Məhsəti Gəncəvi haqqında yeni kitab

 

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitabı bu günlərdə nəşr edilmişdir. Tanınmış məhsətişünas alimin ötən il şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılmışdır. Oxucularla görüşə gələn yeni kitabın isə başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur. Beləliklə, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da Məhsəti Gəncəvinin söz aləmi ilə daha yaxından tanış olmaq imkanı yaranmışdır.

Kitabda orta əsrlərdə qələmə alınmış bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan Məhsəti Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Məhsəti xanımın yaradıcılığı yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya mədəniyyəti kontekstində nəzərdən keçirilir.

Professor Rafael Hüseynovun Məhsəti Gəncəviyə həsr edilmiş kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində hazırlanmış, "Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüşdür.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.8.