Azərbaycan Prezidenti İlham Əliyevə
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər
Qrupunun «2013-cü ilin adamı» mükafatının təqdim
olunması mərasimi keçirilmişdir
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Xoş gəlmisiniz. Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram.
2014-cü il başlayır. Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, 2014-cü ildə də ANS Şirkətlər Qrupu uğurla fəaliyyət göstərəcək və Azərbaycan tamaşaçılarını yeni layihələrlə sevindirəcəkdir.
Bugünkü mərasim mənə həsr edilibdir. Mən bu yüksək mükafata görə sizə minnətdaram. İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda, fondun rəhbərliyinə, ANS Şirkətlər Qrupuna minnətdaram ki, siz mənim fəaliyyətimi yüksək qiymətləndirirsiniz. Əslində bu, mənim vəzifə borcumdur. Mən çalışıram və çalışacağam ki, öz işimlə doğma ölkəmizi inkişaf etdirək, irəliyə aparaq, qarşımızda duran bütün vəzifələri icra edək. Sizin mənə verdiyiniz belə yüksək qiymət əlbəttə ki, məni daha da ruhlandırır.
Bu mükafatın öz yeri vardır. Mən artıq Prezident kimi 10 illik fəaliyyətim dövründə bir çox mükafatlarla təltif edilmişəm, ancaq bu mükafatın xüsusi yeri vardır. Çünki bu mükafatı mənə təqdim edən teleşirkət Azərbaycanda birinci müstəqil telekanaldır və Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS şirkətinin böyük rolu vardır. Mən bu rolu yüksək qiymətləndirirəm və çalışıram ki, sizin verilişlərinizi izləyim. Xüsusilə, vətənpərvərlik mövzuları ilə bağlı olan verilişlər daha böyük maraq doğurur. Hesab edirəm ki, cəmiyyətimizin gələcək inkişafı üçün belə verilişlərin sayının artırılması məqsədəmüvafiq olardı.
Əlbəttə ki, bu gün biz bu mərasimi keçirəcəyik. Qeyd etmək istəyirəm ki, bizdə gələcək planlarımızla da bağlı konkret fikirlər, proqramlar vardır. Bəzi planlar haqqında ictimaiyyət artıq məlumatlandırılıb, bəzi fikirlər hələ ki, öz növbəsini gözləyir. Ancaq əminəm ki, bu il də ölkəmizin dinamik inkişafı davam edəcəkdir.
Prezident İlham ƏLİYEV dedi:
- Bir
daha bu mükafata görə sizə minnətdaram. Qeyd etməliyəm
ki, mən pul mükafatını ənənəvi olaraq
Silahlı Qüvvələrin Fonduna köçürürəm.
Bu saat da çox gözəl və bahalı saatdır. Ona
görə mən bunu bağlaya bilmərəm. Ancaq sizə
söz verirəm ki, bu saat muzeydə saxlanılacaqdır.
Mənim
haqqımda dediyiniz xoş sözlərə görə sizə
minnətdaram. Doğrudan da 2013-cü il tariximizdə uğurlu
il kimi qalacaqdır. 2013-cü il uğurla başladı,
uğurla da başa çatdı. İlin əvvəlində
"ASAN xidmət"in yaradılması diqqət çəkdi.
Xidmət yarananda bir çoxları bəlkə də təsəvvür
edə bilmirdi ki, bu xidmət qısa müddət ərzində
böyük rəğbət qazanacaq və Azərbaycanda
ictimai xidmətlər sahəsində ciddi bir dönüş
yaradacaqdır. Artıq son məlumata görə, -statistik göstəricilər demək olar
ki, hər həftə dəyişir, - bir milyona yaxın
müraciət olmuşdur.
"ASAN
xidmət"in yaradılması Azərbaycanda korrupsiyaya,
rüşvətxorluğa, bürokratiyaya qarşı
aparılan siyasətimiz üçün çox ciddi bir alət,
ciddi bir vasitə olubdur. Biz bildiyiniz kimi, bu il də xidmətin
fəaliyyətini genişləndirəcəyik. Bütün
bölgələrdə yeni ofislər açılacaqdır.
