Xatirələrin işığında
Əhməd
Ağdamski-130
Bizim şəcərəmiz Azərbaycanın incisi, mədəniyyət və mənəviyyat beşiyi Şuşa şəhəri ilə bağlıdır. Bu nəsil iki əsrdən artıqdır ki, xalqımıza bir çox görkəmli elm, maarif, mədəniyyət, incəsənət xadimləri bəxş etmişdir. Mənim ulu babam (atamın ana tərəfdən babası) Kərbəlayı Ələkbər bəy Əliverdibəyov Xan qızı Natəvanın sarayında işləmiş, dövrünün tanınmış ziyalılarından olmuşdur.
Babamın övladları çox idi. Onlardan üçünü göstərmək istərdim. Qızları Şirinbəyimi, Əzizə xanımı və oğlu Ağalar bəyi. Şirinbəyim xanımın övladları Zülfüqar, Üzeyir və Ceyhun Hacıbəyliləri, Əzizə xanımın (mənim nənəmin) övladları Bədəl, Mahmud və Əhməd Bədəlbəyliləri. Ağalar bəyin övladları bəstəkar Nazim Əliverdibəyov və dirijor Kazım Əliverdibəyovdur. Nəslə musiqi istedadı ana tərəfdən gələn istedad kimi qəbul edilməlidir. Ona görə ki, bir bacının (Şirinbəyim xanımın) oğlu Üzeyir Hacıbəyli milli professional musiqimizin, opera və operettanın banisi və yaradıcısıdır. İkinci bacının (Əzizə xanımın) nəvəsi Əfrasiyab Bədəlbəyli ilk milli baletimizin banisidir. Məlum olduğu kimi, Üzeyir Hacıbəyli Azərbaycanda ilk ali musiqi təhsili verən konservatoriyanın yaradıcısı və ömrünün sonuna qədər onun rektoru olmuşdur. Əzizə xanımın nəticəsi Fərhad Bədəlbəyli isə uzun illərdir ki, Musiqi Akademiyasının rektoru vəzifəsində uğurla çalışır.
Atam Əhməd Bəşir oğlu Bədəlbəyli həyatın hər üzünü görmüş, minbir əziyyətə mərdliklə sinə gərmiş, Azərbaycan teatrının, musiqisinin, mədəniyyətinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq üzündən bir çox arzularına çata bilməyən, lakin özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş, neçə-neçə sənət fədaisindən biri olmuşdur.
O, 1884-cü il yanvar ayında Şuşada anadan olmuş, üç yaşında ikən atasını itirmişdi. Atamın böyük qardaşı Bədəl bəy 1895-ci ildə Qori Müəllimlər Seminariyasını bitirərək Şuşada müəllim işləmiş və ailənin bütün ağırlığı onun üzərinə düşmüşdür. Ona görə də məcburiyyət qarşısında Bakıya köçür və keçən əsrin əvvəllərində burada məktəb açaraq ömrünün sonuna qədər müəllim və direktor işləmişdir. Atam isə "Realnı" məktəbə daxil olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin, incəsənətin vəziyyəti olduqca ağır idi. Milli intibah, milli mücadilə istiqbal hissləri yenicə baş qaldırırdı. İnsan və sənətkar taleyinin bilavsitə bağlı olduğu uğurlu-uğursuz, kəşməkəşli, ictimai-siyasi sarsıntılar şəxsi faciələrlə dolu tariximizin mənzərəsi hökm sürürdü.
XX əsrin əvvəllərində Rusiya əhalisinin dörddə üç hissəsi savadsız idi. Əhalinin maarifləndirilməsi üçün çəkilən xərcdə Bakıda hər adama cəmi 79 qəpik düşürdü. Ucqarlarda yaşayan xalqların öz ana dilində təhsil almasına imkan verilmirdi. Azərbaycanda 1908-ci ildə 1731 dini müəssisə olduğu halda, cəmi 331 məktəb var idi. Üzeyir Hacıbəyli yazırdı ki, bu dövrdə Azərbaycanda mədəniyyət axtarmaq, min buğdanın içərisindən bir darı axtarıb tapmaq kimi çətin bir iş idi. Azərbaycan əhalisinin geniş təbəqələri arasında musiqiyə maraq getdikcə artırdı. Bu dövrün ən mühüm hadisəsi 1908-ci ilin yanvarında "Leyli və Məcnun" operasının tamaşaya qoyulması idi.
