Şirvan şəhərinin ədliyyə işçiləri 20 Yanvar hadisələrini andılar

 

Tarixin qan yaddaşı: 20 yanvar faciəsindən 24 il keçir

 

Yanvarın 16-da Qanlı Yanvar şəhidlərinin xatirəsini anmaq üçün Şirvan şəhərində fəaliyyət göstərən ədliyyə təşkilatlarının işçiləri Regional Ədliyyə Şöbəsinin inzibati binasının  akt zalına toplaşmışdılar. Tədbiri açan Şirvan Şəhər Apelyasiya Məhkəməsinin sədri Qürbət Əsgərovun təklifi ilə azadlıq uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmancasına həlak olan şəhidlərin göstərdiyi şücaətdən, əliyalın olsalar da belə, sinələrini quduzlaşmış imperiya ordusu qarşısında sipər etdiklərindən danışdı, onların bu igidliyinin qədirbilən xalqımızın yaddaşında yaşayacağını vurğuladı.

Qeyd edildi ki, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsi öz hüquqi-siyasi qiymətini almışdır.

Qanlı faciənin canlı şahidi, 20 Yanvar əlili Şirvan Apelyasiya Məhkəməsinin hakimi Etibar Camalov və başqaları hadisənin xalqımızın qan yaddaşında əbədi yaşayacağını qeyd etdilər.

Sonda tədbir iştirakçıları "Qanlı 20 Yanvar faciəsi" adlı sənədli filmə baxdılar.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 17 yanvar.- S.6.