-müslimin" Mərkəzi Komitəsinin büro üzvü, Fətəli xan Xoyski isə hüquq və iqtisadiyyat komissiyalarının tərkibində fəaliyyət göstərirdi. Onun konkret şəxslərə və hadisələrə münasibətdə hümanizmi, xeyirxahlığı, eyni zamanda, prinsipiallığı, inadcıllığı, qətiyyəti xalqın diqqətindən yayınmır. Məhz bu keyfiyyətlərinə görə Fətəli xan Xoyski 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından Rusiyanın İkinci Dumasına deputat seçilir. Bu zaman Azərbaycandan F.Xoyski ilə yanaşı Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov da millət vəkili missiyasını daşıyırdılar.
Rusiyanın İkinci Dövlət Duması 20 fevral 1907-ci ildə Sankt-Peterburqun məşhur Tavriya sarayında açıldı. Azərbaycanlı deputatlar parlamentin müsəlman fraksiyasına, F.Xoyski və X.Xasməmmədov həmin fraksiyanın bürosuna daxil oldu. Fətəli xan Xoyski eyni zamanda müxalifətdə dayanan Kadet Partiyasına meyilli idi. Dumanın iclaslarında müsəlman fraksiyasının adından F.Xoyski siyasi və iqtisadi tələblərlə fəal çıxış edirdi. Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin tədqiqatlarına əsasən, o, imperiyanın ucqarlarında yaşayan azsaylı xalqlara milli-mədəni muxtariyyət verilməsi, torpaqların kəndlilərə paylanması, müsəlmanların azad və hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət, 8 saatlıq iş gününə keçilməsi, cümə gününün müsəlman fəhlələr üçün istirahət günü elan edilməsi və s. vacib məsələlərə toxunurdu. Diqqət mərkəzində olan mövzular içərisində aqrar məsələ və onun həlli yolları o zaman Rusiyanın ictimai-siyasi fikrində, şübhəsiz ki, xüsusi əhəmiyyət kəsb edirdi. Torpaq məsələsinin həllini dövlətin əhalini bir yerdən başqa yerə köçürmək siyasətində və kəndli torpaq bankları əməliyyatında axtarması niyyətlərini tənqid edən Fətəli xan göstərirdi ki, yerli xalqların hüquqlarının pozulmasına və torpaqların "imkanlı" adamların əllərinə keçməsinə yol vermək olmaz. Çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətli həllini tapana qədər dayandırılmalıdır. O, müsəlman fraksiyası adından bəyan edirdi ki, torpaqlar kəndlilərə ümumdövlət fondu hesabına deyil, demokratik əsaslarla özünüidarəetmə üsuluna keçmiş vilayətlərin torpaq fondu hesabına ədalətli şərtlərlə paylanmalıdır. F.Xoyskinin və millətpərvərlərin bu mövqeyi Rusiyanın ictimai-siyasi dairələrində ciddi mübahisələrə səbəb olmuşdu. Aqrar məsələdə bolşeviklərin mövqeyini əks etdirən "1905-1907-ci illər I Rusiya inqilabı dövründə sosial-demokratların aqrar proqramı" əsərində V.İ.Lenin F.Xoyskinin və onun məsləkdaşlarının mövqeyi ilə açıq polemikaya girmişdi.
