İctimai iştirakçılıq
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi
müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunun məqsədləri üçün
aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1.
ictimai iştirakçılıq - dövlət və cəmiyyət
həyatının müxtəlif sahələrində
dövlət siyasətinin hazırlanmasında və həyata
keçirilməsində, ümumdövlət və yerli səviyyədə
qərarların qəbulunda, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş mərkəzi
icra hakimiyyəti orqanlarının (bundan sonra - mərkəzi
icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının fəaliyyətinə
ictimai nəzarətin təşkilində vətəndaşların
və vətəndaş cəmiyyəti institutlarının
bu qanunla müəyyən edilmiş formalarda iştirakı,
dövlət və yerli özünüidarəetmə
orqanlarının ictimaiyyətlə məsləhətləşməsi
və ictimai rəyin nəzərə alınması;
1.0.2. vətəndaş cəmiyyəti
institutları - qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri,
həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs
qrupları və bələdiyyələrin məhəllə
komitələri;
1.0.3. ictimai şura - bu qanunda nəzərdə
tutulmuş məqsədlərin həyata keçirilməsi
üçün mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının və yerli özünüidarəetmə
orqanlarının yanında yaradılan məşvərətçi
qurum;
1.0.4. ictimai müzakirə - ictimai əhəmiyyətli
qərarların qəbulu zamanı müvafiq məsələlər
barəsində əhalinin müxtəlif təbəqələrinin
təkliflərinin hazırlanması üçün aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarının səlahiyyətli nümayəndələrinin,
vətəndaş cəmiyyəti institutlarının
nümayəndələrinin, ayrı-ayrı vətəndaşların,
mütəxəssis və ekspertlərin iştirakı ilə
təşkil olunmuş yığıncaq;
1.0.5. ictimai dinləmə - hüquqi aktların layihələrinə,
dövlət və cəmiyyət həyatının
ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə
məsləhətləşmələrin keçirilməsi və
vətəndaşların məlumatlandırılması
üçün aidiyyəti dövlət və yerli
özünüidarəetmə orqanlarının səlahiyyətli
nümayəndələrinin, vətəndaş cəmiyyəti
institutlarının nümayəndələrinin,
ayrı-ayrı vətəndaşların, mütəxəssis
və ekspertlərin iştirakı ilə təşkil
olunmuş yığıncaq;
1.0.6. ictimai rəyin öyrənilməsi - dövlət
və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə
dair əhalinin müxtəlif təbəqələrinin rəyinin
öyrənilməsi məqsədi ilə sosioloji
sorğuların və digər oxşar tədbirlərin
keçirilməsi;
1.0.7. hüquqi aktların layihələrinin ictimai
müzakirəsi - hüquqi aktların layihələrinin
onların hazırlanmasında iştirak edən şəxslərin,
habelə vətəndaş cəmiyyəti
institutlarının, ayrı-ayrı vətəndaşların,
ekspertlərin və mütəxəssislərin
iştirakı ilə araşdırılması, təhlil
edilməsi və qiymətləndirilməsi;
1.0.8. yazılı məsləhətləşmə
- hüquqi aktların layihələrinə dair vətəndaş
cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi
üçün mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanları tərəfindən
onlara müraciət edilməsi və yazılı formada təqdim
olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi,
ümumiləşdirilməsi və qiymətləndirilməsi.
Maddə 2. İctimai iştirakçılıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1.
İctimai iştirakçılıq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən və bu Qanundan ibarətdir.
2.2. Bu Qanunun müddəaları vətəndaş cəmiyyəti
institutlarının və ayrı-ayrı vətəndaşların
ictimai iştirakçılığın həyata
keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə
tutulmamış digər hüquqlarını məhdudlaşdırmır.
Maddə 3. İctimai iştirakçılığın məqsədləri
3.0.
