Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır

 

Başa çatmış 2013-cü il ölkəmiz üçün cəmiyyət həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, beynəlxalq əlaqələrin genişlənməsi baxımından bir sıra mühüm hadisələrlə yadda qaldı. Azərbaycan diplomatiyası il ərzində dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın sıxlaşdırılması, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə geniş fəaliyyət göstərmiş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Bütün bu məsələlərə yanaşmada milli maraqlar önə çəkilmiş, dövlətin təhlükəsizliyi ilə əlaqəli məqamlar diqqət mərkəzində saxlanmışdır.

Yola saldığımız ildə Azərbaycan diplomatiyası dünyanın ayrı-ayrı ölkələri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, dövlətimizin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atmış, yeni tərəfdaşların qazanılması naminə məqsədyönlü aparmışdır. Bu baxımdan Prezident İlham Əliyevin xarici səfərləri, dünya liderləri ilə keçirdiyi çoxsaylı görüşlər və danışıqlar, eləcə də xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri diqqəti cəlb edir. Bu təmaslar zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan yeni tərəfdaşlar qazanmış, regional və beynəlxaq müstəvidə nüfuzunu möhkəmlətmək imkanı əldə etmişdir. Dövlət başçısının apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələri daim diqqətə çatdırılmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyi vurğulanmışdır.  

Məlum olduğu kimi, ölkəmiz 2011-ci ilin oktyabrında BMT Baş Məclisinin 66-cı sessiyasının iclasında BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə 155 üzv-dövlətin dəstəyi ilə Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Növbəti ilin may ayında isə Azərbaycan rotasiya qaydasına uyğun olaraq BMT TŞ-də sədrlik etmişdir.

Ötən il Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini davam etdirmişdir. Keçən il həm də dövlətimizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi ilə yadda qalmışdır. Oktyabr ayına təsadüf etmiş ikinci sədrlik müddətində də Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması prinsipinə sadiq qalaraq üzərinə düşən vəzifələri uğurla icra etmiş, beynəlxalq əməkdaşlığa töhfə verən dövlət kimi nüfuz qazanmışdır. İkinci sədrlik müddətində mühüm hadisələrdən biri ölkəmizin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının tarixində ilk dəfə olaraq BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair yüksək səviyyəli iclasın keçirilməsi idi. Xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Pan Gi Mun və İƏT-in sabiq baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT ilə İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilmişdir. Bundan başqa, ölkəmizin ikinci sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Afrika və Yaxın Şərqdə vəziyyət, digər mühüm məsələlər diqqət mərkəzində olmuşdur.

Eyni zamanda Azərbaycan BMT Təhlükəsizlik Şurasında üzvlüyü dövründə milli maraqların qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmişdir. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri Təhlükəsizlik Şurasının müvafiq iclaslarında müntəzəm olaraq diqqətə çatdırılmışdır. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi məsələsi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə əksini tapmışdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü artıq başa çatmışdır. İki il ərzində Azərbaycan BMT-nin üzvü olan dövlətlər, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə əməkdaşlıq münasibətlərini daha da genişləndirmişdir. Təhlükəsizlik Şurasında üzvlüyü müddətində Azərbaycanın uğurlu fəaliyyəti, həmişə ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunmuşdur. Bu müddətdə ölkəmizin qurumda göstərdiyi fəaliyyət səmərəli olmuş və diplomatiyamızın tarixində yeni səhifə açmışdır. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü olaraq nadir təcrübə qazanmışdır. Bu təcrübə ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, mədəniyyətlərarası dialoqhumanitar yardımlara töhfə vermək kimi tükənməz əzmini daha da gücləndirdiyini diqqətə çatdırmaqla yanaşı, digər yeni müstəqil ölkələr üçün də faydalı ola bilər.

Ümumiyyətlə, ötən il Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatında fəallığı diqqəti daha çox cəlb etmişdir. Ötən ilin noyabrında Avropa İttifaqının (Aİ) Vilnüsdə (Litva) III "Şərq Tərəfdaşlığı" sammiti  keçirildi. Məlum olduğu kimi, bu proqramın məqsədi Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus ilə siyasiiqtisadi cəhətdən yaxınlaşmasıdır. Sammitdə bu ölkələrin dördü - Ukrayna, Moldova, Gürcüstan, Ermənistan ilə assosiasiya sazişinin paraflanması nəzərdə tutulurdu. Lakin sözügedən sənədi yalnız iki ölkə - GürcüstanMoldova parafladı. Sammitdən təxminən iki ay əvvəl Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına daxil olacağını və Avrasiya İqtisadi İttifaqının formalaşdırılması prosesinə qoşulacağını bəyan etmişdi. Bu isə Avropa ilə yaxınlaşmanın sonu demək idi. Ukrayna isə sammitdən bir həftə əvvəl Aİ ilə assosiasiyaya hazırlıq prosesinin müvəqqəti olaraq dayandırılması haqqında qərar qəbul etmişdi.

Azərbaycan Vilnüs sammitində Aİ ilə bir sənəd - viza rejiminin sadələşdirilməsi haqqında saziş imzaladı. Bununla Azərbaycan-Aİ əlaqələrinin dərinləşdirilməsi naminə əhəmiyyətli addım atıldı. Assosiasiya sazişinə gəlincə, rəsmi Bakının Vilnüsdə belə bir sənədə imza atmayacağı əvvəlcədən məlum idi. Səbəb aydın idi: buya digər inteqrasiya prosesinə qoşulmaq üçün ilk növbədə əlverişli beynəlxalq şərait yaranmalı, ikitərəfli əlaqələr tələb olunan səviyyəyə çatmalıdır.

