Qarabağ səmasında qalan iz

 

Viktor müharibə illərində doğulub - Gürcüstanda, Tbilisi şəhərində. Xatirələrində yazır ki, uşaqlığım çətin dövrə düşüb. Onda Hitler müharibəyə başlamışdı. Çoxları kimi, mən də atasız böyüdüm. Müharibə bizə dözümlü olmağı öyrətdi. Sən demə, Hitlerdən də qəddar cəlladlar varmış - erməni faşistləri. Onların törətdikləri vəhşilikləri öz gözlərimlə gördüm... Bu etiraflar Viktor Seryoginin xatirə dəftərindəndir. Uşaqlıq illəri çətin keçsə də, Viktor təhsilini davam etdirmək üçün Kremençuk şəhərindəki mülki aviasiya məktəbinə daxil olur. Təhsilini  başa çatdırandan sonra onu Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edirlər. Onda Azərbaycan Hərbi Hava Qüvvələri yenicə yaradılırdı. Elə Qarabağ müharibəsi də təzə başlamışdı. Qarşıda Viktoru çətin sınaqlar gözləyirdi. Onu Qarabağ səmasında erməni yaraqlıları dəfələrlə atəşə tutmuşdular. Amma Viktor Seryogin sərrast atəşlərlə bir neçə dəfə erməni işğalçılarının zirehli texnikasını sıradan çıxarmış, onlara ağır zərbələr endirmişdir.

Viktor xatirələrində yazır ki, ən çətin əməliyyatlardan biri 1992-ci ildə dinc sakinləri təhlükəsiz yerə çatdırmaq tapşırığı alanda baş verdi. Ağdərədən, Şuşadan, Ağdamdan yurdundan, yuvasından didərgin salınan adamları təhlükədən uzaqlaşdırmaq üçün uçuşlar etməli idik. Özüçox sayda. Günahsız adamların ah-naləsini, təlaşını, tükürpədici fəryadını heç vaxt, heç vədə unuda bilmərəm. Körpə uşaqların, xəstə qocaların əlacsız, çarəsiz qalıb vertolyota tərəf can atdığını görəndə o qədər əzab çəkirdim ki... Axı, bu adamların günahları nə idi?.. Heç yadımdan çıxmaz. Bir balaca uşaq ağlaya-ağlaya özünü üstümə atdı:

- Anamı axtarıram, - dedi. Nə qədər təsəlli verməyə, sakitləşdirməyə cəhd etsəm də bacarmadım. Bironu gördüm ki, həmin uşağa qoşulub hönkür-hönkür ağlayıram. Bəlkə də, vertolyotun sükanı arxasında birinci dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Amma nə qədər çətin olsa da, adamları təhlükəsiz sığınacağa çatdırmalıydım. Qocaların çaşqın-çaşqın "Vitya, kömək et"! - deyə mənə sığınması nə qədər həyəcan yaratsa da, çıxış yolu tapmalıydım.

İdarə etdiyim vertolyot Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Yenə dinc sakinləri təhlükəsiz yerə çatdırmağa cəhd edirdim. Erməni yaraqlıları vertolyota gözləmədiyimiz səmtdən qəfil atəş açdılar. Doğrusu, nə edəcəyimizi bilmədik. Bir anlığa çaşqınlıq yarandı. Hiss etdim ki, artıq vertolyotu alov bürüyür. Son gücümü toplayaraq alov bürümüş vertolyotu kənara yönəldə bildim. Çətinliklə də olsa insanları tələf olmaqdan xilas etdim...

Viktorun belə uçuşları çox olub. Özü demişkən, Qarabağ səmasını kənd yolu kimi tanıyırdı. O yerlərin sakinləri də Viktorun ən çətin əməliyyatlarda erməni yaraqlılarının mövqelərinə od ələdiyinin şahidi olmuşdular.

