Çin Xalq Respublikasının fövqəladə və

 səlahiyyətli səfiri BANM-da olmuşdur

 

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsuin Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.

Rektor Elmar Qasımov görüş çərçivəsində qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Avropa Kredit Transfer sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu əlaqələr nəticəsində Bakı Ali Neft Məktəbində həmin universitetin tədris proqramları tətbiq olunur. Sonda ali təhsillərini uğurla başa vuran tələbələrə iki diplom - həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot Vatt Universitetinin diplomları veriləcək. Rektor həmçinin vurğulamışdır ki, dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Çin Xalq Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması Bakı Ali Neft Məktəbi üçün xüsusi maraq kəsb etməkdədir.

Xun Tsuin Bakı Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu qeyd etmişdir. O, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında atılmış önəmli bir addım olduğunu vurğulamışdır. Təhsil ocağının ÇXR-in müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir.

Görüşün sonunda səfir Xun Tsuinə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilmişdir.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.7.