Professor Dilarə Seyidzadənin qənaətlərinə görə, F.Xoyski deputat səlahiyyətlərindən istifadə edərək həmkarları X.Xasməmmədov və M.Mahmudovla bərabər Rusiyanın müdafiə nazirinə sorğu göndərmiş, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş etmişdi. Xoyski, eyni zamanda, mayın 18-də 173 deputatın imzası ilə milli və dini fərqlərə görə vətəndaşların hüquq bərabərliyi, daimi yaşayış üçün yer seçmə azadlığı, dövlət və ictimai xidmət sahəsində bərabərlik, şəxsiyyət toxunulmazlığı, söz və mətbuat azadlığı, təhsil hüququ tələb edirdi. Dumanın sədri bu qanun layihəsi haqqında deputatlara məlumat vermiş, müzakirə olunacağını bildirmişdi. Lakin Rusiya imperiyasının II Dövlət Duması fəaliyyətə başladığının 103-cü günü, 3 iyun 1907-ci ildə çarın manifesti ilə öz işinə xitam verdi. Beləliklə, F.Xoyski və onun həmkarlarının Dövlət Dumasında toxunduqları bir sıra vacib və əhəmiyyətli məsələlər söz, fikir olaraq qaldı. Çarizm vaxtı çatmış məsələlərdən yaxasını yana çəksə də, inqilabi şəraitdən xilas ola bilmədi. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı çar idarə üsulunu devirdi. İmperiyanın ucqarlarında, o cümlədən Cənubi Qafqazda xalqların milli oyanış dövrü başlayırdı. Belə bir zamanda bitərəfliyini bəyan edən F.Xoyski Bakıda 1917-ci ilin martında yaradılmış Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçildi. Komitənin qarşısında çarizmdən miras qalmış ciddi siyasi, iqtisadi, mədəni, hərbi problemlər dururdu. Xoyski və onun məsləkdaşları keçirdikləri yığıncaq, toplantı və qurultaylarda cəmiyyəti bürüyən böhranlardan çıxış yolları arayırdılar. Müsavat firqəsinin 26-31 oktyabr 1917-ci ildə Bakıda keçirilən I qurultayında iştirak edən F.Xoyski demişdi: "Mən müxtəlif səbəblərə görə heç bir firqəyə girməmişəm, amma hamısı ilə çalışmışam. Ona görə də hər bir firqənin fəaliyyətini bitərəfanə təhqiq edə bilmişəm. Bu gün qurultay hüzurunda təsdiq etməliyəm ki, millət uğrunda, Azərbaycan yolunda Müsavatın xidməti ifrat dərəcədədir. Bu da fazla millətçilikdən deyil, ondandır ki, həmişə vətən və millət mənfəəti firqə mənfəətindən üstün durur, əvvəl öz millət və vətənin mənfəətini axtarmışdır, sonra isə firqənin..."
Vətən və millət mənafeyini özü üçün müqəddəs amala çevirən F.Xoyski həmin keyfiyyəti müsavatçı dostlarında da gördükdə haqlı olaraq yüksək qiymətləndirirdi. O, Zaqafqaziya komissarlığının maarif naziri olmaqla yanaşı, həm də Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin sədri idi.
Fətəli xan Rusiyadan asılılığa son qoymuş Zaqafqaziya komissarlığının rəhbərliyi qarşısında nizami Azərbaycan ordusunun yaradılması haqqında məsələ qaldırdı. Komissarlığın sədri Y.P.Gegeçkori 1917-ci il noyabrın 15-də F.X.Xoyskiyə qaldırdığı məsələ ilə əlaqədar müsbət rəsmi münasibətini bildirir və qətnamə layihəsini hazırlamağı ona həvalə edir. "Zaqafqaziya Müsəlman kol (nizami - A.R.) ordusu təşkil etmək haqqında" 7 bəndlik qətnaməni komissarlığın sədri 11 dekabr 1917-ci ildə imzaladı və əmrin həyata keçirilməsi F.Xoyskiyə tapşırıldı. Fikrimizcə, 11 dekabr 1917-ci il nizami Azərbaycan ordusunun yaranma tarixi hesab edilməli və Fətəli xanın bu sahədəki xidmətləri unudulmamalıdır. "Açıq söz" qəzetinin 7 yanvar 1918-ci il sayındakı "Zaqafqaziya Komitəsində" sərlövhəli məlumatda deyilirdi: "Yanvarın 3-də Mərkəzi Müsəlman Zaqafqaziya Komitəsinin üzvü, Mərkəzi Komitə sədri F.Xoyski müsəlman əsgəri dəstələri təşkilatı haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə, 1917-ci il dekabrın 11-də Zaqafqaziya komissarlığı Zaqafqaziya müsəlmanlarından kol ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Kol ordu üçün lazımi qədər könüllü cəlb edilməsi işi Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinə həvalə edilmişdir. Kol ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri verginin ləğv edilməsi haqqında Zaqafqaziya komissarlığı tərəfindən dekret veriləcəkdir. Zaqafqaziya komissarlığının bu qətnaməsinə istinadən dekabrın 19-da 5 və 7-ci Qafqaziya nişançı firqələrindən ibarət olan 6-cı ordu korpusunun müsəlman kol ordusu ilə əvəz edilməsi barədə Qafqaziya cəbhəsi qoşunlarının baş komandanı tərəfindən əmrnamə verilmişdir. Məzkur əsgər dəstələrinin milliləşmə işlərinin nəzarəti general Əliağa Şıxlinskiyə həvalə edilmişdir. General Şıxlinski öz vəzifəsinin icrasına başlamışdır".
