Hafiz PAŞAYEV: ADA Universitetinin
yaradılması
Azərbaycanın təhsil
sistemində mühüm
hadisədir
ADA Universitetinin yaradılması
Azərbaycanın təhsil
sistemində mühüm
hadisədir. Bu sözləri Azərbaycanın
xarici işlər nazirinin müavini, universitetin rektoru Hafiz Paşayev yanvarın 16-da keçirdiyi mətbuat konfransında söyləmişdir.
Rektor bildirmişdir ki, Prezident İlham Əliyevin bu il yanvarın
13-də imzaladığı sərəncama uyğun olaraq Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları
Universitetinin əsasında
ADA Universitetinin yaradılması
bu ali məktəbin
Azərbaycanda təhsilin
inkişafına verdiyi
töhfənin nəticəsidir.
O vurğulamışdır ki, universitet statusu alması ADA-ya yeni ixtisaslar,
proqramlar, fakültələr
yaratmaq, bununla da Azərbaycanın və regionun inkişafına töhfə
verəcək savadlı
gənclərin yetişdirilməsində
daha yaxından iştirak etmək imkanı yaradır. Diqqətə çatdırılmışdır
ki, Xarici İşlər Nazirliyinin
nəzdində fəaliyyət
göstərən universitet
ali təhsilin
bütün səviyyələri
üzrə kadr hazırlığını, ali
və əlavə təhsil proqramlarını
həyata keçirəcək,
fundamental və tətbiqi
elmi tədqiqatlar aparacaqdır.
Prorektor
Fariz İsmayılzadə
mətbuat konfransında
bildirmişdir ki, ADA Universiteti dünyanın bir sıra tanınmış
ali təhsil
ocaqları ilə əməkdaşlıq edir.
Hazırda biznes, ictimai və beynəlxalq münasibətlər,
humanitar və dəqiq elmlər, mühəndislik və informasiya texnologiyaları fakültələrinin fəaliyyət
göstərdiyi universitetdə
təxminən 700 tələbəyə
həm bakalavr, həm də magistr dərəcələri
üzrə müxtəlif
ixtisaslar təklif edilir. Yaxın gələcəkdə isə
ADA-da fakültələrin
və proqramların, eləcə də universitetdə təhsil alan tələbələrin
sayı artacaqdır.
AzərTAc
Azərbaycan.-2014.- 17 yanvar.- S.3.