"Şərq Tərəfdaşlığı" və Gömrük İttifaqı indiki halda inteqrasiya layihələri olmaqdan çox beynəlxalq güc mərkəzlərinin geosiyasi maraqlarını ehtiva edir. Başqa sözlə, söhbət geosiyasi qarşıdurmadan gedir. Belə bir şəraitdə Avrasiya məkanında qüvvələr nisbətini yenidən müəyyənləşdirmək məqsədi güdən bu layihələrə qoşulmaq istəyən yeni müstəqil ölkələrin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil. Ukrayna bu qarşıdurmanın özü üçün doğuracağı ağır fəsadları artıq hiss etdiyindən gözləmə mövqeyi tutmalı oldu.

Sözsüz ki, Aİ ilə assosiasiya sazişi imzalamaq, hətta Aİ-nin üzvü olmaq cənnətə düşmək mənasına gəlmir. Hansısa taleyüklü addım atmazdan əvvəl bu addımın doğura biləcəyi nəticələr hesablanmalıdır. Tələsik qəbul edilən qərarın axırı faciəvi də ola bilər. Odur ki, Azərbaycan tərəfi buya digər tərəfin istəyindən asılı olmayaraq, milli maraqlardan çıxış edərək qərarını müstəqil şəkildə qəbul edir. İndiki mərhələdə hansısa inteqrasiya layihəsinə qoşulub-qoşulmamağı da məhz milli maraqlar diktə edir.

Bununla belə, Azərbaycan hamı ilə əməkdaşlığa açıqdır və bunu yeritdiyi xarici siyasətlə sübut edir. Ermənistan istisna olmaqla, postsovet ölkələri ilə ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bu ölkələrin bəziləri ilə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 

Aİ ölkələri ilə əməkdaşlığın tarixi qədim olmasa da, artıq bu istiqamətdə böyük məsafə qət edilmişdir. Azərbaycan-Aİ əlaqələri 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə başlamış Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə irəli sürülmüş "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin xüsusi çəkisi 50 faizə yaxınlaşır. Milli iqtisadiyyata  sərmayə qoyan xarici ölkələr arasında Aİ ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Aİ ölkələrinin payına düşür. İqtisadiyyatımızın qeyri-neft sektoruna sərmayə qoyan tərəfdaşlar arasında Aİ-nin payı 36,5 faizdir. Azərbaycanda sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti qeydiyyatdan keçmişdir. Aİ-nin 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanmış, 13 ölkəsi ilə hökumətlərarası komissiya yaradılmışdır.

Azərbaycan-Aİ əməkdaşlığının mühüm istiqamətlərindən biri energetikadır. Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. 2006-cı ildə enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumunun və 2011-ci ildə "Cənub" qaz dəhlizinin təsis edilməsinə dair birgə bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin reallaşdırılması, Trans-anadolu (TANAP) və Transadriatik (TAP) təbii qaz boru kəmərlərinin inşası barədə qərarların qəbul edilməsi bu istiqamətdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.

Göründüyü kimi, Azərbaycan-Aİ əməkdaşlığı kifayət qədər geniş və çoxcəhətlidir. Mükəmməl müqavilə-hüquqi bazası yaradılmış ikitərəfli əlaqələrin potensialı isə böyükdür. Azərbaycan bundan sonra da Aİ ölkələri ilə əməkdaşlığı  genişləndirmək, qabaqcıl Avropa təcrübəsindən faydalanmaq, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.

Şübhəsiz, Azərbaycan üçün ötən ilin ən əlamətdar hadisəsi "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması oldu. Bu tarixi hadisə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradacaq, Avropaya yeni qaz dəhlizi açacaq. 3500 kilometr məsafədə nəql olunacaq təbii qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.

XXI əsrin layihəsinə - "Şahdəniz-2"yə 45 milyard dollar məbləğində sərmayə qoyulacaq, marşrut boyu yerləşən ölkələrdə 30 mindən, Azərbaycanın özündə isə 10 mindən çox yeni yeri yaradılacaq.

Prezident İlham Əliyev yekun investisiya qərarının imzalanması mərasimində qeyd etmişdir ki, "qazımızın Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik. Burada "Şahdəniz" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə biz MonteneqroXorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal görəcəyik. Bizim böyük planlarımız vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun şəkildə nəzərdə tutulmuşdur". Dövlət başçısının vurğuladığı kimi, "Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir: "Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. "Şahdəniz" layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır".

Beləliklə, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə "Cənub" qaz dəhlizinin yaradılması prosesi başladı. Sözsüz ki, bu layihə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək, ixracat potensialını artıracaq, Avropaya uzunmüddətli çıxışını təmin edəcək, nəticə etibarilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu möhkəmlədəcək. Öz növbəsində Avropa enerji təhlükəsizliyini təmin etmək üçün etibarlı alternativ mənbə əldə edir, digər qaz təchizatçılarından asılılığını azaldır. Bununla bərabər, "Cənub" qaz dəhlizi gələcəkdə Yaxın Şərqin təbii qaz hasil edən ölkələrinin Avropa bazarına çıxmasına şərait yaradacaq.

 

 

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2014.- 17 yanvar.- S.4.