İctimai iştirakçılığın məqsədləri
aşağıdakılardır:
3.0.1. vətəndaşların dövlətin idarə
olunmasında iştiraka cəlb edilməsi;
3.0.2. mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə
ictimai nəzarətin həyata keçirilməsi;
3.0.3. mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət
arasında səmərəli qarşılıqlı fəaliyyətin
təşkili;
3.0.4. mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarının fəaliyyətində
aşkarlığın və şəffaflığın təmin
olunması;
3.0.5. dövlət siyasətinin formalaşması, həyata
keçirilməsi və qərarların qəbulu zamanı
ictimai rəyin və vətəndaşların qanuni
maraqlarının nəzərə alınması;
3.0.6. əsas insan və vətəndaş
hüquqlarının müdafiəsi.
Maddə 4. İctimai iştirakçılığın prinsipləri
4.0.
İctimai iştirakçılıq aşağıdakı
prinsiplər əsasında həyata keçirilir:
4.0.1. qanunçuluq;
4.0.2. könüllülük;
4.0.3. şəffaflıq;
4.0.4. plüralizm;
4.0.5. bərabərlik və ayrı-seçkiliyə
yol verilməməsi.
Maddə 5. İctimai iştirakçılığın
formaları
5.1.
İctimai iştirakçılığın formalarına
aşağıdakılar aiddir:
5.1.1. ictimai şura;
5.1.2. ictimai müzakirə;
5.1.3. ictimai dinləmə;
5.1.4. ictimai rəyin öyrənilməsi;
5.1.5. hüquqi aktların layihələrinin ictimai
müzakirəsi;
5.1.6. yazılı məsləhətləşmə.
5.2. Bu Qanun ictimai iştirakçılığın digər
formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
2-ci fəsil
İctimai
şuralar
Maddə 6. İctimai şuranın yaradılması qaydası
6.1.
İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu
Qanunla müəyyən edilmiş tələblər nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti
institutları tərəfindən seçilir. Azərbaycan
Respublikasının 16 yaşına çatmış hər
bir vətəndaşı ictimai şuranın üzvü ola bilər.
6.2.
İctimai şuranın səlahiyyət müddəti iki
ildir.
6.3. Mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanı öz internet səhifəsi və mövcud olan digər
vasitələrlə ictimai şuraya namizədlərin irəli
sürülməsi, onların qeydiyyatının
başlanması və başa çatması vaxtını
elan edir. Namizədlərin irəli sürülməsi və
qeydiyyatı üçün nəzərdə tutulan müddət
iyirmi iş
günündən az ola bilməz.
6.4. Hər
bir vətəndaş cəmiyyəti institutu ictimai
şuranın üzvlüyünə yalnız bir namizəd irəli
sürə bilər. Namizədlərin irəli
sürülməsi başa çatdıqdan sonra bir ay müddətində
ictimai şuraya seçkilər keçirilir.
6.5. Namizəd
irəli sürməyən vətəndaş cəmiyyəti
institutları da ictimai şuranın üzvlərinin
seçilməsində iştirak edə bilərlər.
6.6.
İctimai şuranın üzvləri irəli
sürülmüş namizədlər içərisindən
vətəndaş cəmiyyəti institutlarının
(onların ərazi təşkilatlarının), yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarına münasibətdə isə müvafiq ərazidə
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
institutlarının bərabər sayda təmsilçilərindən
ibarət birgə yığıncaqda gizli səsvermə yolu
ilə seçilir.
6.7.
İctimai şuradakı fəaliyyətinə görə
üzvlərə əmək haqqı, qonorar, kompensasiya və
başqa ödənişlər verilmir.
6.8.
İctimai şuranın fəaliyyətinin texniki (mərkəzi
və yerli icra hakimiyyəti orqanı və yerli
özünüidarəetmə orqanının maliyyə vəsaitlərindən
istifadə istisna olmaqla) və informasiya təminatı ilə
bağlı məsələlər müvafiq mərkəzi və
yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə
orqanı tərəfindən həll edilir.