Gələcəkdə isə hər bir şəhərdə
"ASAN xidmət" olacaqdır. Bununla bərabər, xidmətin
funksiyaları da genişlənəcəkdir. İndi biz fikirləşirik
ki, daha hansı xidməti oraya əlavə edək. Yəqin
ki, sizin - jurnalistlərin də bu işlərdə köməyi
ola bilər. Çünki siz cəmiyyətdə insanları ən
çox narahat edən problemləri yaxşı bilirsiniz. Sizin
telekanalınız bu barədə mütəmadi qaydada
verilişlər hazırlayır. Mən bunu
alqışlayıram. Elə etməliyik ki, cəmiyyəti,
insanları narahat edən, incidən məsələlər
aradan qaldırılsın. Bu məsələləri şərtləndirən
amillər də aradan götürülsün. Burada həm
inzibati tədbirlər görüləcəkdir, eyni zamanda,
sistem xarakterli tədbirlər də gözlənilir.
İlin
sonunda "Şahdəniz-2" layihəsinin imzalanması elə
bil ki, 2013-cü ilə gözəl bir yekun vurdu. Bu layihə də
"ASAN xidmət" kimi ölkəmizin gələcək
inkişafı üçün müstəsna əhəmiyyətə
malik olan hadisədir. Onilliklər bundan sonra ölkəmizin
siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.
Azərbaycan, bildiyiniz kimi, enerji siyasəti sahəsində
liderlik keyfiyyətlərini bu dəfə də ortaya qoydu. Uzun
illərdən, uzun müzakirələrdən sonra görəndə
ki, artıq "Cənub qaz dəhlizi" layihəsi
axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə
öz üzərinə götürmüşdür.
"Şahdəniz-2" layihəsi gərgin şəraitdə
imzalandı.
İctimaiyyət
əlbəttə ki, bir çox məsələlər
haqqında məlumatlı deyildir. Çünki bildiyiniz kimi,
bu məsələ kifayət qədər bağlı
qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi
deyə bilərəm ki, son həftəyə qədər
"Şahdəniz-2" layihəsinin imzalanması hələ
də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl
17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki,
qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər
də hazırlanmışdı. Ancaq müəyyən
müdaxilələr hesabına son həftəyə qədər
layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir
şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları
bütün səyləri birləşdirərək bu tarixi
layihənin imzalanmasına nail oldular.
Bu
iki önəmli və tarixi əhəmiyyət daşıyan
hadisələr arasında, əgər belə demək
mümkündürsə, 2013-cü ildə digər önəmli
hadisələr də baş vermişdir. Siz də onları
qeyd etdiniz. Xüsusilə, "Azərspace-1" peykinin orbitə
buraxılması tarixi əhəmiyyətə malik olan hadisədir.
Bəlkə də 5-10 il bundan əvvəl heç kim, o
cümlədən də mən təsəvvür edə bilməzdim
ki, Azərbaycan bu gün kosmik kluba üzv, kosmik sənayenin
inkişafı ilə məşğul olacaqdır
Bizim
gələcək planlarımız da vardır. Bu planlar əminəm
ki, reallaşacaqdır. Çünki "Azərspace-1"
peykinin buraxılması artıq yeni bir səhifənin
açılmasına gətirib
çıxarmışdır. Bu sahə ölkəmizin hərtərəfli
yüksəlişi, qeyri-neft sektorunun inkişafı, biznes
mühitinin yaxşılaşdırılması, intellektual səviyyənin
qaldırılması üçün çox böyük məna
daşıyır. Mən çox şadam ki, artıq
neçə aydır peykin idarə olunması Azərbaycan
mütəxəssisləri tərəfindən icra edilir.