Nizami Azərbaycan ordusunun yaradılmasını F.Xoyski milli müstəqilliyə doğru atılmış iri addım kimi qiymətləndirir, dövlətçiliyin etibarlı təməl daşı hesab edirdi.
Zaqafqaziyanın maarif naziri işləyərkən o, Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına cəhd göstərmişdir. Tiflis şəhərində Zaqafqaziya darülfünunun təsis məsələsi qaldırılanda maarif naziri F.Xoyski demişdir: "...Nə üçün Tiflisdə? Axı burada həm ali texniki məktəb, həm də Gürcüstan Universiteti var. Yaxşı olmazmı bu darülfünun hər bir şəraiti olan Bakıda təsis edilsin..."
Əvvəl Zaqafqaziya komissarlığının maarif naziri, sonra Zaqafqaziya Seyminin ədliyyə naziri işləmiş Fətəli xan geosiyasi vəziyyətin dəyişdiyini öncədən görürdü. Gürcülərin Seymdən çıxması xəbərini təmkinlə qarşılayan F.Xoyski Azərbaycan nümayəndələri adından çıxış edərək bildirdi: "Zaqafqaziya millətləri bir-biri ilə bir çox mənfəətlərlə o qədər sıx surətdə bağlanmışlar ki, onları qolaylıqla ayırmaq mümkün olmur. Fəqət, əgər gürcü millətinin iradəsi belə isə, biz mümaniət etməyə heç də haqlı deyilik və Azərbaycan türklərinə də bu yeni hadisəyə görə lazım gələn qərarı çıxarmaqdan başqa bir şey qalmır".