6.9. Mərkəzi
və yerli icra hakimiyyəti orqanı və yerli
özünüidarəetmə orqanı tərəfindən
ictimai şuranın sərbəst fəaliyyəti
üçün şərait yaradılır.
Maddə 7. İctimai şuranın hüquqları və vəzifələri
7.1.
İctimai şuranın aşağıdakı
hüquqları vardır:
7.1.1. mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti
üçün zəruri olan məlumatları, ictimaiyyətlə
məsləhətləşmələr tələb edən məsələlər
üzrə hüquqi aktların layihələrini almaq;
7.1.2. ictimaiyyətlə məsləhətləşmələrin
keçirilməsi barədə mərkəzi və yerli icra
hakimiyyəti və yerli özünüidarəetmə
orqanına təkliflər vermək;
7.1.3. müvafiq ərazidə və sahədə
dövlət siyasətinin formalaşması və həyata
keçirilməsi barədə təkliflərlə
çıxış etmək;
7.1.4. müvafiq sahədə dövlət siyasətinin
hazırlanması və həyata keçirilməsi barədə
hüquqi aktların layihələrinin hazırlanması ilə
bağlı təkliflər vermək;
7.1.5. ictimai əhəmiyyət kəsb edən məsələlərin
həllinə dair vətəndaş cəmiyyəti
institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək
və mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanına təqdim etmək;
7.1.6. dövlət və cəmiyyət həyatının
ayrı-ayrı məsələlərinin müzakirəsi
üçün açıq tədbirlər (ictimai
müzakirələr, dinləmələr, seminarlar, konfranslar,
"dəyirmi masa"lar və digər tədbirlər) təşkil
etmək;
7.1.7. ictimai rəyin öyrənilməsi
üçün sorğular keçirmək və ya
müvafiq təşkilatlara sorğu keçirilməsi barədə
təkliflər vermək;
7.1.8. hüquqi aktların layihələrinin ictimai
müzakirəsini keçirmək;
7.1.9. şuranın işinə mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının, yerli
özünüidarəetmə orqanlarının nümayəndələrini,
vətəndaş cəmiyyəti institutlarını, ekspertləri
və elmi təşkilatların, o cümlədən beynəlxalq
təşkilatların nümayəndələrini,
ayrı-ayrı mütəxəssisləri cəlb etmək;
7.1.10. öz məqsədlərini həyata
keçirmək üçün daimi və müvəqqəti
işçi orqanlar (komitələr, komissiyalar, ekspert
qrupları, işçi qruplar və s.) yaratmaq.
7.2.
İctimai şura üzvlərinin mərkəzi və yerli
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının yerləşdiyi binaya müvafiq orqan tərəfindən
müəyyən olunmuş qaydada daxil olmaq hüququ
vardır.
7.3.
İctimai şuranın aşağıdakı vəzifələri
vardır:
7.3.1. Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına, habelə
digər normativ hüquqi aktlara riayət etmək;
7.3.2. şuranın fəaliyyəti barədə əhalini
məlumatlandırmaq;
7.3.3. öz fəaliyyətinə dair illik hesabat
hazırlamaq və dərc etdirmək;
7.3.4. müzakirə olunan məsələlərə
qərəzsiz yanaşmaq.
Maddə 8. İctimai şuranın iclasları
8.1.
İctimai şuranın iclasları ildə dörd dəfədən
az olmayaraq keçirilir. Növbədənkənar
iclaslar ictimai şura sədrinin təşəbbüsü və
ya üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü
ilə çağırılır.
8.2.
İctimai şuranın iclasları açıq
keçirilir.
8.3.
İctimai şuranın iclasının gündəliyinin layihəsi
ictimai şura sədrinin və üzvlərinin təklifləri
əsasında formalaşır və iclasda təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və
yerli özünüidarəetmə orqanı ictimai
şuranın müzakirəsinə məsələlər təklif
edə bilər.
8.4.
