AND YERİ
Şəhidlər
xiyabanı hüzn gününə
hazırlanır
...Yetmiş illik imperiya buxovlarını qırmış Vətənimizin qan-qadası, əsarətinə üsyan edən məmləkətin qəm adası, nakam şəhidlərin ruhlar odası - Şəhidlər xiyabanı!
Haqqında qürur və iftixarla söz açılan bir ünvan! Bakının mərkəzində inzibati bir ərazidir bura. 1918-ci ilin mart qırğınlarında, daha doğrusu, bu qədim şəhər uğrunda canlarını qurban vermiş azərbaycanlıların, türk əsgərlərinin, 1990-cı ildə Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın müstəqilliyi yolunda şəhid olanların uyuduğu xiyabandayıq. 24 ildir ki, bu ünvan böyükdən-kiçiyə, yaşından, ictimai fəaliyyətindən və siyasi mövqeyindən asılı olmayaraq hər kəsin ziyarətgahına çevrilib. 20 Yanvarın ildönümləri ərəfəsində xiyaban özgə bir libasa bürünür. Qərənfillər 24 ildir ki, şəhidlərimizin üz qoyduğu torpaqdan boylanıb, onların ayağına döşənmələri ilə sanki ana-bacılara, pünhan dərdli sonalara qoşulub ağı deyir. Qan rəngli qərənfil ağısı hər il 20 Yanvarda könülləri titrətsə və kövrəltsə də, burada qürurla qəhər, iftixarla həsrət, kədərlə hüzn, nəhayət, mübarizliklə əzmkarlıq da qovuşub!
Yaxın tariximizdən məlum olduğu kimi, 1924-1990-cı illərdə xiyaban ləğv edilərək "Dağüstü park" adlanan əyləncə mərkəzinə çevrilmişdi. Zaman dəyişdi, milli azadlıq uğrunda canlarını Vətənə qurban verənlərin burada dəfnindən sonra ərazi Şəhidlər xiyabanı adlandırıldı.
Xiyabanın bugünkü görkəmi təkcə xalqımızın deyil, paytaxt Bakının əcnəbi qonaq və sakinlərinin də diqqətini cəlb edir. O qara günlərdən xiyabanı yalnız 24 illik zaman məsafəsi ayırmır, əksinə, qovuşdurur. 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xiyabanda dəfni üçün o qanlı-qadalı günlərdə ictimaiyyət tərəfindən yaradılmış dəfn komissiyası adından çıxış edən elmlər doktoru Azad Nəbiyev o vaxtkı 26 Bakı Komissarı (indiki Səbail) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əli Məmmədova müraciət etmiş, birlikdə Dağüstü parka gələrək şəhidlərin hazırda dəfn olunduğu yeri məqsədəuyğun hesab etmişdilər. Bu yerin seçilməsində görkəmli arxitektor, elmlər doktoru Nəriman Əliyevin məsləhətləri də nəzərə alınmışdır.
Xatırladaq ki, 1990-cı il yanvarın 22-də dəfn olunanların arasında 1918-ci ilin mart qırğınları zamanı şəhid olanlardan 3-nün nəşi var idi. Hər üç məzarın üstündə "1918-ci il şəhidləri" sözləri yazılıb. Onu da deyək ki, 20 Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc də var.
Xiyabanda 20 Yanvara hazırlıq işləri gedir. Bakı
Şəhər İcra
Hakimiyyətinin əlaqədar
idarə və müəssisələrinin işçiləri,
eləcə də könüllülərdən ibarət
gənclər qruplara bölünərək xiyabanda
həm təmizlik, səliqə-səhman, həm də təmir-bərpa və bədii tərtibatla məşğuldurlar.
Burada hər kəsin görə biləcəyi iş, göstərdiyi xidmət Vətənin azadlığı
uğrunda şəhid
olanların əbədiyyətə
qovuşmaları ilə
qəlblərdə daim
yaşadıqlarını təsdiqləməkdir.
Xiyaban al-qırmızı
qərənfil libasına
bürünür. Öyrənirik
ki,
hələ qönçə-ləçək
olan qərənfillər
bura şəhərətrafı,
əsasən Abşeron
kəndlərindən gətirilir.
Əlbəttə, illər keçdikcə, zaman dəyişdikcə zövqlər də formalaşır. Bu il
də xiyabanın bədii tərtibatında
xeyli dəyişikliklər
gözə dəyir. Girişdə qan libaslı mənzərələrdə
o müdhiş gecə və müstəqil Azərbaycanın
dövlət rəmzləri
təsvir edilir. Əsas məqsəd ziyarətçilərin
həmin gün güclü axınının
nəzərə alınması,
qoca, yaşlı insanların ziyarətə
sərbəst şəkildə
gəlmələrinin təmin
edilməsidir.
Burada hazırlıq işləri görülsə
də, xiyaban bu gün ziyarətçilərini
də qarşılayır.
Ziyarətə gələnlər arasında Bakı şəhərinin məktəbliləri
və bağça uşaqları da çoxluq təşkil edir. Onları bura gətirən, əlbəttə, Ana və
Vətən kəlmələrinin
əzəməti, həm
də bu ayrılmaz varlıqların
qorunması uğrunda
canlarından keçən, ölümsüzlükləri
ilə şəhidlik
zirvəsinə yüksələnlərin müqəddəs
məkanını ziyarət
etməkdir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 17 yanvar.- S.6.