Ertəsi gün, mayın 26-da Zaqafqaziya Seymi 3 aylıq fəaliyyətindən sonra axırıncı yığıncağına toplanaraq səlahiyyətlərinin tükəndiyini bəyan etdi. Seymin müsəlman deputatları yığılaraq Azərbaycan Milli Şurasını yaratdı. 1918-ci il mayın 28-də Tiflisdəki Qafqaz sərdarının sarayında özünün ikinci iclasına toplanan Azərbaycan Milli Şurası uzun mübahisə və müzakirələrdən sonra saat 20.10-da adbaad səsvermə nəticəsində Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Milli Şura heyəti-vükəla rəisi (Nazirlər Şurasının sədri) vəzifəsinə F.Xoyskini seçdi və ona müvəqqəti hökuməti yaratmağı tapşırdı. Bitərəf Fətəli xanın qurduğu ilk Azərbaycan hökumətinin tərkibi koalision idi, 8 nazir 4 partiyanı təmsil edirdi. İki gün sonra - mayın 30-da Xoyski dünyanın 20-yə yaxın ən böyük siyasi mərkəzinə Azərbaycan Cümhuriyyətinin yaradılması haqqında radioteleqram göndərdi. Müvəqqəti Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Azərbaycan Nazirlər Şurasının iqamətgahı üçün Fətəli xanın ata evi seçildi. Xoyskinin rəhbərliyi ilə müvəqqəti hökumət iyunun 4-də Türkiyə ilə əməkdaşlıq haqqında müqavilə bağladı, iyunun 27-də isə Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk dili olduğunu elan etdi. Gəncədə kiçik zabitlər məktəbi açıldı. Hökumətin əsas vəzifəsi isə Bakını düşmənlərdən təmizləmək idi. Erməni daşnaklarının və bolşeviklərin ciddi müqavimətinə baxmayaraq, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordularının birgə köməyi ilə Bakı azad edildi. Xan Xoyski hökuməti sentyabrın 23-də Gəncədən Bakıya köçdü. Əksər nazirlərin və şura sədrinin iş otağı öncə "Metropol" mehmanxanasında - indiki Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşirdi. Fətəli xan "Metropol" mehmanxanasındakı 31 saylı otaqda hər gün saat 12-dən 14-dək vətəndaşları qəbul edirdi.
Xan Xoyski hökuməti qüdrətli dövlət yaratmaq üçün iqtisadiyyatı dirçəltməyin vacibliyini dərk edirdi. Ona görə də təsərrüfatın qaydaya salınması ön plana çəkildi. O zaman hər küçəyə, dalana yapışdırılmış bir elan öz əksini "Azərbaycan" qəzetinin 1918-ci il oktyabr sayında da tapmışdır: "Azərbaycan hökuməti birinci və ümdə sərmayəsi hesab edilən Bakıda ümumi neft mədənlərinin və s. fabriklərin kəmali-müvəffəqiyyətlə işə düşmələri üçün çalışmaqdadır. Hökumət zəhmətkeşləri öz işinə dəvət edir. 5 gün ərzində öz işinə qayıtmayan işdən çıxmış hesab ediləcək. Heyəti-vükəla rəisi F.Xoyski".
Azərbaycan Cümhuriyyətinin dövlət atributlarının təsisində Xoyski və onun başçılıq etdiyi kabinet xüsusi rol oynamışdır. Noyabrın 9-da Fətəli xanın milli bayraq haqqında məruzəsindən sonra üçrəngli, aypara və səkkizguşə ulduzlu bayrağımız təsdiqlənmiş, milli valyuta dövriyyəyə buraxılmışdır. Aqrar islahatlara təşəbbüs göstərilirdi. Xoyskinin vaxtilə Dövlət Dumasında qaldırdığı torpaq məsələsini indi onun rəhbərlik etdiyi kabinet həyata keçirirdi. Torpaqların kəndlilərə paylanması üçün komissiyalar yaradılmışdır. Bu işə öncə Muğan çöllərindən başlandı. Torpaq sahiblərinə azı 25, çoxu 75 desyatin torpaq saxlanmaqla qalanı kəndlilərə verilirdi.
Azərbaycan dövlətçiliyi tarixində ən böyük hadisələrdən biri 1918-ci il dekabrın 7-də Məclisi-Məbusanın (parlamentin) açılışı oldu. M.Ə.Rəsulzadədən sonra parlamentdə çıxış edən F.Xoyski sevinc içərisində millət vəkillərinə müraciətlə dedi: "Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdi bu bayram münasibətilə sizi təbrik edim. Hökumət sizin hüzurunuzda məsul olduğundan borcudur öz fəaliyyəti və nə kimi şərait altında işlədiyi haqqında sizə məlumat versin". Görülən işlər barədə danışan Xoyski ayrı-ayrı firqələr arasındakı didişmələri xatırladaraq dedi ki, "iki qardaş arasında da mübahisə olur. Fəqət mübahisəli məsələlərimiz dostanə surətdə həll edilməlidir".
