Türkiyənin «Hürriyet
Daily News» qəzetində
«Azərbaycanda
innovativ ictimai xidmət» sərlövhəli
məqalə dərc edilmişdir
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Kamal Cəfərovun Türkiyənin "Hürriyet Daily News" qəzetində "Azərbaycanda innovativ ictimai xidmət" sərlövhəli məqaləsi dərc edilmişdir.
AzərTAc xəbər verir ki, məqalədə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda yaradılan yeni mobil ID layihəsi, "Asan imza" vətəndaşlara mobil telefondan təhlükəsiz elektron şəxsiyyət vəsiqəsinin bir növü kimi istifadə etməyə imkan verir. ID kart kimi bu yenilik təhlükəsiz e-xidmətlərə çıxış və sənədlərin elektron imzalanması üçün istifadə oluna bilər və onun üstün cəhəti kart oxuyucusu tələb etməməsidir. Hazırda "Asan imza" yalnız vergi məsələləri üçün istifadə edilir, lakin qısa müddətdə bank, maliyyə və park sahələrini də əhatə edəcəkdir.
Müəllif vurğulamışdır ki, əslində, m-hökumət e-hökumətdə tamamlayıcı rol oynayır. Belə ki, m-hökumət əvvəllər elektron mühitdən xaric olan insanların həyat səviyyəsini yaxşılaşdıra bilər. Xüsusilə, mobil texnologiyalar ictimai informasiyaya və xidmətlərə rahat çıxışı təmin edir. Məsələn, ucqar ərazilərdə vətəndaşlar təkmilləşdirilmiş m-tibbi yardım, bildirişlər və təcili tibbi siqnallar ala bilərlər.
Qeyd edilmişdir ki, m-hökumət xidmətin çatdırılmasında mövcud olan "online" və "offline" üsulların aradan qaldırılmasını nəzərdə tutmur, əksinə, ictimai sektorda təkcə mövcud olan xidmətlərə çıxışı artırmaqla deyil, həm də yeni xidmətlərin tərtibi və çatdırılmasını mümkün etməklə, güclü və transformasiya olunan imkanlar təqdim edir.
Yazıda bildirilmişdir ki, m-hökumətlə bağlı bir sıra tədbirlər görülməlidir. Əvvəlcə, vətəndaşlar ictimai xidmətdə yeni trend üçün hazır olmalı və bu xidmətlər, həmçinin onların mahiyyəti haqqında məlumatlandırılmalıdırlar. İkincisi, zəruri infrastruktur və bu yeni texnologiyaya dəstək sistemi olmalıdır. Üçüncüsü, yuxarıda qeyd olunan bütün xidmətlər üçün müştəri mərkəzi fəaliyyət göstərməlidir. Nəhayət, proqram interfeysləri istifadə üçün daha asan bir şəkildə tərtib olunmalıdır. Bundan əlavə, təhlükəsizlik məsələləri və məlumatların məxfiliyi bu yeni trend üçün üstün prioritetlərdən olmalıdır.
Məqalənin
ingilis dilində tam versiyası ilə aşağıdakı
link vasitəsilə tanış olmaq mümkündür: http://www.hurriyetdailynews.com/innovative-public-service-in-azerbaijan.aspx?pageID=238&nID=61032&NewsCatID=396
Azərbaycan.-2014.- 16 yanvar.- S.4.