Azərbaycanda gedən dərin inkişaf prosesləri

 Almaniya mətbuatının diqqət mərkəzindədir

 

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi, siyasi, mədəni, humanitar, turizm, idman, enerji sahələrində sürətli inkişafı, beynəlxalq arenadabaşqa istiqamətlərdə qazandığı nailiyyətlər, eyni zamanda paytaxtımızda və regionlarımızda müasirləşməyə doğru atılan addımlar, aparılan islahatlar bu gün Qərb jurnalistlərinin, xüsusən Almaniyanın kütləvi informasiya vasitələrinin marağına səbəb olmuşdur.

Almaniyanın weltexpress.info internet portalında Azərbaycanın zəngin qədim və müasir tarixi, turizm imkanları, eyni zamanda Bakının və ölkəmizin digər görməli yerləri, respublikamızın dərin və  hərtərəfli inkişaf meyilləri, sürətlə müasirləşən paytaxtımız və regionlarımız barədə oxuculara geniş məlumat verilmişdir.

İnternet portalı qədim Odlar yurdu Azərbaycanın Rusiya Federasiyası, Ermənistan, Gürcüstan, Türkiyə və İran ilə həmsərhəd olduğunu xatırladaraq ölkəmizin qədim tarixi, 7 minillik tarixə malik daş salnaməmiz hesab olunan Qobustan qayaları, bu məmləkətdə yaşayan insanların yüksək qonaqpərvərliyi barədə söhbət açır. Yazıda, həmçinin zəngin təbii ehtiyatlara malik olan ölkəmizin tarixin müxtəlif dövrlərində imperiyaların geostrateji hədəflərinə tuş gəldiyi xüsusi qeyd edilir.

Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi sürətli inkişafa toxunan internet portalı qısa statistik təhlilində göstərir ki, 2012-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 5.464 avro təşkil etdiyi halda, Almaniya kimi inkişaf etmiş ölkədə isə  müvafiq dövrdə bu rəqəm cəmi 3.280 avro civarında olmuşdur.

weltexpress.info internet portalında yerləşdirilmiş yazıda eyni zamanda İçərişəhər, Qız qalası, Yanardağ və digər tarixi abidələrimiz barədə ətraflı məlumat verilir, paytaxtımızın və ölkəmizin gündən-günə müasirləşən regionlarının tikinti bumunu yaşadığı bildirilir. Portal Qəbələ, Quba və digər regionlarımızda aparılan genişmiqyaslı quruculuq işləri barədə təəssüratlarını oxucularla bölüşür.

Məqalədə bir məqam xüsusi vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı dünyanın nadir, qənirsiz  şəhərlərindən biridir, onun gecələri möhtəşəmdir, tarixi tikililəri və müasir binaları bənzərsizdir. Yazıda buna əyani misal kimi artıq paytaxtımızın və dünyanın müasir memarlıq simvoluna çevrilən "Alov qüllələri" kompleksinin, Heydər Əliyev Mərkəzinin, "Baku Crystal Hall"un, Bakımızın beşulduzlu mehmanxanalarının adları çəkilir.

İnternet portalı almaniyalı oxuculara tikintisi "Avesta" şirkəti tərəfindən planlaşdırılan Xəzər dənizindəki adalar üzərində 1050 metr hündürlüyündə inşa olunacaq "Azərbaycan qülləsi" haqqında da məlumat verir.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.7.