Şəhriyar Məmmədyarov: Vüqar Həşimovun vaxtsız

 vəfatı dünya şahmatı üçün böyük itkidir

 

Vüqar Həşimovun vaxtsız vəfatı təkcə Azərbaycan deyil, bütün dünya şahmatı üçün böyük itkidir.

Bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov AzərTAc-a müsahibəsində demişdir.

Bildirmişdir ki, Vüqar ilə biz həmişə bir yerdə olmuşuq. Qalib gəldiyimiz yarışlar da olmuşdur, uduzduğumuz turnirlər də. Sevincimizi və kədərimizi birgə bölüşmüşük. Bu gün artıq  onun aramızda olmamasına heç cür inana bilmirik. Vüqar Həşimov şahmat üzrə dünya tacına layiq idmançı idi.

Son yarışlarda Vüqarın yeri görünürdü. Komandamızın hər bir üzvü onun  aramızda olmasını arzulayırdı. Bu gün Vüqar Həşimov cismən yanımızda olmasa da, bundan sonrakı bütün beynəlxalq yarışlarda o, ruhən bizimlə olacaqdır.

Vüqar Həşimov ilə iyirmi ilə yaxın müddətdə bir komandanın tərkibində yarışdıqlarını diqqətə çatdıran Ş.Məmmədyarov həmkarının onları vaxtsız tərk etdiyini dərin hüznlə bildirmişdir. Qeyd etmişdir ki, qarşıda bizim birgə layihələrimiz var idi. Biz həmişə dünya titullarının birgə qazanılması ilə bağlı fikir mübadiləsi aparırdıq. Heyf ki, bu arzunu reallaşdırmaq Vüqara qismət olmadı. Biz komanda olaraq dünyadan vaxtsız köçmüş mərhum həmkarımızın ideyalarını gerçəkləşdirəcək və gələcək qələbələrimizi onun əziz xatirəsinə həsr edəcəyik.

 

Azərbaycan.-2013.-15 yanvar.-6.