İctimai şura üzvlərinin yarısından çoxu
iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai şuranın iclaslarını onun sədri
aparır. Sədr olmadıqda isə iclasa
sədrlik onun müavini tərəfindən həyata
keçirilir.
8.5.
İctimai şuranın aktları iclasda iştirak edənlərin
sadə səs çoxluğu ilə qəbul edilir və sədrlik
edən tərəfindən imzalanır. Səslər
bərabər olarsa, sədrin səsi həlledici olur.
8.6. Mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanının nümayəndələri ictimai şuranın
iclaslarında iştirak edə bilərlər.
Maddə 9. İctimai şuranın sədri, sədr müavini və
katibi
9.1.
İctimai şuranın sədri şuranın iclasında
şuranın üzvləri arasından iki il
müddətinə seçilir.
9.2.
İctimai şuranın sədri:
9.2.1. ictimai şuranın fəaliyyətinə rəhbərlik
edir;
9.2.2. dövlət və yerli özünüidarəetmə
orqanları, vətəndaş cəmiyyəti institutları
ilə münasibətlərdə ictimai şuranı təmsil
edir;
9.2.3. ictimai şuranın fəaliyyətinin prioritet
istiqamətlərini müəyyənləşdirir;
9.2.4. ictimai şuranın iclaslarına sədrlik
edir.
9.3.
İctimai şura sədrinin müavini şuranın
iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.
9.4.
İctimai şuranın katibi şuranın iclasında
şura üzvləri arasından iki il
müddətinə seçilir.
9.5.
İctimai şuranın katibi:
9.5.1. ictimai şuranın cari fəaliyyətini təmin
edir;
9.5.2. ictimai şura üzvlərinin fəaliyyətini
əlaqələndirir;
9.5.3. ictimai şuranın aktlarını aidiyyəti
üzrə təqdim edir;
9.5.4. ictimai şuranın kargüzarlıq işini təşkil
edir.
Maddə 10. İctimai şuranın reqlamenti
10.1.
İctimai şuranın iş qaydası onun iclasında qəbul
edilən reqlament ilə müəyyən edilir.
10.2.
İctimai şuranın reqlamentində aşağıdakılar
nəzərdə tutulur:
10.2.1. ictimai şuranın iclaslarının
keçirilməsi vaxtı və qaydası;
10.2.2. ictimai şuranın aktlarının qəbul
edilməsi qaydası;
10.2.3. ictimai şuranın sədrinin, sədrin
müavininin və katibin seçilməsi qaydası;
10.2.4. ictimai şuranın daimi və müvəqqəti
işçi orqanlarının (komitələr, komissiyalar,
ekspert qrupları, işçi qruplar və s.)
yaradılması və onların vəzifələri;
10.2.5. ictimai şuranın üzvlüyünə
xitam verilməsinin əsasları və qaydası;
10.2.6. ictimai şuranın mərkəzi və yerli
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları ilə qarşılıqlı fəaliyyətinin
təşkili məsələləri;
10.2.7. ictimai şuranın işinə mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının nümayəndələrinin, vətəndaş
cəmiyyəti institutlarının, ekspertlərin və elmi təşkilatların,
o cümlədən beynəlxalq təşkilatların
nümayəndələrinin, ayrı-ayrı mütəxəssislərin
cəlb olunması qaydası;
10.2.8. ictimai şuranın strukturu və fəaliyyətinin
təşkili ilə bağlı digər məsələlər.
Maddə 11. İctimai şuranın aktları
11.1.
İctimai şura təşkilati məsələlər
üzrə qərarlar, digər məsələlər üzrə
isə rəy və təkliflər qəbul edir.
11.2.
İctimai şuranın rəy və təkliflərinə həmin
sənədlərin ünvanlandığı mərkəzi və
yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanı tərəfindən "Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq baxılmalıdır.
11.3.
İctimai şuranın rəy və təkliflərinin nəzərə
alınmaması müvafiq orqan və ya vəzifəli şəxs
tərəfindən əsaslandırılmalıdır.