Məlum olduğu kimi, ilk tamaşada Qeys rolunda H.Sarabski, Leyli rolunda isə Ə.Fərəcov çıxış edirdi. Həyatını təhlükə altında qoymaq istəməyən Ə.Fərəcov sonralar səhnəyə çıxmaqdan birdəfəlik imtina edir.
Atam danışırdı ki, Üzeyir çox həyəcan keçirirdi. Eyni zamanda bilirdi ki, mənim yaxşı səsim var və tamaşanın hazırlanmasında yaxından iştirak edir və xorda oxuyurdum. Demək olar ki, mən hər gün dərsdən sonra Üzeyir, Zülfüqar və Ağalar dayım ilə bir yerdə olardıq, musiqi, teatr və digər məsələlər üzrə məsləhətləşərdik. Bakının ictimai və mədəni həyatında fəal iştirak edərdik.
Operamızın taleyinin ağır olduğunu nəzər alaraq mən qadın rollarında çıxış etməyim barədə tərəddüd etmədən razılıq verdim. Heç bir hədə-qorxu, təhqir və tədbirlərdən qorxmadığımı bildirdim. Elə o vaxtdan Üzeyirlə qohumluqla yanaşı, dostluq etməyə başladıq, necə deyərlər, bir yolun yoldaşı olduq. Bütün fəaliyyətimizi milli operanın yaranması və inkişafına yönəltdik. Mən ilk dəfə səhnəyə çıxdığım zaman çox həyəcan keçirdim. Görəsən, tamaşaçılar məni necə qarşılayacaq. Sənət dostlarımı, xüsusilə Üzeyiri ifam ilə razı sala biləcəyəmmi? Beləliklə, "Leyli və Məcnun"un ikinci tamaşasına ciddi hazırlığa başladıq. H.Sarabski ilə ayrılıqda məşq edirdik. Əvvəllər Leyli rolunun kişi tərəfindən oynanılması mənə çox çətin gəlirdi. Bu halı Hüseynqulu da yaxşı qəbul edə bilmirdi. Çünki o əsərin məzmununa uyğun olaraq öz məhəbbətini Leyliyə çatdırmalı idi. Lakin tərəf-müqabili isə kişi olurdu. Bu barədə H.Sarabski "Bir aktyorun xatirəsi" kitabında yazırdı ki, mən Əhmədlə səhnədə olarkən çalışırdım ki, ona az baxım və ya heç baxmayım, üzümü tamaşaçılara tutum. Atam xatirələrində danışırdı ki, mən artıq ikinci tamaşaya hazır idim. Əlbəttə, mənim səhnəyə gəlməyimə Üzeyir ilə yanaşı, qardaşım Bədəlin, dayım Ağaların da böyük xidmətləri olmuşdu.
Onu qeyd etmək istərdim ki, atam Leyli rolunda çıxış edən zaman güclü təzyiqlərə məruz qalmışdı. Hətta o dövrün bəzi qəzetləri və teatrı başa düşməyənlər tanınmış aktyorları lağa qoyurdular. "Tuti" qəzetində yazılırdı ki, kimdi bu "ağdivarski" aktyorluğa gəlib? Sarabskini isə "ağedovski" adlandırırdılar.
Elə bu səbəbdən də atam istəməyib ki, adını, familiyasını tamaşaçılar bilsinlər, ona görə bir müddət afişalarda Leyli rolunda "Miri" yazdırıb. Bu barədə "Kaspi" qəzeti 1909-cu il 4 yanvar tarixli nömrəsində yazırdı: "Məsuliyyətli Qeys rolunda H.Sarabski çıxış etdi. O öz rolunu parlaq surətdə ifa etdi. Artist sevdiyi "Segah"ı son dərəcə gözəl oxudu...
Leyli rolunda onun yaxşı oyundaşı Miri idi. Gənc Miri
qadın rolunu çox qəşəng bacardı, artistin
şirin, gur məlahətli səsi dinləyicilərə dərin
və güclü təsir bağışladı. Atam "Miri" adını təsadüfi
seçməmişdi. Miri Qarabağda bizim
uzaq qohumlarımızdan olub. Olduqca
hazırcavab bir şəxsiyyət idi.
