Azərbaycanlı redaktor
«Liçnosti» jurnalının
redaksiya heyətinin üzvü
seçilmişdir
"Azərnəşr" nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov Ukraynada nəşr edilən "Liçnosti" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Bu barədə qərar jurnalın redaksiya heyətinin 2013-cü il 19 dekabr tarixli iclasında qəbul edilmişdir.
Bununla əlaqədar Əlövsət Ağalarova ünvanlanmış məktubda deyilir: "Liçnosti" nəşriyyat evi adından Sizə "Liçnosti" jurnalının redaksiya heyətinin tərkibində əməkdaşlıq təklif etməyi özümüzə şərəf sayırıq. Əminik ki, sizin zəngin təcrübəniz, geniş erudisiyanız və parlaq ədəbi istedadınız "Liçnosti" ədəbi-tarixi layihəsinin uğurla inkişaf etdirilməsi və Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün əsasdır.
Xatırladaq ki, "Liçnosti" nəşriyyat evi 2013-cü ilin dekabr ayında "Liçnosti" jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi buraxılışının təqdimatını keçirmişdir.
Nəşrin mətbuat xidmətində AzərTAc-a bildirmişlər ki, "Liçnosti" jurnalı Rusiya Federasiyasında, Belarus Respublikasında və başqa ölkələrdə çap olunur.
Tarixi-bioqrafik nəşr olan "Liçnosti" jurnalının səhifələrində hər birinin həyatı xronoloji çərçivələrdən daha geniş əhatəli olan yüzlərlə insanın taleləri öz əksini tapmışdır. Bu qəhrəmanlar cəmiyyətin müxtəlif sosial təbəqələrini, müxtəlif ölkələri və dövrləri təmsil edir. Lakin onları birləşdirən bir əlamət var - bu insanlar tarixi dəyişmişlər və onların təsiri ilə dünya başqalaşmışdır. Axı şəxsiyyət elə insana deyilir ki, o, dünyasını dəyişəndən sonra da yeganə əbədi sığınacaq olan ictimai şüurda yaşamaqda davam edir.
Jurnalın
formatı rusdilli oxucu üçün xüsusi maraq
doğurur, çünki burada keçmiş SSRİ məkanı
və bütün dünya sakinləri üçün
ümumi sayılan bir sıra görkəmli simaların
bioqrafiyaları əks olunmuşdur. Nəşrin dili onu rusiyalı oxucu üçün əlyetərli
edir, beləliklə də, Ukrayna nəşriyyatlarını xaricdə
populyarlaşdırmağa xidmət edir, həm
Ukrayna dövlətinin ərazisində, həm
də onun hüdudlarından kənarda Ukrayna məhsullarına maraq
oyadır. Rəngli formatda,
yüksək keyfiyyətlə çap
edildiyinə görə kitabsevərlər və
kolleksiyaçılar üçün daha qiymətli olan "Liçnosti" jurnalı müntəzəm olaraq xüsusi
buraxılışlarla, həmçinin jurnalın ən populyar və uğurlu
nömrələrindən ibarət ayrıca məcmuələr
hesabına daha da
zənginləşir.
Azərbaycan.-2014.- 17 yanvar.- S.8.