3-cü fəsil
İctimai
dinləmə və ictimai müzakirə
Maddə 12. İctimai dinləmə və ictimai müzakirə təşəbbüsü
Dövlət
və yerli özünüidarəetmə orqanları, vətəndaş
cəmiyyəti institutları, ictimai şuralar və
ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və
ictimai müzakirənin təşəbbüsçüsü
ola bilərlər.
Maddə 13. İctimai dinləmənin və ictimai müzakirənin
təşkilinə və keçirilməsinə dair əsas
tələblər
13.1.
İctimai dinləmənin və ictimai müzakirənin təşkili
və keçirilməsi zamanı aşağıdakılar nəzərə
alınmalıdır:
13.1.1. ictimai dinləmənin və ictimai müzakirənin
məqsədinin və mövzusunun dəqiq müəyyən
edilməsi;
13.1.2. dinləmənin və müzakirənin
mövzu
su barədə
maraqlı tərəflərin məlumatlandırılması;
13.1.3. dinləmələrə və müzakirələrə
ekspertlərin və mütəxəssislərin cəlb edilməsi;
13.1.4. problemin müstəqil və geniş təhlilinin
aparılması;
13.1.5. tələb olunduğu hallarda alternativ layihələrin
və təkliflərin müzakirəyə
çıxarılması;
13.1.6. dinləmənin və müzakirənin
mövzusuna aidiyyəti dövlət və yerli
özünüidarəetmə orqanlarının səlahiyyətli
nümayəndələrinin iştirakının təmin
edilməsi;
13.1.7. dinləmənin və müzakirənin nəticələri
haqqında maraqlı tərəflərin məlumatlandırılması.
13.2.
İctimai dinləmə və ictimai müzakirə
açıq keçirilir. İstənilən
şəxs dinləmələrdə iştirak edə və
müzakirə olunan məsələ barəsində öz
mülahizəsini bildirə bilər.
Maddə 14. İctimai dinləmənin və ictimai müzakirənin
təşkili
14.1.
İctimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı:
14.1.1. dinləmənin və müzakirənin
mövzusunu dəqiqləşdirir və təsdiq edir;
14.1.2. əsas məruzələrin mövzusunu və
məruzəçiləri müəyyən edir;
14.1.3. dinləmənin və müzakirənin
keçirilməsi proqramının layihəsini
hazırlayır;
14.1.4. dinləmənin və müzakirənin
keçirilməsi yerini, vaxtını və müddətini
müəyyən edir;
14.1.5. iştirakçıların seçilməsi
prinsiplərini və dəvət edilməsi formalarını
müəyyənləşdirir, onları dəvət edir;
14.1.6. kütləvi informasiya vasitələri və
ictimaiyyət üçün elan xarakterli məlumatlar
hazırlayır və həmin məlumatları hamının
tanış ola biləcəyi yerlərdə yerləşdirir;
14.1.7. dinləmənin və müzakirənin yekun sənədinin
(sənədlərinin) ilkin layihəsini hazırlayır.
14.2.
İctimai dinləmənin və ictimai müzakirənin
keçirilməsi barədə elan təşəbbüskarın
internet səhifəsində və ya kütləvi informasiya
vasitələrində tədbirdən ən azı yeddi iş
günü əvvəl dəqiq vaxt və yer göstərilməklə
yerləşdirilir.
Maddə 15. İctimai dinləmənin və ictimai müzakirənin
yekun sənədi
15.1. Vətəndaş
cəmiyyəti institutları tərəfindən
keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi
dinləmə zamanı açıqlanmış əsas fikir,
rəy və təkliflərin icmalı formasında hazırlanır,
ictimai dinləməyə sədrlik edən tərəfindən
imzalanır və dinləmə başa çatdıqdan sonra ən
geci üç iş günü müddətində aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarına və kütləvi informasiya vasitələrinə
təqdim olunur.