Kosmik sənayenin inkişafında gənc Azərbaycan mütəxəssisləri
fəal iştirak edirlər. Necə ki, "ASAN xidmət"də
də işləyənlərin mütləq əksəriyyəti
gənclərdir. Belə gənclərin önə
çıxmaları, məsuliyyəti öz üzərlərinə
götürmələri gələcək uğurlu
inkişafımızı müəyyən edəcəkdir.
Çünki hər bir ölkənin inkişafını onun
intellektual potensialı müəyyən edir. Xüsusilə
indiki zamanda - yüksək texnologiyaların sürətlə
inkişaf etdiyi bir vaxtda intellektual potensialı zəngin olan
ölkələr üstünlük təşkil edəcəkdir,
həm siyasətdə, həm döyüş meydanlarında
və iqtisadi sahədə.
Əlbəttə,
Azərbaycan gənc müstəqil dövlətdir və bizdə
elmin inkişafı hələ ki lazımi səviyyədə
deyildir. Bunun təbii səbəbləri vardır. Ancaq
dünyada mövcud olan və yaradılan ən müasir
texnologiyalar Azərbaycana gətirilməlidir və gətirilir.
Beləliklə, hesab edirəm ki, cəmiyyətdə
inkişafla və ölkəmizin strateji xətti ilə
bağlı ciddi fikir ayrılığı yoxdur. Cəmiyyət
vahid amal uğrunda birləşibdir ki, ölkəmiz daha da
güclü, müstəqillik daha da möhkəm olsun,
xalqımız daha da yaxşı yaşasın. Buna nail olmaq
üçün hazırlıqlı kadrların çox
böyük rolu vardır. Mən bilirəm ki, siz ANS-də
kadr hazırlığı ilə çox fəal məşğulsunuz.
Siz bir çox digər kanallar üçün kadr
hazırlayırsınız və mən bunu da çox
yüksək qiymətləndirirəm. Hər bir sahədə
gənc kadrların hazırlanması prosesi daha da sürətlə
getməlidir, məqsədyönlü şəkildə
aparılmalıdır ki, biz gələcəkdə də bu
inkişaf dinamikasını saxlaya bilək. Əlbəttə
ki, kosmik sənayenin inkişafı dediyim həmin məsələlərin
həllində bizə gələcəkdə kömək
göstərəcəkdir.
2013-cü
ildə digər hadisələr də baş verdi. Davos
Forumunun Azərbaycanda keçirilməsini siz də qeyd etdiniz.
Cənubi Qafqazda və Orta Asiyada bu forum ilk dəfə məhz
Bakıda keçirilmişdir. Mövzu da Cənubi Qafqaz və
Orta Asiya məsələləri ilə bağlı idi. Yəni,
Azərbaycanın burada mərkəz kimi formalaşması
iqtisadi sahədə də artıq reallaşıbdır.
Bildiyiniz kimi, Davos Forumu Azərbaycanda aparılan iqtisadi
islahatları yüksək qiymətləndirir, ölkələrin
rəqabət qabiliyyətliliyinə görə bizi dünya
miqyasında 39-cu yerə layiq görmüşdür. Bu,
çox böyük göstəricidir. MBD-də birinci yerdəyik
və bir çox inkişaf etmiş ölkələri də
qabaqlamışıq. İqtisadiyyatın rəqabət qabiliyyətliliyini
artırmaq üçün bizim konkret proqramlarımız
vardır.
2013-cü
il iqtisadi sahədə də yaddaqalan olmuşdur. Avropa qitəsində
iqtisadi inkişaf templərinə görə Azərbaycan
birinci ölkə olmuşdur. Artıq biz buna öyrəşmişik.
Vahid müəllim dediyi kimi, biz bir çox məsələlərə
öyrəşmişik. Əlbəttə ki, mən də
bunu qeyd edirəm və çox sevinc hissi ilə qeyd edirəm.
