2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 17
yanvar tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
Giriş
Ümummilli
lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan
ötən on ildə yeni inkişaf mərhələsinə qədəm
qoymuş, bir çox uğurlara nail olmuşdur.
Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir.
Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşır.
Bu dövr, həmçinin Azərbaycan xalqının maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsi, ölkənin şəhər və kəndlərinin, eyni zamanda paytaxt Bakının və onun qəsəbələrinin simasının dəyişməsi və yeniləşməsi ilə də səciyyələnir.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət
proqramlarının (“Bakı şəhərinin qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı”nın və “2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın) icrası nəticəsində
Bakının qəsəbə və kəndlərində
uğurlu infrastruktur layihələri həyata
keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi
və keyfiyyəti daha da yaxşılaşmış,
abadlıq işləri geniş vüsət almış, əhalinin
həyat səviyyəsi daha da yüksəlmişdir.
Bu
gün başlıca vəzifələrdən biri müvafiq
dövlət proqramları çərçivəsində
görülmüş işlərin davam etdirilməsindən
və şəhərətrafı qəsəbələrin və
kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasından ibarətdir.
“2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”
qarşıda duran vəzifələrin davamlı yerinə
yetirilməsi məqsədi ilə hazırlanmışdır.
1.
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı” çərçivəsində
görülmüş işlər
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait xərclənmişdir.
Dövlət
Proqramının icrası nəticəsində 3 il ərzində
paytaxt və qəsəbələrdə, eləcə də Abşeron
rayonunun qəsəbə və kəndlərində 3500 km qaz
kəməri çəkilmiş, əlavə 132 min abonent
qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və
264 transformator tikilmiş və ya təmir edilmiş, 4400 km
elektrik kabel xətti çəkilmiş, nəticədə əhalinin
və iqtisadiyyatın enerji təchizatı təmin
olunmuşdur. Dövlət Proqramının tələblərinə
uyğun olaraq, əhalinin rahat həyat şəraitinin təmin
edilməsi üçün istilik təchizatının səviyyəsi
xeyli yüksəldilmiş, 21 qazanxana tikilmiş və ya
modernləşdirilmiş, 36540 mənzilin istilik sistemi yenidən
qurulmuş və 130 sosial obyekt istiliklə təchiz
edilmişdir.
Son
illər Bakı şəhərində və ümumən
Abşeron yarımadasında infrastrukturun sürətli
inkişafı nəzərə alınaraq, su təchizatı
və kanalizasiya sahəsində əhəmiyyətli işlər
görülmüşdür. Dövlət Proqramına
uyğun olaraq su təminatı zəif olan ərazilər əsas
götürülməklə, Bakı şəhərində
və ətraf qəsəbələrdə 820 kilometr
uzunluğunda supaylayıcı şəbəkə, ümumi
tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53
min mənzildən ibarət 900 çoxmənzilli
yaşayış binasının daxili supaylayıcı sistemləri
yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac
quraşdırılmış, uzunluğu 61 km olan
Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə
verilmişdir. Dövlət Proqramının icra edildiyi müddətdə
220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş
qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz
su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760
min nəfərə çatdırılmışdır. Eyni
zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət
etmək üçün müasir standartlara cavab verən Mərkəzi
Laboratoriya tikilib istifadəyə verilmişdir. Dövlət
Proqramı çərçivəsində 200 kilometr
uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun
illər lillənərək suburaxma imkanını 50 faizə
qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya
kollektoru və şəbəkəsi xüsusi
maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin
yaşadığı 1220 binanın zirzəmisində 6000 metr
kanalizasiya xətti yenilənmiş və ya bərpa
edilmiş, nəticədə həmin binaların zirzəmilərinin
sanitariya-gigiyena vəziyyəti yaxşılaşmışdır.
Yol
infrastrukturunun təkmilləşdirilməsi də Dövlət
Proqramında diqqət mərkəzində olmuşdur. Belə
ki, Zabrat-Maştağa-Buzovna, “Zığ dairəsi-aeroport”
yolundan Qala stansiyasınadək gedən yolda və
Zabrat-Kürdəxanı-Pirşağı yolunda yenidənqurma
işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt,
Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin
baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin
420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası
yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara
3 milyon kv.m-dən çox asfalt örtüyü
salınmış, 41 körpü, tunel və piyada keçidi
istifadəyə verilmişdir.
Rabitə
və informasiya texnologiyalarının tətbiqi sahəsində
proqram çərçivəsində 11 ATS, 9 poçt şöbəsi
üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş,
Zirə, Gürgan və Pirallahı qəsəbələrinə
fiber-optik kabel çəkilmiş, Bakinternetin qlobal internet
şəbəkəsinə çıxış sürəti
saniyədə 7,5 giqabitə
çatdırılmışdır. Eyni zamanda Pirallahı
Yüksək Texnologiyalar Parkının yaradılması ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti
2013-cü il sentyabrın 16-da Fərman vermişdir.
Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son 3 ildə Bakıda gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal sənayesi müəssisəsinin tikintisi davam etdirilmişdir. Eyni zamanda Dövlət Proqramının icrası çərçivəsində Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamış, 2012-ci il dekabrın 19-da isə Balaxanı Sənaye Parkının rəsmi təməlqoyma mərasimi keçirilmişdir. Hazırda Sənaye Parkının infrastrukturunun qurulması, həmçinin Balaxanı qəsəbəsində plastik tullantı materiallarının, işlənmiş şinlərin və işlənmiş akkumulyatorların təkrar emalı müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədi ilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min metr boru kəməri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.
Dövlət Proqramının əsas hədəflərindən biri olan sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılmış, Proqramın qəbulundan ötən dövr ərzində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes-planların hazırlanması işində texniki yardım göstərilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148,2 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.
İstifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan əhalini geniş çeşiddə yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin edir.
İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Sosial sahənin inkişafı Dövlət Proqramının prioritetlərindən biri olmuş, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və digər sosialyönümlü sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında, 4 peşə məktəbində və 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılmışdır.
İnsan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqla təchiz edilmişdir.
Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində də bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə isə işlər davam etdirilir.
Eyni zamanda Heydər Əliyev Fondunun qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə də milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülmüşdür.
Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun genişləndirilməsi istiqamətində 9 gənclər və idman obyekti təmir-tikinti işlərindən sonra istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Buzovna qəsəbəsində 9 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri başa çatdırılmış, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar Evi) yeni korpusu tikilmiş, Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verilmişdir. Həmçinin, Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın tikintisi, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin, Respublika Əlillərin Bərpa Mərkəzinin təmiri işləri davam etdirilmişdir.
Əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri də diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Müşfiqabad və Hövsan qəsəbələrində yanğından mühafizə bölmələri tikilmiş, Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan yaşayış evi yenidən tikilərək istifadəyə verilmişdir.
Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir.
Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir.
Belə ki, neftlə çirklənmiş 228 hektar ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı salınmışdır.
Abşeron
yarımadasında yerləşən 9 gölün və ətraf
ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
aparılan hazırlıq işləri bitmək üzrədir.
Eyni zamanda Böyük Şor gölünün şərq
hissəsindəki ərazinin ekoloji bərpası
üçün layihələndirmə və mühəndis
işlərinə başlanılmışdır.
Balaxanı
poliqonunda tullantıların zərərsizləşdirilməsi
prosesi daha da təkmilləşdirilmiş, bərk məişət
tullantılarının yandırılması və bərk məişət
tullantılarının çeşidlənməsi
zavodları istifadəyə verilmişdir.
2. “2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın əsas məqsədləri
“2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində
aşağıdakı məqsədlərə nail
olunacaqdır:
1. əhalinin su və kanalizasiya
təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının
daha da yaxşılaşdırılması;
2. yol və nəqliyyat
infrastrukturunun daha da yaxşılaşdırılması;
3. ekoloji vəziyyətin daha da
yaxşılaşdırılması;
4. sosial-mədəni infrastruktur
obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət,
idman və gənclər, turizm və s.) beynəlxalq
standartlara uyğun tikinti (inşası, yenidən qurulması)
işlərinin davam etdirilməsi;
5. sahibkarlığın
inkişafı istiqamətində yeni iş yerlərinin və
müəssisələrin açılması siyasətinin
davam etdirilməsi;
6. əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılması.
3.
2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin
sosial-iqtisadi
inkişafının əsas istiqamətləri
Qarşıdakı
illərdə Bakı şəhərində və onun qəsəbələrində
aşağıdakı tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur:
1. Bakının qazla təmin
edilməyən qəsəbələrinin qaz təchizatının
başa çatdırılması;
2. elektrik enerjisi ilə təchizatın
daha da yaxşılaşdırılması istiqamətində
müvafiq işlərin davam etdirilməsi;
3. mövcud istilik məntəqələrinin
bərpası, modernləşdirilməsi və yenilərinin
yaradılması istiqamətində işlərin davam etdirilməsi;
4. su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması və
yaradılması sahəsində müvafiq layihələrin
davam etdirilməsi;
5. yol təsərrüfatı və
nəqliyyat infrastrukturunun inkişafının davam etdirilməsi;
6. informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi sahəsində işlərin
davam etdirilməsi;
7. rəqabətqabiliyyətli və
ixracyönümlü sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalının dəstəklənməsi,
sahibkarların maarifləndirilməsi sahəsində tədbirlərin
davam etdirilməsi;
8. şəhərətrafı qəsəbələrdə
suvarma və meliorasiya təminatının
yaxşılaşdırılması;
9. təhsil müəssisələrinin
əsaslı təmiri və tikintisi, texniki təchizatının
və kadr təminatının daha da
yaxşılaşdırılması;
10. səhiyyə müəssisələrinin
əsaslı təmiri və tikintisi, müasir avadanlıqla təminatının
daha da yaxşılaşdırılması;
11. daşınmaz tarix və mədəniyyət
abidələrinin qorunması, istifadəsi və bərpası,
yeni mədəniyyət və istirahət mərkəzlərinin
yaradılması sahəsində işlərin davam etdirilməsi;
12. bədən tərbiyəsi və
idmanın maddi-texniki bazasının daha da inkişafı və
möhkəmləndirilməsi sahəsində işlərin
davam etdirilməsi;
13. sosial müdafiəyə
ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat
şəraitinin yaxşılaşdırılması və
sosial mərkəzlərin yaradılması sahəsində
işlərin davam etdirilməsi;
14. ekoloji vəziyyətin
yaxşılaşdırılması, o cümlədən məişət
tullantılarının toplanması və
daşınması, zərərsizləşdirilməsi və
emalı sahəsində işlərin davam etdirilməsi məqsədi
ilə tədbirlərin həyata keçirilməsi,
abadlıq və yaşıllaşdırma işlərinin
genişləndirilməsi;
15. əhalinin təhlükəsizliyinin
təmin edilməsi istiqamətində tədbirlərin davam
etdirilməsi.
4. 2014-2016-cı illərdə həyata
keçiriləcək tədbirləri maliyyələşdirmə
mənbələri
“2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”
çərçivəsində həyata keçiriləcək
tədbirlərin aşağıdakı mənbələr
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulur:
1. Azərbaycan
Respublikasının dövlət büdcəsi;
2. Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan
İnvestisiya Şirkəti” ASC-nin vəsaiti;
3. qanunvericiliyə
zidd olmayan digər mənbələr.
Azərbaycan.-2014.-
19 yanvar.- S.3.