Qafqaz Müsəlmanları İdarəsi
sədrinin başçılıq etdiyi
nümayəndə
heyəti
Türkmənistanda səfərdə olmuşdur
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 13-16-da Türkmənistanda səfərdə olmuşdur.
Səfərin məqsədi Azərbaycan və Türkmənistan xalqları arasında mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi olmuşdur.
Nümayəndə heyəti Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Məclisin sədri Akca Nurberdiyeva, xarici işlər naziri Rəşid Meredov ilə görüşmüşdür.
Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova çatdırmışdır. A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam" ordenini Qurbanqulu Berdiməhəmmədova təqdim etmişdir. Türkmənistan Prezidenti tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin qorunmasında, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlə təltif edilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımız arasında dini-mənəvi dəyərlərin qorunduğunu, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndiyini bildirmişdir.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə təşəkkürünü bildirmiş, onun da salamlarını dövlət başçısına çatdırmağı xahiş etmişdir. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinin Türkmənistana səfərini səbirsizliklə gözlədiklərini bildirmişdir.
Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın konstruktiv əməkdaşlığın inkişafı və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində bundan sonra da səy göstərəcəyini söyləmişdir.
Məclisin sədri Akca Nurberdiyeva ilə görüşdə xalqlarımızın dostluq münasibətlərinin qədim tarixə malik olduğu bildirilmiş, hər iki ölkənin parlamentləri arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak etmişdir.
Səfər
çərçivəsində nümayəndə heyəti
Aşqabad və Mari şəhərlərində tarixi-mədəni
abidələri, məscidləri də ziyarət etmişdir.
İlahə
ƏHMƏDOVA,
AzərTAc-ın müxbiri
Aşqabad
Azərbaycan.-2014.- 17 yanvar.- S.7.