Miri
qadın rolu oynadığından öz ad və
familiyasını gizli saxlamaqçın artistin kim olması tamaşaçılara qaranlıq
qalır. Operanın 1909-cu il mayın 15-də
tamaşası barədə verilən yazıda göstərilir
ki, Sarabski (Məcnun) və Miri Ağdamski (Leyli) öz
rollarını gözəl ifa etmişlər. "Ağdamski
ləqəbini qəbul etmiş artistin adı yenə də
qaranlıq qalır". Günlər, aylar keçir,
tamaşadan-tamaşaya müvəffəqiyyət qazanan atam
sonrakı tamaşalarda adını bildirir: Əhməd Bəşir
oğlu Bədəlbəyli.
Bəzən mən özümə sual verirəm ki, atam
da bu işdən imtina etsəydi, o zaman operanın taleyi necə
olardı?
Lakin o təhqirləri, məzəmmətləri eşidə-eşidə
12 il səhnədən bir-birindən fərqli,
mürəkkəb qadın rollarını
oynamışdı. Onun səsinin tenor və məlahətli,
güclü olması dünya teatr təcrübəsində
görünməyən bir-birindən mürəkkəb opera
və operettalardakı qadın obrazlarındakı muğam
parçalarını, ariyaları məharətlə
qadın səsinə oxşatmağı bacarmağı
göstərir ki, onun səsi olduqca xoşagəlimli, məlahətli,
təsirli olmuşdu. Bu səbəbdən
Ü.Hacıbəyli onun səsini bəyənmişdir.
Dövri mətbuatdakı yazılar da göstərir ki, Azərbaycanda
təhsilin, musiqinin, incəsənətin inkişafında
müstəsna xidmətləri olan xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin ən sevimli aktyorlarından biri Əhməd
Ağdamski olmuşdur.
Dövri mətbuatın yazdığına görə,
atamda başqalaşmaq məharəti daha güclü idi. Onun
oynadığı qadın rollarına nəzər salsaq, bu
halı aydın şəkildə görmək olar.
"Ər-arvad" operettasında Minnət xanım
diribaş, dünyagörmüş qadın, "O olmasın,
bu olsun"da Gülnar məsum bir qız, "Şah Abbas və
Xurşud Banu" operasında Xurşud Banu iradəli kəndli
qızı, "Rüstəm və Zöhrab"da Təhminə
yaşlı, təmkinli bir obrazdır və s.
Atamın dediyinə görə, 1917-ci ildə səsini
vala yazdırıb, lakin o vaxtlar Bakıda baş verən erməni-müsəlman
davası bu işin sona çatdırılmasına mane olub. Elə bu il
də "Arşın mal alan" filmində
Gülçöhrə rolunda çəkilib.
Bütün ömrünü teatrın, musiqinin, mədəniyyətin
inkişafına həsr etmiş Əhməd Ağdamskinin həyat
yolu və yaradıcılığını iki dövrə
ayırmaq olar.
İnqilabdan əvvəlki dövr və sovet
dövrü. İnqilabdan əvvəlki
dövrdəki fəaliyyəti mətbuatda, teatr tarixinə
dair tədqiqatlarda, kitablarda öz əksini tapıb. Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov
kimi ədiblərlə yaxınlıq edib, Ü.Hacıbəyli,
M.Maqomayev, M.A.Əliyev, H.Sarabski kimi sənətkarlarla birlikdə
fəaliyyət göstərib.
Atamın arzularından biri və ən
başlıcası teatr sənətinin inkişafı,
xalqımızın gerilikdən, cəhalətdən
qurtulması, səhnəyə qadınların gəlməsi
olub. Hansı
kişi istəyərdi ki, qadın səsi
çıxarsın və bu səslə muğam, ariya oxusun,
qadına məxsus hərəkətlər etsin. Ona görə
də o, 1917-1918-ci illərdə ilk dəfə kişi
rollarında oynayıb. Bu da böyük
sensasiyaya səbəb olub. Mətbuat
yazır ki, nəhayət, Əhməd Ağdamski Kərəm
rolunda çıxış edəcək. O, Əsgər
rolunda çıxış etməsindən
danışırdı. Çox istəyirdi ki,
səhnəyə qadın aktrisalar gəlsin və tamaşaya
qoyulan əsərlərin təsir gücü aşağı
düşməsin, tamaşaçıların marağına
səbəb olsun. Atamın aktyorluq sənətinə
gətirdiyi aktrisalardan biri Mariya Yermakova idi. Onun teatra gəlməsi belə baş vermişdi.
