«İRS» jurnalının yapon
dilində nəşr olunan dördüncü nömrəsində Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın muğam haqqında məqaləsi
dərc edilmişdir
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və "İRS-Isan" jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilmişdir.
Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir.
Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.
Bundan
əlavə, jurnalda baş redaktor Musa Mərcanlının
"Qarabağ - muğamın beşiyi", Tofiq Musayevin ermənilər
tərəfindən törədilmiş Xocalı faciəsi
haqqında "Xocalıda cinayət: hadisənin
günahkarları, baş verənlərin beynəlxalq
hüquqa əsasən təsnifatı və məsuliyyət",
ötən il yaradıcılığının 900 illik
yubileyi qeyd olunmuş böyük Azərbaycan şairi Məhsəti
Gəncəvi haqqında Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Rafael Hüseynovun
"Müasirimiz Məhsəti Gəncəvi", tarix üzrə
fəlsəfə doktoru İzmira Quliyevanın "Azərbaycanın
təbii boyaları - təbiətin insana hədiyyəsi",
Afət Rüstəmbəyovanın Azərbaycan tətbiqi sənətində
xüsusi yeri olan qurama sənəti haqqında "Qurama - Azərbaycan
tətbiqi sənətinin bir növü kimi", tarix üzrə
fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan
Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri
yer almışdır.
Ölkəmizə
səfər edərək son illər Azərbaycanın sürətli
inkişafının şahidi olmuş yapon müəllifləri,
tanınmış iqtisadçı-ekspert Kazuyasu
İşidanın "Yeni zirvələr fəth edən Azərbaycan"
və JIJI PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin
"Odlar yurdu Azərbaycana səyahət"
başlıqlı məqalələri də jurnalda yerləşdirilmişdir.
Nəfis
tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi
yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni
irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi,
turizm imkanları və ölkəmizin inkişaf perspektivləri
haqqında daha ətraflı məlumatlandırmaqdır.
Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.-2014.- 17 yanvar.- S.3.