Elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin

 inkişafına dair memorandum imzalanmışdır

 

Yanvarın 16-da Latviya Elmlər Akademiyasının (LEA) prezidenti akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində olmuşdur.

AMEA-nın prezidenti akademik Akif Əlizadə qonaqlara Azərbaycan və Latviya respublikaları arasında uzun illərdir müxtəlif sahələrdə mövcud olan dostluq və əməkdaşlıq  münasibətlərindən danışmış, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini  vurğulamışdır.

Oyars Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarının diqqətinə çatdırmışdır.

Təkliflərin müzakirəsindən sonra akademik Akif Əlizadə qeyd etmişdir ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, ArxeologiyaEtnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdırlar. Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layihə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirilə bilər.

Görüşün sonunda Latviya Elmlər Akademiyası və AMEA arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafına dair memorandum imzalanmışdır. Sənəddə 2014-2015-ci illərdə fizika-texnikakimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 17 yanvar.- S.3.