Viktorun xatirə dəftərindən daha bir sarsıdıcı məqam: "Yenə dinc sakinləri nəzərdə tutulan sığınacaqlara daşıyırdım. Atasını, anasını itirmiş bir qızcığaz fəryad qoparırdı. Hamıdan kömək umurdu. Amma adamlar özü də çətin vəziyyətdə idi. O uşağı özümlə aparmalı oldum. Dedim ki, bizim uşaqlarla oynayarsan. Sonralar aviasiya dəstəmizin köməyi ilə o kimsəsiz uşağı körpələr evinə verdik. Belə dəhşətli hadisələr tez-tez olurdu..."

28 yanvar 1992-ci il. Qarabağ səmasında bu tarix Viktorun sonuncu uçuşudur. Həmin günü özü xatırlamır. Ona görə ki, bu dəfə həyatı faciəli sonluqla bitdi. Yenə dinc sakinləri Ağdam istiqamətindən təhlükəsiz yerə çatdırmağa can atırdı, amma bu dəfə öz canını da qurban verdi. Deyirlər ki, nə qədər çətin əməliyyat olsa da, dinc insanları tələfatdan xilas edə bildi. Amma özü heyətlə birlikdə qəhrəmancasına həlak oldu.

Ağdərədən, Şuşadan, Ağdamdan olan məcburi köçkünlər bu günViktoru yaxşı xatırlayırlar. Onu öz xilaskarlarından biri sayırlar. Vitya kimi tanıdıqları Viktor Seryogini ziyarət etmək üçün tez-tez Şəhidlər xiyabanına gəlir, Milli Qəhrəmana ehtiramlarını bildirirlər.

Zabrat aviasiya dəstəsində də Milli Qəhrəmanın adını əbədiləşdirmək üçün xatirə guşəsi yaradılıb. Gənc pilotlara Viktorun qəhrəmanlığı, şücaəti barədə  ətraflı danışırlar. Onun insani keyfiyyətlərindən bəhs edən sənədlər həyatına bələdçilik edir. Hər kəsi ötən günlərə - müharibənin dəhşətli məqamlarına qaytarır.

Zabrat aviasiya dəstəsində Viktorun bir yadigarı da qalıb. Deyirlər ki, hələ 90-cı illərdə - ilk uçuşları zamanı Şuşadan yadigar kimi bir pöhrə gətirmişdi. Vaxt, macal tapanda o pöhrəyə körpə uşaq kimi qulluq edərdi. Bir əlçim böyüdüyünü görəndə uşaq kimi sevinərdi.

Artıq illər arxada qalıb. O pöhrə qollu-budaqlı ağac olub. Və hər dəfə bu ağacın kölgəsinə sığınan dostları, onu tanıyanlar Viktoru dönə-dönə xatırlayaraq onun mərdliyindən, xeyirxahlığından danışırlar. Deyirlər ki, Viktorun Qarabağ səmasında qalan izi heç vaxt unudulmayacaq...

Biz inanırıq ki, gec-tez Qarabağ səmasına yenidən uçuşlarımız başlayacaq. Onda Viktorun davamçıları o yerələrə bir də dönəcək. Amma du dəfə təhlükəli döyüş bölgəsi kimi yox, öz yurd-yuvamız, doğma ata ocağımız kimi. Axı, Viktor Seryoginin - Milli Qəhrəmanın öz ocağında da elmizə-obamıza bağlı iki övladı böyüyür. Onlar da o yerləri görmək həsrəti ilə yaşayırlar. Ümid edirlər ki, bir vaxt atalarının səmasında şahinlik etdiyi Qarabağ torpağına doğma yurd yeri kimi  dönəcəklər. Onda bu yerlərin adamları Milli Qəhrəmanın övladlarını doğmaları kimi qarşılayacaq, atasını tanıyanların xatirələri ilə bölüşəcəklər.

Bizim o yerələrə qayıdışımıza ümidinam yaradan qüdrətli dövlətimiz və iradəli liderimiz var. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə deyir ki: "Azərbaycan heç vaxt öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq".

Əlbəttə, Azərbaycanın hərbi potensialı ildən-ilə daha da güclənir. Ordu quruculuğunda yeni ənənələr yaranır. Bütün bunlar bir daha ümid yaradır ki, biz tarixi torpaqlarımızın əsl sahibi olacağıq.

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.-15 yanvar.-5.