Yanis REYERS: «Latviya və Azərbaycan parlamentləri

 arasında münasibətlər dostluğa əsaslanır»

 

"Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu Latviya Seyminin ikinci ən böyük əməkdaşlıq qrupudur. Bu qrupda ölkənin bütün siyasi qüvvələri təmsil olunmuşdur".

Latviya Seyminin deputatı, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yanis Reyers bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində demişdir.

Y.Reyers Latviya-Azərbaycan əlaqələrini şərh edərək bildirmişdir ki, iki ölkə arasında parlamentlər səviyyəsində münasibətlər dostluğa əsaslanır. Ölkələrimizin siyasi dialoqunun əsasını siyasi, iqtisadi, humanitar və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin davamlı möhkəmlənməsinə qarşılıqlı maraq təşkil edir. O demişdir: "Biz hər iki tərəfi maraqlandıran istənilən məsələləri açıq müzakirə edə bilərik. Dünya siyasətinin və regional siyasətin bir çox məsələləri barəsində baxışlarımız üst-üstə düşür".

Latviyalı deputat qeyd etmişdir ki, iki ölkənin xarici siyasət idarələri qarşılıqlı konstruktiv fəaliyyət göstərir. Son üç ildə Latviya Prezidenti və ölkənin baş naziri böyük nümayəndə heyətlərinin müşayiəti ilə Bakıda rəsmi səfərlərdə olmuşlar. İki ölkə arasında yaranan münasibətlər təhlil edilmiş, hər iki tərəf bu əlaqələrin səviyyəsindən və vəziyyətindən razı qaldığını bildirmiş, əməkdaşlığı daha da fəallaşdırmağın zəruri olması qeyd edilmişdir.

Yanis Reyers diqqətə çatdırmışdır ki, Latviya tərəfi təhsil sahəsində də Azərbaycanla əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyir. O demişdir: "Bu sahədə qarşılıqlı fəaliyyət üçün hər iki ölkənin kifayət qədər böyük potensialı vardır. Latviyanın səhiyyə naziri İnqrida Sirtsene Bakıya rəsmi səfəri çərçivəsində Latviya ali məktəblərində xarici tələbələrin təhsil alması layihəsini təqdim etmişdir. Sevindirici haldır ki, P.Stradinş adına Riqa Tibb Universitetində azərbaycanlı tələbələr də təhsil alır.

Latviyalı deputat iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərləri barədə söhbət açaraq bildirmişdir ki, fevral ayında dostluq qrupunun üzvləri onun rəhbərliyi ilə Bakıya səfər etməyi planlaşdırırlar. Bu səfər Latviya Seyminin spikeri Solvita Aboltininin mart-aprel aylarında nəzərdə tutulan rəsmi səfərinə hazırlıq xarakteri daşıyacaqdır.

Baltik Assambleyası və GUAM çərçivəsində də Latviya və Azərbaycan parlamentlərarası qruplarının sıx əməkdaşlığının həyata keçirildiyini vurğulayan Yanis Reyers qeyd etmişdir ki, məhz Azərbaycan GUAM-da sədrlik kimi mühüm missiyanı uğurla yerinə yetirməklə, bu təşkilatın işinin yenilənməsində hərəkətverici qüvvə olmuşdur.

Dostluq qrupunun sədri diqqətə çatdırmışdır ki, Latviya, o cümlədən ticarətə və investisiyalara kömək məqsədi ilə Azərbaycanla iqtisadi əməkdaşlığın inkişaf etməsini və genişlənməsini arzulayır. İki ölkənin sahibkarlarını get-gedə artmaqda olan qarşılıqlı işgüzar maraqları sərmayələrin və malların hərəkəti yolundakı maneələrin ardıcıl olaraq aradan qaldırılmasını tələb edir. Deputatın fikrincə, Latviya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin nizamlanması iqtisadi əlaqələrin, o cümlədən turizmin fəal inkişafına kömək edərdi.

Y.Reyers bildirmişdir ki, qarşılıqlı əmtəə dövriyyəsinin həcmi dövlətlərarası münasibətlərin səviyyəsinə və əldə edilmiş razılaşmalara uyğun deyildir. Parlamentlərarası dostluq qrupları iki ölkənin ticari-iqtisadi əməkdaşlığının genişlənməsinə töhfə verməlidir.

Yanis Reyers bildirmişdir ki, 2017-ci ildə "Qazprom" şirkətinin Latviyada inhisarçılığı başa çatacaqdır. Avropa İttifaqının energetik təhlükəsizliyi barədə əsasnaməyə uyğun olaraq 2017-ci ildə Latviyanın enerji bazarı liberallaşdırılacaqdır. Beləliklə, enerji təhlükəsizliyi sahəsində də Azərbaycanla əməkdaşlıq üçün gözəl imkanlar yaranır.

Müxbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının üzvü kimi Latviyanın rolu barədə sual vermişdir. Bu sualın cavabında Yanis Reyers xatırlatmışdır ki, 2009-cu ilin noyabr ayında Baltik Assambleyası bu problemə dair qətnamə qəbul etmişdir. Latviyalı deputat bildirmişdir ki, Spiker S.Aboltininin Azərbaycana səfərindən sonra Qarabağ probleminə dair qətnamə qəbul edilməsi məsələsinə Latviya Seymində yenidən baxılacaqdır. O vurğulamışdır ki, Latviya Dağlıq Qarabağ probleminin dinc yolla həllini dəstəkləyir.

Yanis Reyers Latviyada Azərbaycan diasporunun fəaliyyətini şərh edərək demişdir ki, tarixi vətənlə əlaqə itirilməməlidir. O vurğulamışdır: "Latviyada yaşayan azərbaycanlıların öz tarixinə qayğı ilə yanaşması, əlamətdar günləri unutmaması bizi sevindirir. Millət öz keçmişini yadda saxlamalıdır ki, tarixin qara səhifələri təkrarlanmasın".

 

 

 

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2014.- 16 yanvar.- S.4.