Korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir

 

Prezident İlham Əliyev: "Keçən ildə olduğu kimi,

 bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox

 ciddi mübarizə aparılacaqdır"

 

 

Azərbaycanda son on ildə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənib. Bu məqsədlə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Eyni zamanda regionun aparıcı dövlətinə çevrilmiş Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranıb.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında", Birləşmiş Millətlər Təşkilatının "Korrupsiyaya qarşı" Konvensiyalarını imzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmışdır.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir. Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi 2011-ci ildə uğurla başa çatdırılmışdır.

Ölkə rəhbərinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, Açıq Hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Ölkəmiz 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir. Hər iki fəaliyyət planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nüfuzlu beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir və vaxtaşırı bununla bağlı hesabatlar təqdim edilir. 2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmişbu sahədə əldə edilmiş nailiyyətlər vurgulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dairKorrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planları, ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanan fərman və sərəncamlar müsbət məqamlar kimi qeyd olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verdiyi xüsusi vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: "Keçən ildə olduğu kimi, bu ilkorrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində "ASAN xidmət"in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. "ASAN xidmət"də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş "ASAN xidmət" mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır.

Ancaq korrupsiyaya qarşı mübarizə "ASAN xidmət"in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır".

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeliona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir. Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilir. Ötən il iyulun 9-da "Transparency International" təşkilatının açıqladığı "2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatı da Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq etmişdir. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır.

Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etməklə bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Elə bunun nəticəsidir ki, ölkə rəhbəri hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğunu  uğurla davam etdirir, korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 17 yanvar.- S.4.