Çünki bəzi hallarda mənə də deyirlər ki, bəs, insanlar buna
öyrəşiblər. Yada salsınlar ki, Azərbaycan iyirmi
il əvvəl hansı vəziyyətdə idi. Dedim, bu,
çox yaxşıdır ki, öyrəşiblər. Ona
görə ki, bu reallıq artıq hər yerdə
özünü büruzə verir, hər yerdə
özünü göstərir. Biz daha da yaxşı şəraitə
öyrəşməliyik və öyrəşəcəyik.
Mən həmişə demişəm ki, Azərbaycan xalqı
daha da yaxşı həyata layiqdir. Biz hamımız bu həyatı
təmin etməliyik.
Ancaq
Avropada iqtisadi sahədə əlbəttə, birinci olmaq hesab
edirəm ki, böyük göstəricidir. Əgər mən
digər göstəriciləri əlavə etsəm görərik
ki, biz inkişaf etmiş Avropa ölkələrini bir çox
parametr üzrə geridə buraxmışıq - dövlət
borcu, büdcə kəsiri ilə, investisiyalarla bağlı.
Deyə
bilərəm ki, keçən il investisiya qoyuluşu istiqamətində
rekord il olmuşdur - ölkə iqtisadiyyatına 28 milyard dollar
sərmayə qoyulmuşdur. Müqayisə üçün
deyə bilərəm, bəlkə də bütün müstəqillik
dövründə Ermənistanda bu qədər investisiya
qoyulmamışdır. Yəni, biz artıq öz iqtisadi və
siyasi potensialımızla əlbəttə ki, region çərçivələrindən
çoxdan çıxmışıq. Bizim üçün əsas
hədəf inkişaf etmiş ölkələrin
sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar
kifayət etməyəcəkdir. Azərbaycan bütün
parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir,
siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir,
sosial ədalət prinsipləri tam bərqərar
olmalıdır. Əlbəttə ki, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə daha da ciddi aparılmalıdır.
Ancaq Azərbaycan bu gün inkişaf etmiş Avropa ölkələri
ilə bir neçə meyar üzrə ayaqlaşa bilir.
2013-cü
ildə sosial sahədə də ciddi islahatlar
aparılmışdır. Əmanətlərin verilməsi təmin
edilmişdir. Burada da sevinc hissi ilə deyə bilərəm
ki, MDB məkanında sovet əmanətləri ən
böyük əmsalla Azərbaycan vətəndaşlarına
verilmişdir və ən qısa müddət ərzində
qaytarılmışdır. İslahatların dərinləşməsi
aparılmışdır. Xüsusilə cəmiyyəti ən
çox narahat edən sahələrdə kadr dəyişiklikləri
edilmişdir. Siz də bunu yaxşı bilirsiniz və
işıqlandırmısınız. Təhsil, ordu
quruculuğu sahələrində, sosial sahədə çox
ciddi islahatlar başlamışdır. Bu islahatlar artıq
öz bəhrəsini verməkdədir. Dediyim sahələrdə
və bütün başqa sahələrdə ictimai nəzarətin
gücləndirilməsi əlbəttə, bizə kömək
edəcək ki, xoşagəlməz halların
qarşısının alınması istiqamətində daha
da ciddi addımlar atılsın. Hər halda kadr və struktur
dəyişikliyi, işə yanaşmada dəyişiklik
artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən
də əlbəttə ki, bunu qiymətləndirirəm və
bu işlərə nəzarət edirəm. Elə etməliyik
ki, Azərbaycanda bütün istiqamətlər üzrə ən
qabaqcıl metodlar, ən mütərəqqi texnologiyalar tətbiq
edilsin.
İdarəetmədə
ciddi islahatlara ehtiyac vardır. Çünki mən dəfələrlə
demişəm ki, biz əlbəttə, iqtisadi cəhətdən
özümüzü çox rahat hiss edirik. Bu gün
heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz
siyasi müstəqilliyimizi də şərtləndirir. Ona
görə biz inamla prinsipial siyasət aparırıq, nəyin
bahasına olursa-olsun, Azərbaycan xalqının, dövlətinin
maraqlarını müdafiə edirik və bunu edə bilirik.
