Azərbaycan və İordaniya
arasında parlamentlərarası
əlaqələrin inkişaf
perspektivləri müzakirə olunmuşdur
Yanvarın 15-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov və İordaniya Parlamentinin Aşağı Palatasının spikeri Atef Taravneh arasında görüş keçirilmişdir.
Səfirliyin təşəbbüsü ilə baş tutmuş tanışlıq xarakterli görüşdə hər iki ölkənin qanunverici orqanları və digər sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Səfir Sabir Ağabəyov Atef Taravnehə İordaniya Parlamentinin Aşağı Palatasının spikeri seçilməsi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov tərəfindən ünvanlanmış təbrik məktubunu təqdim edərək, ona vəzifə səlahiyyətlərinin icrasında müvəffəqiyyətlər diləmişdir.
Diplomat Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi barədə məlumatı qarşı tərəfin diqqətinə çatdıraraq, İordaniya Parlamentinin Aşağı Palatasında da belə bir qrupun yaxın vaxtlarda formalaşdırılacağına ümidini ifadə etmişdir.
Daha sonra səfir Sabir Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımını pisləyən qətnamənin qəbul edildiyini və yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Atef Taravneh təbrik məktubuna görə təşəkkürünü bildirərək, yaxın vaxtlarda parlamentin Aşağı Palatasında İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinin təsdiq ediləcəyini bildirmişdir.
Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə münasibət bildirən A.Taravneh, ölkəsinin daim ədalət prinsipini üstün tutduğunu və bu məsələdə İordaniya Parlamentinin Aşağı Palatası tərəfindən müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırmışdır.
Sonda
tərəflər iki dövlət arasında müxtəlif
sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf tempindən məmnunluqlarını ifadə edərək
Prezident İlham Əliyev və Kral II Abdullah İbn
Əl-Hüseynin bu əlaqələrin inkişafındakı
rollarını xüsusilə vurğulamışlar.
Qarşılıqlı
səmimiyyət şəraitində keçən
görüşdə İordaniya tərəfinə məlumat-təbliğat
xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini
təbliğ edən qiymətli hədiyyələr təqdim
edilmişdir.
Görüşdə
parlamentin Aşağı Palatasının üzvləri Hazem
Qaşu, Fələk Camali, parlament aparatının üzvləri
iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Əmman
Azərbaycan.-2014.- 16 yanvar.- S.4.