20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

 

Yanvarın 16-da Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru akademik Əhliman Əmiraslanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiya ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdikləri qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışdır.

Rektor həmin vaxt xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırlatmışdır. Vurğulamışdır ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər, müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.

Tədbirdə çıxış edən ATU-nun professorları Qoşqar Əliyev, Cabbar Hacıyev və başqaları o dövrkü respublika rəhbərliyinin səriştəsizliyindən danışmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xalqımızın əbədi lideri Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırmışlar.

Qanlı Yanvarın xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığı, bu tarixi səhifənin gənclərimizə hər zaman öyrədilməsinin vacibliyi bildirilmişdir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Hacıqulu Bağırov isə 20 Yanvar faciəsi zamanı tibb işçilərinin xüsusi fədakarlıq göstərdiklərini qeyd etmişdir.

Çıxışlarda Qara Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağı vurğulanmışdır.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.6.