Bakı şəhər bələdiyyə idarəsində
mühəndis işləyən Frol Yermakov atamla dostluq
edirmiş və bir gün o, atamı evlərinə şam yeməyinə
dəvət edir. Atam bu dəvəti qəbul
edib, ona təşəkkürünü bildirir. Frol
atamı həyat yoldaşı Anisiya Andreyevna, qızları
Mariya və Nina ilə tanış edir. Qızlarının yaxşı səsi olması barədə
atama məlumat verir. Atam çox sevinir, qızların səsini
yoxlayır, məlum olur ki, Mariyanın səsi opera
üçün yararlı ola bilər. Ertəsi gün bu barədə Üzeyir bəyə
məlumat verir və həmin gündən məşqlər
başlayır. Atam Mariyaya Azərbaycan
dilini, musiqisini və aktyorluq sənətini tədricən
öyrədir. Üzeyir bəylə məsləhətləşərək
Mariyanın adını - Məxfurə adı ilə əvəz
olunması qərarına gəlirlər.1917-ci il
dekabr ayının 12-də Məxfurə Yermakovna
"Arşın mal alan" operettasında
Gülçöhrə rolu ilə səhnəyə
çıxır. Sonralar o, gənc tamaşaçılar
teatrının aparıcı aktyorlarından biri olur,
respublikanın əməkdar artisti adına
layiq görülür. Məxfurə xanım həmişə
deyərdi ki, Ə.Ağdamski olmasaydı, mən aktrisa
olmazdım. Atam öz qastrol səfərlərindən,
bu zaman baş verən hadisələrdən daha çox
danışardı. Adətən, yay
aylarında Qarabağa, Şuşaya qastrol səfərlərinə
gedər, yerli həvəskar aktyorlarla birlikdə tamaşalar
göstərərdi. Tamaşaların
birində H.Sarabski atama deyir ki, mən bu gün
oynamayacağam, ağlamayacağam, lakin sən oxumalısan.
Belə də olur, tamaşa böyük
uğurla keçir. Yerli əhali həmişə
bu tamaşaları böyük maraqla
qarşılamışlar və hər dəfə qiymətli
hədiyyələr bəxş etmişlər. 1913-cü ildə atama bağışlanan
gümüş çay dəstinin bəzi nümunələri
evimizdə saxlanılır.
Atamın həyat və
yaradıcılığının ikinci dövrü Ağdam
və daha sonra Ağdaş rayonları ilə
bağlıdır. Ağdamda teatr truppası yaradır.
Bir çox istedadlı teatr həvəskarlarını
bura cəlb edir. Qaflan Muradovun, Xosrov Mamayevin, Heydər
Şəmsizadənin, Nəriman Axundovun fəaliyyətləri
və istedadları barədə çox danışardı. Qısa bir müddətdə N.Nərimanovun
"Nadir şah", Ə.Haqverdiyevin "Dağılan
tifaq", S.S.Axundovun "Laçın yuvası" əsərlərini
tamaşaya qoyur. Bu tamaşalarda özü də
müxtəlif rollarda çıxış edir.
1934-cü ildə ailəmiz Ağdaş rayonuna
köçür. O, Qarabağın musiqi mədəniyyətini, incəsənətini,
musiqi səsini özü ilə bərabər bura gətirir.
O illərdə Ağdaş rayonunda musiqi ilə maraqlananlar az deyildi. Ona görə də o,
xeyli düşünmüş, götür-qoy etmişdi.
Nə üçün respublikamızın gözəl
guşəsində musiqiyə həvəs az
olsun! Elə buna görə də o,
istedadları üzə çıxarmaq üçün
yollar axtarır. Onun bu sahədə ilk təşəbbüsü
Üzeyir bəyin köməyi ilə Ağdaşda musiqi məktəbi
açması olur. 1934-cü ildən
ömrünün sonuna qədər məktəbin tədris
hissə müdiri vəzifəsində
çalışır. O vaxtlar musiqi tədrisinə dair
proqramların, notların, metodik vəsaitin olmamasına
baxmayaraq, o, tədrisi yaxşı təşkil edir. Bu vaxtdan başlayaraq Ağdaşın musiqi həyatında
canlanma yaranır, neçə-neçə gənc onun təşəbbüsü
ilə musiqi məktəbinə gəlir. Bu
rayonda atamı çox sevirdilər, hörmətini tuturdular və
böyükdən-kiçiyə kimi ona "Əhməd əmi"
deyə müraciət edirdilər. Hətta
musiqi məktəbini də "Əhməd əminin tar məktəbi"
adlandırırdılar. Bunun da əsas səbəbi
onun tarı məharətli, şirin çalması ilə
camaata sevdirməsi olmuşdur.
