Azərbaycan Prezidentinin və NATO baş katibinin mətbuat konfransı
Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar
səfəri
Yanvarın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü
başa çatdıqdan
sonra mətbuat konfransı keçirilmişdir.
Baş
katib Anders Foq Rasmussen və Prezident İlham Əliyev əvvəlcə
mətbuata bəyanatlarla çıxış etdilər.
Sonra
jurnalistlərin sualları cavablandırıldı.
Azərbaycan
Televiziyasının əməkdaşı Nəsib Muxtarov:
-
Sualım cənab baş katibədir. Siz artıq qeyd etdiniz ki,
Azərbaycan-NATO münasibətləri uğurla inkişaf
edir. Bu gün keçirilmiş görüş bu əlaqələrə
əlavə bir töhfədir. Tərəfdaşlığımızın
perspektivlərini necə görürsünüz? Sağ olun.
Anders
Foq RASMUSSEN:
-
Dediyim kimi, bizim artıq yaxşı işləyən tərəfdaşlığımız
vardır. Lakin bununla belə, mən tərəfdaşlığımızın
daha inkişaf etdirilməsi potensialını da görürəm.
Əməkdaşlığımızın bir hissəsi
apardığımız birgə əməliyyatlardır.
Prezidentin qeyd etdiyi kimi, olduqca vacibdir ki, biz birgə işləmək
və əməliyyat aparmaq bacarığımızı
inkişaf etdirək, daha doğrusu, silahlı qüvvələrimiz
birgə işləmək bacarığını əldə
etsin. Beləliklə, biz sülhməramlı əməliyyatlarda
birgə iştirak edə bilərik. Bununla mən ikinci arqumentə
gəlirəm: Silahlı Qüvvələr daxilində
islahatları davam etdirməliyik. Bu, elə bir sahədir ki,
NATO-nun yaxşı ekspert bilikləri var, bizim Azərbaycan ilə
artıq gözəl əməkdaşlığımız
qurulub və onu davamlı şəkildə inkişaf etdirməliyik.
Əlbəttə
ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran
böyük məsələdir. Onun strateji, daha sonra təhlükəsizlik
aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı
daha da inkişaf etdirə bilərik.
Sonda,
icazə verin, qeyd edim ki, bizim konkret praktiki əməkdaşlıq
layihələrimiz vardır. Məsələn, biz
partlamamış sursatların təmizlənməsi və
yüz hektarlarla torpaqların bundan azad edilməsi
üçün Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq
edirik. Bu, dünyada ən böyük belə layihələrdən
biridir və Azərbaycan xalqının rifahına xidmət edən
layihədir. Bu, gələcəkdə inkişaf etdirilə
biləcək praktiki əməkdaşlığın digər
konkret nümunəsidir.
Azadlıq
Radiostansiyası:
- Mənim
cənab Prezidentə iki sualım var. Dağlıq Qarabağ məsələsi
ilə bağlı bu yaxınlarda Ermənistan prezidenti ilə
keçiriləcək görüşünüz barədə
nə deyə bilərsiniz? Həmçinin ikinci sualım:
Ötən dəfə Siz burada - Brüsseldə söylədiniz
ki, Azərbaycanda siyasi məhbus yoxdur. Cənab Məmmədov
və cənab Məmmədli hələ də həbsxanadadırlar.
Bununla belə, Siz yenə də söyləyə bilərsinizmi
ki, Azərbaycanda siyasi məhbus yoxdur? Sağ olun.
Prezident
İlham ƏLİYEV:
- Bəli,
əlbəttə, bu, həmçinin Avropa Şurası
Parlament Assambleyasının qərarında da təsdiqlənib.
Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ
ilə bağlı geniş müzakirələr
aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən
Azərbaycanda siyasi məhbuslar haqqında irəli
sürülmüş qətnamələr keçmədi.
Assambleyanın əksər hissəsi bu qətnamələrə
dəstək vermədi. Bu, o deməkdir ki, mənim ötən
il burada, Avropa Komissiyasında söylədiklərim
Avropanın və dünyanın ən mühüm təsisatlarından
biri sayılan təşkilat tərəfindən təsdiqləndi.
Azərbaycan artıq on ildən çoxdur ki, Avropa
Şurasının üzvüdür. Biz Avropa İnsan
Hüquqları Məhkəməsinin üzvüyük. Bu,
öncədən onu təsdiqləyir ki, ölkəmizdə
siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli
münasibət göstərilibsə həmin şəxs
Avropa Məhkəməsinə müraciət edə bilər.
Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə
yanaşırıq. Həmçinin bildirmək istəyirəm
ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər
siyasi məhbus tərifi Avropa Parlamenti və ya Avropa
Şurası tərəfindən müəyyən edilsə,
bu, yaxşı ideya olardı. Belə olan halda kiminsə siyasi
məhbus olması və ya olmamasını müəyyən
etmək çox asan olardı. Ona görə, fikrimcə,
verdiyiniz suala ən yaxşı cavab Avropa Şurası
Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul
etdiyi qərarı ola bilər.
Qarabağ
məsələsinin həllinə aid suala gəldikdə, biz
nikbin olmaq istəyirik. Çünki münaqişənin
başlanğıcından çox vaxt ötür və uzun
müddətdir ki, torpaqlarımız işğal
altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir.
BMT-nin Təhlükəsizlik Şurasının erməni
qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və
dərhal çıxarılmasını tələb edən
qətnamələri Ermənistan tərəfindən yerinə
yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə
pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən
Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin
ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati
hüdudlarından kənarda yerləşən bir neçə
rayon da iyirmi ildən çoxdur ki, işğal
altındadır. Erməni təcavüzü nəticəsində
bir milyon insan evsiz qalıb.
Mənim
Ermənistan prezidenti ilə son görüşüm əvvəlki
görüşlə müqayisədə ola bilsin ki, daha
nikbin keçib. Ermənistanın danışıqlara getməməsi
səbəbindən danışıqlar prosesində uzun
durğunluq yaşandı. Biz yenə də tərəddüd
edirik: Ermənistan tərəfi danışıqlar prosesində
səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub
saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun
həmsədr ölkələrinin prezidentləri olduqca
aydın şəkildə bəyan etdilər ki, mövcud
status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj
kimi qəbul edirik, çünki status-kvonu dəyişmək
üçün onlar bizim ərazilərimizdən
çıxmağa başlamalıdırlar. Baxarıq, xarici
işlər nazirlərinə göstəriş verilib. Bizim
Vyanada keçirilmiş görüşdən sonra onlar da
artıq görüşüblər. Ümidvarıq ki, onlar
bu ayın sonunda və ya gələn ay yenidən
görüşəcəklər. Ermənistanın
danışıqlar prosesində nə dərəcədə
səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər
Ermənistanda məsələyə real yanaşılarsa, biz
onu tezliklə həll edə bilərik.
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) müxbiri
Vüqar Seyidov:
-
Sualım cənab baş katibədir. Son illər ərzində
dinc nümayişçilərə qarşı
zorakılıqdan istifadə edilməsi, özünüifadə
azadlığına qoyulan məhdudiyyətlər, miqrantlara
qarşı ayrı-seçkilik kimi mənfi meyillər, əfsuslar
olsun ki, Avropada, o cümlədən NATO-nun üzvü olan
dövlətlərdə artmaqdadır. Azərbaycanda hətta
kiçik bir insident baş verdikdə Avropa dərhal reaksiya
verir. Sizin fikrinizcə, bu, ikili standart yanaşma deyilmi?
Anders
Foq RASMUSSEN:
-
Xeyr, ikili standart kimi hər hansı yanaşma mövcud
deyildir. Bütün NATO ölkələrində də siyasi məsələlər
əsaslı müzakirə mövzusudur. Digər ölkələrlə
apardığımız tərəfdaşlığa gəldikdə,
biz dialoqumuzda bir sıra fundamental prinsiplərə əsaslanırıq.
Həmin prinsiplərə uyğunluq məsələlərin
açıq və səmimi şəkildə müzakirəsi
tərəfdaşlığımızın tərkib hissəsidir.
Bir sözlə, siz bunu ikili standart kimi qəbul etməməlisiniz.
Əslində, biz bununla bir-birimizə daha ciddi
yanaşırıq. Hazırda bu sahədə öz ölkələrimizdə
də mühüm müzakirələr aparılır.
Oxşar müzakirələri, həmçinin tərəfdaşlarımızla
da aparırıq, çünki biz onlara hörmətlə
yanaşırıq. Biz tərəfdaşlığımızı
gücləndirmək istəyirik və bu məqsədlə
bizim azad və açıq dialoqa ehtiyacımız vardır.
Mən bu cür açıq söhbətin bir neçə dəqiqədən
sonra Prezident ilə NATO Şurası arasında da
aparılmasını gözləyirəm və bu, tərəfdaşlığımızın
daha da gücləndirilməsinə zidd deyil, əksinə.
AzərTAc
Azərbaycan.-2014.- 16 yanvar.- S.2.