«ASAN xidmət» illik hesabatını verdi

 

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı "ASAN xidmət" mərkəzinin yaranmasının bir illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransda "ASAN xidmət" mərkəzlərində il ərzində görülən işlər və növbəti ildə qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov vətəndaşların "ASAN xidmət"ə olan böyük etimadından söz açaraq bildirib ki, bu onların məsuliyyətini daha da artırır. 

İ.Kərimov qeyd edib ki, ötən il yanvarın 15-də ilkin olaraq 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Bundan sonra 2013-cü ildə bir-birinin ardınca 4 "ASAN xidmət" mərkəzi də istifadəyə verilib. Belə ki, 15 may tarixində Sumqayıt "ASAN xidmət" mərkəzi, 3 iyun tarixdə 2 saylı "ASAN xidmət" mərkəzi, sentyabrın 17-də 3 saylı "ASAN xidmət" mərkəzi, 24 dekabrda isə Gəncə "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Ümumilikdə 5 "ASAN xidmət" mərkəzində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahə üzrə xidmət göstərilir.

İ.Kərimovun sözlərinə görə, ötən il ərzində ümumilikdə 959 min vətəndaşın müraciətinə baxılıb, onlardan 90 faizinin xidmətdən məmnunluğu təmin edilib.

Agentlik rəhbəri vurğulayıb ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində təməl prinsiplər mövcuddur ki, buna dövlət orqanları tərəfindən göstərilən xidmətin operativliyi, rahatlılıq və şəffaflığın təmini, etik davranış qaydalarına əməl edilməsi və s. daxildir: "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tənzimlənir. Agentliyin əsas vəzifələrindən biri də "ASAN xidmət" mərkəzlərinin təşkili, o cümlədən xidmətlərin elektron formalarının tətbiqidir".

Tədbirdə qeyd olunub ki, ötən il "ASAN xidmət" mərkəzlərinin əlamətdar fəaliyyətlərindən biri də könüllülərlə bağlı olub. İndiyə kimi mərkəzlərə 1138 könüllü müraciət edib. 258 nəfər könüllü isə hazırda "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərir. Həmin könüllülərin təşəbbüsü ilə artıq ASAN Könüllüləri Gənclər Təşkilatı yaradılıb.

İ.Kərimov "108" Çağrı mərkəzinin və "ASAN xidmət"in "Facebook" və "Twitter" sosial şəbəkələrindəki fəaliyyətindən də danışıb. Bildirib ki, indiyə kimi Çağrı mərkəzinə 144 326 zəng daxil olub. "Facebook" sosial şəbəkəsi vasitəsi ilə isə 23 986 vətəndaşın müraciətinə cavab verilib.

Konfransda "ASAN" xidmət tərəfindən cari ildə reallaşdırılması gözlənilən yeniliklərdən də söz açılıb. Qeyd olunub ki, "ASAN xidmət" mərkəzləri şəbəkəsinin genişləndirilməsi planlaşdırılır. Odur ki, cari ildə regionlarda daha 4-5 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Bu ilin mart ayında paytaxtın Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" mərkəzi də fəaliyyətə başlayacaqdır. Həmçinin Bakı, Sumqayıt və Abşeron sakinləri qeydiyyatda olduqları yerdən asılı olmayaraq, istədikləri "ASAN xidmət" mərkəzinə müraciət etməklə müxtəlif xidmətlərdən yararlana biləcəklər. İ.Kərimov deyib ki, cari ilin mart ayından etibarən bölgələrdə yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaqdır. Fevralın 1-dən isə ilk dəfə olaraq "ASAN xidmət"in səyyar avtobusları Bakıda da vətəndaşların ixtiyarına veriləcəkdir. Əlillər və sağlamlığı məhdud olan uşaqlar  bu xidmətlərdən yararlanacaqlar.

Xatırladaq ki, ötən il səyyar "ASAN xidmət" vasitəsilə 21 dayanacaqda 37 rayonun əhalisinə (58 603 nəfərə) xidmət göstərilib.

"ASAN" xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fəaliyyətini daha da təkmilləşdirməsi və ən yeni texnologiyaların tətbiqi cari ilin əsas  perspektivləridir.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.- 16 yanvar.- S.6.