Hökumət başçısı tez-tez parlament iclaslarında çıxış edir, ən zəruri qanunların tətbiqinə nail olurdu. O, dekabrın 26-da söylədiyi nitqində qeyd edirdi ki, nə qədər sülhsevər olsaq da, hökumət hüquq və mənafeyinin müdafiəsi üçün canlı qüvvəyə, orduya arxalanmalıdır. Fətəli xanın tələbi ilə parlament 1919-cu il üçün hərbi nazirliyə 400 milyon manata yaxın vəsait ayırmışdır ki, bu da ümumi büdcənin təxminən altıda biridir.
Müttəfiq dövlətlərin Bakıdakı hərbi nümayəndəsi general Tomson dekabrın 2-dəki bəyanatında demişdi ki, Xoyskinin sədrliyi ilə yaradılmış koalision hökumət Azərbaycanda yeganə qanuni hakimiyyətdir. O, Fətəli xanı Bakıda ən bacarıqlı adamlardan biri hesab etdiyini və baş nazirə dərin rəğbət bəslədiyini bildirmişdir. Həqiqətən də F.Xoyski hökumətə ən çətin və mürəkkəb şəraitdə rəhbərlik etmiş, bütün nazirlikləri, icra aparatını yox yerdən yaratmış, Azərbaycanı müstəqil, özünü idarə edən demokratik dövlət kimi dünyaya tanıtmağa nail olmuşdur. Gördükləri çətin və şərəfli işlərə baxmayaraq, 3 kabinetə başçılıq etmiş F.Xoyski 1919-cu il martın 14-də istefaya çıxmışdır.
Fətəli xan N.Yusifbəylinin ikinci hökumət kabinetində (23 dekabr 1918-ci il) xarici işlər naziri vəzifəsinə təyin olundu. Xoyskinin gəlişi ilə nazirlik Azərbaycan diplomatiyasının qaynar mərkəzinə çevrildi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəliyi fəaliyyət göstərirdi. Azərbaycan həqiqətləri ingilis, fransız, rus, alman və s. dillərə çevrilərək çap olunub diplomatik kanallarla dünyaya yayılırdı. Azərbaycan Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. RSFSR-in xarici işlər komissarı G.Çiçerinin 1920-ci il yanvarın əvvəllərində Fətəli xana göndərdiyi teleqram belə bir məqsəd güdürdü. Rusiya komissarı Azərbaycanı ağqvardiyaçı general A.Denikinlə müharibəyə çağırırdı. Dövlət Müdafiə Komitəsinin tövsiyəsi ilə Xoyski yanvarın 19-da G.Çiçerinə cavabında bildirdi ki, Azərbaycan Cümhuriyyəti Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir. Xalq komissarı yanvarın 23-də təkrar göndərdiyi ikinci notasında israrla bildirirdi ki, Müsavat hökuməti əksinqilabçı generala qarşı mütləq ümumi mübarizəyə qoşulmalıdır.
Diplomatiya etikasına məhəl qoymayan G.Çiçerinin notasına cavab olaraq Xoyski təmkinlə bildirdi: "Danışıqlar ancaq Sovet Rusiyası tərəfindən Azərbaycan Cümhuriyyətinin istiqlaliyyət və suverenliyinin danışıqsız tanınması əsasında başlana bilər".
Fətəli xanın təklifinə cavab əvəzinə, Rusiya Azərbaycan sərhədinə qoşun göndərdi. Bundan narahat olan Xoyski həmkarı G.Çiçerinə aprelin 15-i göndərdiyi teleqramda yazırdı: "Rusiya silahlı qüvvələrinin Azərbaycan sərhədlərinin Dərbənd rayonunda xeyli cəmləşdiyi müşahidə edilməkdədir. Azərbaycan hökuməti sovet hökumətinin niyyətlərini bilmir. Buna görə də xahiş edirik ki, qoşunların adıçəkilən rayonlarda cəmləşməsi səbəbləri və məqsədləri haqqında dərhal məlumat verilsin".