15.2. Vətəndaş
cəmiyyəti institutları tərəfindən
keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi
rəy və təkliflər formasında qəbul edilir,
iclasın sədri tərəfindən imzalanır və
müzakirə başa çatdıqdan sonra ən geci
üç iş günü müddətində aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarına və kütləvi informasiya vasitələrinə
təqdim olunur.
15.3.
İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə
bu qanunun 11.2-ci maddəsində müəyyənləşdirilmiş
qaydada baxılır.
4-cü fəsil
Yazılı
məsləhətləşmə
Maddə 16. Yazılı məsləhətləşmənin təşkili
16.1. Mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları hazırladıqları hüquqi aktların layihələri
barədə yazılı məsləhətləşmələrin
başlanması haqqında məlumatı öz internet səhifəsində
və ya kütləvi informasiya vasitələrində yerləşdirir.
16.2.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən əldə edilməsi
məhdudlaşdırılmış informasiyanı nəzərdə
tutan hüquqi aktların layihələri və ya onların
müvafiq struktur elementləri yazılı məsləhətləşmə
üçün dərc olunmur.
Maddə 17. Yazılı məsləhətləşmələrin
müddəti
17.1. Mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları hazırladıqları hüquqi aktların layihələri
barədə vətəndaş cəmiyyəti
institutlarının rəy, irad və təkliflər verə
bilməsi üçün azı yeddi iş günü nəzərdə
tutur.
17.2. Daxil
olmuş rəy, irad və təkliflər mərkəzi və
yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları tərəfindən müzakirə edilib qiymətləndirildikdən
sonra onların nəzərə alınmasına və ya rədd
edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış
qərar verilir və dərc edilir.
5-ci fəsil
Hüquqi
aktların layihələrinə dair ictimai dinləmə və
ictimai müzakirə
Maddə 18. Qanun layihələrinə dair ictimai dinləmə və
ictimai müzakirənin təşkili
18.1. Azərbaycan
Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I
hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilən qanun layihələrinə
dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan
Respublikası Milli Məclisinin Aparatı tərəfindən
təşkil edilir.
18.2. Qanun
layihələrinə dair ictimai dinləmə və ictimai
müzakirənin təşkili üçün Azərbaycan
Respublikası Milli Məclisinin Aparatı:
18.2.1. Azərbaycan
Respublikası Milli Məclisinin internet səhifəsində
xüsusi bölmə ayırır;
18.2.2. Azərbaycan
Respublikası Milli Məclisinin Aparatında qeydiyyata
alınmış bütün qanun layihələrini
müvafiq komitəyə göndərdikdən sonra
üç gün ərzində Azərbaycan Respublikası
Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində
yerləşdirir;
18.2.3. Azərbaycan
Respublikası Milli Məclisinin internet səhifəsinin
xüsusi bölməsində qanun layihəsi ilə birlikdə
onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi,
göndərildiyi komitə (komitələr), ictimai dinləmələrin
qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin
müddəti, keçirilməsi qaydaları, rəy, irad və
təkliflərin təqdim olunması qaydası, onlara
baxılması və nəticələrin
açıqlanacağı müddətlər barədə məlumatı
yerləşdirir;
18.2.4. qanun layihələrinə dair təqdim
olunmuş rəy, irad və təkliflərin nəzərə
alınmasının nəticələri barədə ictimaiyyəti
məlumatlandırır;
18.2.5. birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin
yenilənmiş mətnlərini dərc edir.
18.3. Qanun
layihələrinə dair ictimai dinləmələrin
keçirilməsi qaydası Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Maddə 19. Digər hüquqi aktların layihələrinə dair
ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
Mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının
hazırladıqları hüquqi aktların layihələrinə
dair ictimai dinləmə və ictimai müzakirə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
keçirilir.
6-cı fəsil
Yekun
müddəalar
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 21. Qanunun qüvvəyə minməsi
Bu qanun
2014-cü il iyunun 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 22 noyabr 2013-cü il
Azərbaycan.-2013.-
17 yanvar.- S.2.