Ağdaş rayonunda musiqi məktəbinin, teatrın
yaranması Ağdaşın mədəni həyatında
böyük dəyişikliyə səbəb olmuşdu. Onlarla gənc
tar, kamança, skripka, fortepiano siniflərinə böyük
həvəslə gəlirdi. Məktəbin
təşkili və fəaliyyətində o dövrün rayon
ziyalılarından Ağabala Şıxıyevin, Musa Əfəndiyevin,
Ağəli Məmmədovun və başqalarının rolu
olmuşdu.
Hər bir təhsil ocağı hazırladığı
mütəxəssislərlə fəxr edir. Ağdaş musiqi
kollektivi də öz məzunları ilə həmçinin.
Belə məzunların ən yüksək zirvəsində
ustad sənətkarımız Habil Əliyev durur. Uzun illər
məktəbdə fəaliyyət göstərən tar müəllimi
Qəhrəman Osmanovu, kamança müəllimləri Fazil
Osmanovu, Şahid Məmmədovu respublikanın əməkdar
artisti Munis Şərifovu göstərmək olar. Məzunu olduğum Ağdaş musiqi məktəbində
atamın dəvəti ilə görkəmli sənətkarlar
- müğənnilər, bəstəkarlar, aktyorlar gəlmiş,
yerli əhali qarşısında dəfələrlə
çıxış etmiş və toy məclislərində
olmuşlar. Yaxın qohumlarımız Hacıbəyli
qardaşları, maestro Niyazi, Şəmsi Bədəlbəyli,
atamın yaxın dostları
Seyid Şuşinski, İsmayıl Dağıstanlı,
Əhməd Bakıxanov, Qaflan Muradov, Yavər Kələntərli,
Cahan Talışınskaya bizim evdə dəfələrlə
olublar. O dövrdə ağdaşlıların toy məclislərinin
əksəriyyətinə atam Ağanı (Seyid
Şuşinskini) və Cahan xanım
Talışınskayanı dəvət edərdi. Çox təəssüf
ki, mənim uşaqlıq çağlarımızın beş ili Böyük Vətən müharibəsi
illərinə düşmüşdü. Şəraitin
ağır olmasına baxmayaraq, məktəb fəaliyyət
göstərirdi. Ağdaşlı gənclər
məktəbin həyətindən musiqi sədaları
altında ordu sıralarına yola salınırdı.
Atam
ağdaşlı gənclərə xüsusi hörmət və
diqqətlə yanaşır, onlara inqilabdan əvvəlki
Bakı mühiti, mədəniyyət və incəsənətin
inkişafı, teatrın yaranması tarixindən, özü
ilə təmasda olan görkəmli şəxsiyyətlərdən
danışar, təhsilə mütaliyə etməyə
xüsusi fikir vermələrini tövsiyə edərdi. Ağdaş Musiqi məktəbinin şagirdlərindən
də müharibəyə gedib-qayıtmayan və ya əlil
olanları da olmuşdur. Onun tar sinfində
oxuyan şagirdlərdən Akif Əfəndiyev və
Çingiz Qədirov da müharibəyə gedib, lakin
yaralanaraq qayıtmışlar. Biri sağ,
ikincisi isə sol qolundan zədə almışdı. Sonra onlar Əhməd müəllimin yanına gələrək
musiqi təhsillərini davam etdirməyi xahiş ediblər.
Atam məsləhət verərək, ikisinin bir
tarda çalmasının mümkün olmasını məsləhət
bilmişdir. Sonra onlarla xüsusi dərs keçərək
bir müddətdən sonra tarda muğam və xalq
mahnıları çalmalarına nail olmuşdur.
Atam bir valideyn kimi həssas, qayğıkeş ailə
başçısı idi. Övladlarının
müxtəlif ixtisaslar üzrə təhsil alması
üçün ciddi səy göstərirdi. Onun həkimlik sənətinə çox
böyük hörməti və marağı var idi. Çünki dayısı Bahadur bəy Xarkovda təhsil
almış, Ağdamda tanınmış həkim olmuşdu.
