Akademik Zərifə Əliyeva
adına Liseydə innovativ İKT
əsaslı tədris otağı
istifadəyə verilmişdir
Yanvarın 14-də Akademik Zərifə Əliyeva adına Liseydə informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz olunmuş innovativ İKT əsaslı tədris otağının açılışı olmuşdur.
İnnovativ İKT əsaslı tədris otağı "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində Koreya Respublikası hökumətinin dəstəyi ilə yaradılmışdır.
Müəllim və şagirdlərin iştirak etdikləri açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, müvafiq Dövlət Strategiyasında təhsildə İKT-nin inkişafı strateji hədəflərdən biri kimi nəzərdə tutulur.
Nazir müavini müvafiq sahədə İKT-nin inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir.
Səfir qeyd etmişdir ki, "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsinin məqsədi təhsilin informasiyalaşdırılması sahəsində öz ölkəsinin təcrübəsini və bacarıqlarını Azərbaycan ilə bölüşməkdən ibarətdir.
Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim innovativ liseydə İKT əsaslı tədris otağının təşkil olunmasının əhəmiyyətini və ondan səmərəli istifadə ediləcəyinə əminliyini vurğulamışdır.
İnnovativ İKT əsaslı tədris otağı 42 noutbuk, 4 monitor, 11 planşet, 1 dəst elektron interaktiv lövhə və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuşdur. Eyni zamanda, layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulmuşdur.
Sonra
tədbir iştirakçıları innovativ İKT əsaslı
tədris otağında
açıq dərslə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-2013.-15 yanvar.-6.