Biri var ki, bunu etmək istəyəsən, biri də var ki,
bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat
yaratmışıq ki, bunu edə bilirik. Ancaq ölkəmizin
gələcək uğurlu inkişafı üçün bu,
yetərli deyildir. Bizim cəmiyyətimiz müasirləşməlidir.
Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda
tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim
milli adət-ənənələrimizə zidd deyilsə. Elə
bir cəmiyyət qurulmalıdır ki, burada problemlər minimum
səviyyəsində olsun. Əlbəttə, siz jurnalistlər
də yaxşı bilirsiniz, dünyada elə bir cəmiyyət
yoxdur ki, orada bütün problemlər həll edilsin. Ancaq hər
halda hər bir iqtidar və hər bir cəmiyyət buna
çalışmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda
iqtidarla xalq arasındakı birlik və vahid ideyalar uğrunda
mövcud olan vəhdət bizi daha da böyük uğurlara gətirib
çıxaracaqdır.
2013-cü
ildə biz BMT Təhlükəsizlik Şurasında fəaliyyətimizi uğurla, ləyaqətlə
başa vurduq. İki il bundan əvvəl demişdim ki, biz BMT
Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq
hüququ müdafiə edəcəyik. Belə də oldu. Biz hər
bir mövzu ilə bağlı prinsipial mövqe ortaya
qoymuşuq. BMT Təhlükəsizlik Şurası elə bir
qurumdur ki, orada mövqe bildirməmək mümkün deyildir.
Ona görə bəzi ölkələr heç can atmır
ki, ora üzv olsun. Çünki belə olan halda gərək
öz mövqeyini ortaya qoysun. Cəmiyyətdə
də, siyasətdə də, xarici siyasətdə də elə
insanlar, elə ölkələr vardır ki, mövqe bildirmək
istəmirlər, hamı üçün yaxşı olmaq istəyirlər.
Təhlükəsizlik Şurası elə bir qurumdur ki, bu,
mümkün deyildir və əslində, biz heç vaxt belə
yanaşmanı düzgün saymamışıq. Ondan əvvəlki
dövrdə də, bu gün də, bundan sonra da hər bir
mövzu ilə bağlı Azərbaycanın prinsipial
mövqeyi vardır və bu mövqe bütün hallarda ədalətə,
beynəlxalq hüquqa əsaslanır və əlbəttə
ki, dövlətimizin maraqlarına söykənir.
Bu
ikiillik təcrübə bizim üçün çox əhəmiyyətli
idi. Böyük təcrübə toplamışıq. Eyni
zamanda, dünyada Azərbaycana olan dəstək daha da
artdı. Mən bunu inamla qeyd etməliyəm. Çünki bu
ikiillik fəaliyyət nəticəsində bizə olan dəstək,
rəğbət, Azərbaycanın prinsipial mövqeyi əlbəttə
ki, daha da böyük beynəlxalq diqqətə layiq görülmüşdür.
Ancaq onu da qeyd etməliyəm ki, Təhlükəsizlik
Şurasına seçilməyimiz də o qədər asan
olmamışdır. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan
16 turdan sonra üzv seçilə bilmişdir. Bunun da səbəbləri
vardır. Bu səbəblər hələ tam açılmayıbdır.
Bəlkə də vaxt çatmayıb. Ancaq deyə bilərəm,
siz də bilirsiniz ki, ilk səsvermədə və
axırıncı səsverməyə qədər Azərbaycan
digər namizədləri böyük fərqlə
qabaqlayırdı. Adətən fərq böyük olduqda digər
namizədlər öz namizədliyini geri götürür.
Ancaq bu dəfə belə olmamışdır. On altı tur
lazım oldu ki, Azərbaycan üzv seçilsin. Deyə bilərəm
ki, bizə qarşı ciddi müxalifət fəaliyyət
göstərirdi. Ölkədaxili müxalifətdən fərqli
olaraq, doğrudan da ciddi müxalifət idi. Ancaq buna baxmayaraq,
biz prinsipial mövqe göstərdik, geri çəkilmədik.