Ona görə də böyük bacım Cəmilə
bu istiqamətə yönəlmiş və o, Tibb
İnstitutunu bitirərək uzun illər Ağdaş rayon xəstəxanasında
həkim işləmişdir. Bu
yaxınlarda dünyasını dəyişmiş və
öz vəsiyyətinə görə atasının
yanında dəfn olunmuşdur. Atamın
böyük qardaşı Bədəl bəy Azərbaycanın
ilk maarifçilərindən biri olmuşdur. Bu səbəbdən də kiçik bacım Kamilə
ADU-nun şərqşünaslıq fakültəsini bitirərək
ömrünün sonuna qədər Sumqayıtda qabaqcıl ədəbiyyat
müəllimi kimi fəaliyyət göstərmişdir.
Atamın o biri dayısı Ağalar bəy
Əliverdibəyov Varşavada təhsil alaraq mühəndis
olmuşdur. Odur ki, oğlanlarını
mühəndis görmək istəyirdi. Böyük
qardaşı Məmməd Ağdamski Neft İnstitutunu
bitirmiş, uzun illər Balaxanı Neft və
Qazçıxarma İdarəsində baş geoloq vəzifəsində
çalışmışdır. Respublikanın
əməkdar geoloqudur, hazırda təqaüddədir. Bu sətirlərin müəllifi, ailənin
kiçiyi kimyaçı ixtisasını seçmiş və
hazırda bu sahədə fəaliyyət göstərir.
Mən 1953-cü ildə Ağdaş rayonunda
orta məktəbi bitirib, qəbul imtahanlarına gələn
zaman atam rayon xəstəxanasında yatırdı. Onun yanına gəlib, xeyli söhbət etdik. İlk növbədə, mənə uğurlar
arzuladı. İmtahan verərkən
aydın danışmağımı, hər hansı suala
fikirləşib tam cavab verməyimi tövsiyə etdi. Atam xeyirxah əməlləri, işləri, xoş rəftarı,
sadəliyi, mədəni davranışı, dostluğa
sadiqliyi ilə fərqlənirdi və bu keyfiyyətləri
özündə cəmləşdirmişdi. Bir sözlə, böyük fəzilət sahibi idi.
Evdə biz dörd nəfər idik,
hamımız atamızla səmimi və mehriban idik. Ailədə çox mədəni davranırdı,
bununla belə, olduqca ciddi və tələbkar idi. Bizim təhsilimizlə daim maraqlanır, nəzarət
edir, nöqsanlarımızı izah edərək
qarşısını alırdı.
O, səsinin məlahətini və təsirini ömrünün sonuna qədər saxlamışdı. Biz ailədə onun səsini, oxumasını eşitməmişik. Xalq musiqisini və xüsusilə muğamlarımızı dərindən bildiyinə görə ifaçılara tənqidi yanaşırdı. Xanəndələrdən bir çoxları onun yanında oxumağa cürət etməzdilər. Yalnız bir dəfə onun oxumağının şahidi olmuşam. Bu, 1951-ci ilə təsadüf edir. Həmin il böyük bacım Cəmilənin Tibb İnstitutunu bitirməsi ilə əlaqədar evimizdə ziyafət oldu. Ağdaş ziyalılarının da iştirak etdiyi bu ziyafətdə atam həzin tar çalaraq sevdiyi muğamlardan birini ifa etdi. O, o qədər təsirli, yanıqlı oxudu ki, qonaqların bəziləri göz yaşlarını saxlaya bilmədi.
Atam astma xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi getdikcə şiddətlənirdi. 1954-cü ilə qış imtahan sessiyası qurtardıqdan sonra mən qardaşım Məmmədlə Ağdaşa gəldik. Yanvar ayında ailədə onun 70 illik yubileyini qeyd etdik. Təhsilimizi davam etdirmək üçün Bakıya qayıtdıq. Lakin atam bundan sonra çox yaşamadı. Həyatımda ən ağır günlərdən biri baş verdi. O, 1954-cü il aprel ayının 1-də vəfat etdi və Ağdaş rayonunda dəfn olundu. Çox təəssüf ki, onun ömrünün son günlərini görə və vəsiyyətlərini eşidə bilmədik. Ona görə ki, o bizim təhsildən qalmağımıza razı olmurdu.
Atamızın
keçdiyi olduqca mürəkkəb, eyni zamanda şərəfli
həyat və yaradıcılıq yoluna nəzər salarkən
biz övladları fəxr edirik ki, o, Azərbaycan teatr salnaməsinə
opera və operetta janrının yaradıcılarından biri
kimi daxil olmuşdur.
Telman
AĞDAMSKİ,
ADPU-nun professoru,
kimya
elmləri doktoru, əməkdar müəllim
Azərbaycan.-2014.- 16 yanvar.- S.6.