Bu nota yaranmış mövcud şəraitə aydınlıq gətirmək məqsədi ilə Azərbaycan diplomatiyasının son cəhdi idi. Moskva cavab əvəzinə Bakıya XI qırmızı ordunu göndərdi. İstiqlal Bəyannaməsinin elan edilməsindən 23 ay, beynəlxalq aləmdə de-fakto tanınmasından isə 3 ay sonra Azarbaycan Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olundu. Milli dövlətin yaradıcıları Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Fətəli xan Xoyski də yaxın dostları və silahdaşları ilə qonşu Gürcüstana, Tiflis şəhərinə mühacirət etdi. Lakin burada da ona muzdlu qatillər rahatlıq vermirdi. Tədqiqatçı Möhsün Əliyev yazırdı ki, F.Xoyski X.Xasməmmədovla Tiflisin İrəvan meydanından keçərkən erməni terrorçularından ərzurumlu Aram Erkayan və Misaq Qriqoryan tərəfindən atəşə tutulmuşlar. F.Xoyski aldığı yaradan hadisə yerindəcə vəfat etmiş, X.Xasməmmədov isə yaralanmışdı. Bu haqda Parisdə 1986-cı ildə çap olunmuş terrorizm tarixinə aid kitabda məlumat verilmişdir.
Fətəli xan Xoyskinin qətlə yetirilməsi xəbərini öz agentinin məlumatı əsasında isti-isti dərc edən "Kommunist" qəzeti isə yazırdı: "Sovet hökuməti düşmənlərinin qətli. Tiflisdən gəlmiş yoldaş bildirir ki, şənbə günü, iyunun 19-da axşam saat 9-a yaxın Olqinski küçəsinin başlanğıcında mauzerdən açılan atəşlə Fətəli xan Xoyski və Nəsib bəy Usubbəyov öldürülmüş, Gürcüstan hökuməti qətldə şübhəli bilinən səkkiz nəfəri saxlamışdır" ("Kommunist" qəzeti, Bakı, 22 iyun 1920-ci il, N 42).
Qətl hadisəsinin 3-cü günü məlumatın dərc edildiyini nəzərə alsaq, sui-qəsdin bir sıra məqalələrdə indiyədək qeyri-dəqiq göstərilən yeri və vaxtı şübhə doğurmur.
Məlumatın diqqəti çəkən ikinci məqamı ondan ibarətdir ki, Nəsib bəy Yusifbəylinin müəmmalı qətli haqqında dolaşan fərziyyələrə də tam aydınlıq gətirir.
Məhəmməd Əmin Rəsulzadə yaxın dostu və məsləkdaşı haqqında sonralar yazırdı: "Fətəli xan Azərbaycan tarixi təşəkkülündə mühüm rol oynamış simalardandır, cümhuriyyətin bolşeviklər tərəfindən istilası zamanı Tiflisə iltica eyləmiş, burada Azərbaycan davasını idarə etməkdə ikən xain bir qurşun qiymətdar həyatına faciəli bir surətdə xitam vermişdir. Fətəli xanın bu surətlə həyat səhnəsindən çəkilməsi Azərbaycan istiqlalının həsrəti ilə dağüdar olan könüllərdə silinməz bir təsir buraxmışdır".
Fətəli xan Xoyski həyatının son anına qədər vətəninə və xalqına sədaqətli olmuş, cümhuriyyət tariximizdə öz yeri, "dövlətçiliyimizin ilk müəllimi və rəhbəri" (M.B.Məhəmmədzadə) olan görkəmli ictimai-siyasi xadimdir. Onun milləti qarşısındakı misilsiz xidmətləri istiqlal mücadiləsi tariximizin yaddaşına əbədi həkk olunmuşdur.
Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.-2013.-15 yanvar.-5.