Hətta belə təklif edilmişdi ki, bəlkə Azərbaycan
namizədliyini geri götürsün və artıq bir seytnot
vəziyyət yaranmışdı. BMT praktikasında
inanmıram başqa bir hadisə olsun ki, bu proses 16 tur və 3
gün davam etsin. Çünki
yadımdadır, bizim xarici işlər naziri oraya ezam
edilmişdi və mütəmadi qaydada məlumat verirdi. Beşinci gün
bu proses dayandı, altıncı, bazar günlərində bəzi
ölkələrlə iş aparıldı ki, Azərbaycanın
namizədliyini dəstəkləməsinlər. Ondan sonra vəziyyət
müəyyən qədər çətinləşdi. Ancaq
BMT elə bir təşkilatdır ki, orada təzyiqlə nəyisə
əldə etmək mümkün deyildir. İki yüzdən
çox üzv vardır və üzvlərin əksəriyyəti
o qədər də zəngin ölkələr deyildir. Ona
görə BMT-də ədalət, prinsipiallıq daha çox
üstünlük təşkil edir, nəinki təzyiq və
hansısa başqa metodlar.
Təhlükəsizlik
Şurasına seçilməyimiz iki cəhətdən tarixi
hadisədir. İlk növbədə, bu, bir tarixdir.
Dünyanın bir nömrəli qurumu olan Təhlükəsiz
Şurasına Azərbaycan iki dəfə sədrlik
etmişdir. İkinci tərəfi ondan ibarətdir ki, biz buna
çətin mübarizə şəraitində nail
olmuşuq. Biz bu çətin mübarizəyə öyrəşmişik.
Burada da qeyd edildi ki, bəzi hallarda Azərbaycana qarşı
aparılan qara piara baxmayaraq, bizim beynəlxalq nüfuzumuz da
artır, ölkəmizin inkişafı da göz
qabağındadır. Bizə qarşı olan
hücumların arxasında bir neçə amil dayanır. Mən
bu barədə demişəm, siz də bilirsiniz, dünyada
prinsipial mövqe sərgiləyən ölkələrə
qarşı adətən təzyiqlər olur ki, kimsə
onları öz tərəfinə çəksin. Bu istiqamətdə
mübarizə gedir. Xüsusilə Azərbaycana - artıq
geosiyasi mərkəz kimi formalaşan ölkəyə diqqət
həddindən artıq böyükdür.
Sirr
deyil ki, bizim mövqeyimizdən ən azı bölgədə
gedən proseslər asılıdır. Ancaq hazırda Azərbaycan,
eyni zamanda, daha da böyük regionda söz sahibidir. Bizi kənara
qoymaq mümkün deyildir. Bizimlə hesablaşmamaq olar, ancaq nəticə
olmayacaqdır. Azərbaycanın mövqeyini nəzərə
almadan heç bir layihə burada işləməyəcək,
icra edilməyəcəkdir.
Ona
görə təbiidir ki, bizə qarşı müxtəlif
üsullarla təzyiq göstərilir. Biz buna öyrəşmişik,
fikir vermirik. Əsas odur sən əmin olasan ki, düzgün
yoldasan. Əsas odur ki, Azərbaycan cəmiyyəti aparılan
siyasəti bəyənsin, dəstəkləsin. Mənə
Prezident və siyasətçi kimi ən çox güc verən,
deyə bilərəm ki, Azərbaycan xalqının
inamıdır, dəstəyidir, nəinki Azərbaycanın
iqtisadi müstəqilliyi. Çünki bu inam məni daha da
gücləndirir və göstərir ki, siyasi iradə olan
yerdə və siyasətə sədaqət olan yerdə istənilən
məsələ həllini tapa bilər.
Ötən
il keçirilən prezident seçkilərində də
göstərilən etimad bir daha onu göstərdi ki,
bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan
xalqı öz seçiminə sadiqdir. Deyə bilərəm
ki, Azərbaycan cəmiyyətinin yetkinliyi, savadı,
intellektual səviyyəsinin yüksək olması, əlbəttə
ki, ictimai proseslərin müsbət istiqamətdə
inkişafına xidmət göstərir.
Ona
görə mən gələcək illər üçün
əsas mövzulardan birinə - təhsil məsələlərinə
bir daha qayıtmaq istəyirəm. Təhsil hər bir ölkənin
gələcəyini müəyyən edir. Bu sözlər
çox işlədilir. Amma bu, həqiqətdir. Savadı olmayan,
yaxud da ki, aşağı səviyyədə olan cəmiyyətlərdə
xarici müdaxilə uğurla nəticələnə bilər.
Xarici təbliğat ölkənin inkişafına təsir edə
bilər. Ona görə hazırlıqlı, yetkin, bilikli və
savadlı cəmiyyət ekstremizmə, xarici müdaxiləyə
və digər xoşagəlməz hallara qarşı bir
sığortadır.
Məlumdur
ki, tariximizin böyük əksəriyyəti başqa dövlətlərin,
imperiyaların tərkibində keçibdir. Azərbaycan
müstəmləkə idi. Müstəmləkəçiliyin
müxtəlif formaları var idi, ancaq mahiyyət dəyişmirdi.
Ona görə biz hələ çox işləməliyik ki,
həm psixoloji sahədə, eyni zamanda, iqtisadi və siyasi məsələlərdə
özümüzü daha da ciddi şəkildə təsdiq edək.
Burada təhsil, cəmiyyətin hazırlığı və
vətənpərvərlik ön plandadır. Hesab edirəm
ki, gələcək illərdə Azərbaycanda bu iki əsas
istiqamət üzrə çox müsbət hadisələr
baş verəcəkdir.
Xüsusilə
2013-cü ildə doğrudan da, böyük hadisələr
baş vermişdir. Əminəm ki, 2014-cü il də Azərbaycan
üçün uğurlu olacaqdır. Biz hamımız buna
çalışırıq.
Bir
daha bu yüksək mükafata görə sizə minnətdarlığımı
bildirmək istəyirəm. Bir daha sizin media layihələriniz
haqqında deyə bilərəm ki, mən verilişləri
izləyirəm. Burada oturanların demək olar ki,
hamısını qiyabi də olsa tanıyıram. Arzu edirəm
ki, gələcəkdə də siz həmişə Azərbaycan
xalqının rəğbətini qazanasınız. Sizə
inanırlar, sizi izləyirlər və müasir dünyada
sözün, medianın əlbəttə ki, rolu getdikcə
artır.
Sonda
onu da qeyd etmək istəyirəm ki, 2013-cü il Azərbaycanda
müstəqil jurnalistikanın inkişafı
üçün də uğurlu olmuşdur. Azərbaycanda
bütün azadlıqlar - söz, internet azadlığı
mövcuddur. Senzura, heç bir müdaxilə yoxdur. Azərbaycanda
azadlıqlarla bağlı hər şey lazımi səviyyədə
təmin edilir.
ANS
kanalının fəaliyyəti burada əlbəttə ki,
önəmli rol oynayır. Çünki siz birinci müstəqil
telekanalsınız, siz bu istiqamətdə pionersiniz və əlbəttə
ki, televiziyada yeni yanaşmaların, yeni metodların, yeni layihələrin
müəllifi kimi sizin çox böyük xidmətləriniz
olubdur. Mən hesab edirəm ki, siz öz mövqeyinizi bu
gün də saxlayırsınız.
Sizə
yeni uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə
də siz Azərbaycanda müstəqil, azad jurnalistikanın
inkişafında fəal işləyəcəksiniz və
ölkəmizin, dövlətimizin gələcək
inkişafı üçün öz səylərinizi
qoyacaqsınız.
Sizi
bir daha salamlayıram, sizə minnətdarlığımı
bildirirəm və yeni ildə uğurlar arzulayıram. Sağ
olun.
Azərbaycan.-2014.- 18 yanvar.- S.1.