Azərbaycan Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun «2013-cü ilin adamı» mükafatının təqdim olunması mərasimi keçirilmişdir

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilmişdir.ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin AĞAYEV çıxış edərək dedi:

 

- Hörmətli cənab Prezident!

 

Hörmətli xanımlar və cənablar!

ANS Şirkətlər QrupuMilli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən "2013-cü ilin adamı" mükafatının və diplomunun təqdim olunma mərasimini açıq elan edirik. Bu mükafat 2001-ci ildən başlayaraq təqdim olunuronun əsas qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır. Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq cəmiyyətdə yüksək statusu ilə etiraf olunan bu  mükafatın başlıca leytmotivi budur. Azərbaycan uğrunda canını fəda etmiş bir insanın adını daşıyan bu mükafat təbii ki, öz bacarığını və səylərini Azərbaycanın rifahına yönəldən, ömrünü bu dövlətə, bu millətə və bu xalqa həsr edən şəxslərə verilir.  

 

*  *  *

 

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid MUSTAFAYEV dedi: 

 

- Hörmətli cənab Prezident!

 

Hörmətli xanımlar və cənablar!

 

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu adından "2013-cü ilin adamı" mükafatını və diplomunu təqdimetmə mərasimində Sizi məmnuniyyətlə salamlayıram.

Artıq neçə ildir ki, biz bir ictimai institut kimi Azərbaycanımızı ən yüksək səviyyədə tanıdan, onun bir dövlət olaraq qüdrətlənməsində, çiçəklənməsində misilsiz xidmətləri olan insanların rolunu  imkanlarımız çərçivəsində qiymətləndiririk. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu olaraq biz bu ənənəni həm qürur, həm də böyük bir məsuliyyət hissi ilə yaşadırıq. Çünki ilin ən böyük vətənpərvərinə verilən bu mükafatın əsas missiyası  həmişə onun layiqli şəxsə təqdim edilməsi, necə deyərlər, əsl ünvanına çatdırılması olubdur.

Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar!

2013-cü il Azərbaycan dövlətinin tarixinə həm ən mürəkkəb, həm də ən uğurlu illərdən biri kimi daxil oldu. Məhz bu il Azərbaycan kosmik dövlətlər cərgəsinə qoşuldu, uğurlu iqtisadi inkişaf tempi, sabitlik, vətəndaşların rahat və etibarlı güzəranı ilə yadda qaldı, ölkəmizə dünyanın aparıcı dövlətləri ilə ayaqlaşmağa imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi dinamik tərəqqi onu regionun qüdrətli dövlətinə çevirdi. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi etibarlı mərkəz kimi dünyada qəbul olundu.

Nüfuzlu Davos Forumunun ötən il Bakıda keçirilməsi məhz  belə hadisələrdən biridir. Bu, hələ hamısı deyildir. Cəmi 22 il əvvəl BMT-yə adi üzv kimi qəbul edilən ölkəmiz 2013-cü ili dünyanın bu ən mötəbər qurumunun Təhlükəsizlik Şurasının sədri kimi başa vurdu. İyirmi iki il və BMT Təhlükəsizlik Şurasının sədri - qısa  zamanda əsl sıçrayış.

Beləliklə, Azərbaycan dünyanın taleyinin müzakirə olunduğu ən yüksək qurumun başında dayandı, onun əlinin işarəsi planetin aparıcı güclərinə, ən qüdrətli dövlətlərin qərarlarına təsir etdi. Bu reallıq hər bir Azərbaycan vətəndaşının qüruruna səbəb oldu.

Dövlətin yürütdüyü siyasətin əsas ünvanı yenə də insana qayğı, vətəndaşa xidmət oldu. Dövlət başçısının birbaşa təşəbbüsü, nəzarəti və iştirakı ilə açılan yeni-yeni müəssisələr, yerləri, istifadəyə verilən yollarkorrupsiyaya qarşı mübarizədə kəsərli silaha çevrilmiş "ASAN xidmət", müxtəlif sahələr üzrə uğurlu infrastrukturların yaradılması bir hədəfə - Azərbaycan vətəndaşına hesablanmışdır. Elə bu səbəbdən də Azərbaycan vətəndaşı öz Prezidentinə - İlham Əliyevə yenidən məmnuniyyətlə səs verdi. Bu seçkilərdə təkcə Prezident deyil, həm də xalq qələbə qazandı. 2013-cü ildə Azərbaycan, eyni zamanda, nəhəng siyasi qüvvələrin maraq qovşağında uğurla addımladı. Müstəqilliyimizin göz bəbəyi kimi qorunması bu il də əsas vəzifə oldu. Balanslaşdırılmış siyasət Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə nail olmağı təmin etdi.

İlin sonuna yaxın isə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir qolu olduğunu növbəti dəfə sübut edərək "Şahdəniz-2" kimi tanınan XXI əsrin müqaviləsini imzaladı.

Prezidentin görülən işlər barədə xalqa verdiyi ətraflı hesabatlar Azərbaycanın dünyadakı opponentlərinin apardığı qara təbliğat kampaniyasına kəsərli cavab oldu.

İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı barədə verdiyi vədi 2013-cü ildə də ləyaqətlə yerinə yetirdi. Vətəndaş ən çətin günündə onun taleyinə həssas münasibət bəsləyən, maddi və mənəvi dəstəyi ilə hər an onun yanında olan yaxın dostunun, qardaşının - dövlət başçısının qayğısını hiss edir. Başqa ölkədə həbs edilən alim Xalidə Xalid, Azərbaycanın böyük şairi Vaqif Səmədoğlu, körpə İmran Cəfərov və digərləri bu diqqətdən bəhrələndi. Prezident hər bir məmuru xalqa xidmətə dəvət etməklə xalqın hörmət və ehtiramını nə qədər uca tutduğunu nümayiş etdirdi, dövlətə etimadı gücləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü kurs bir sıra hallarda regional siyasi düzənin tamamilə dəyişməsinə, proseslərin tam başqa məcraya yönəlməsinə də gətirib çıxardı.

Cənab Prezident, burada ordu quruculuğu, hərbi sənayenin inkişafı və digər bu kimi hər gün görülən və görünən işləri də sadalaya bilərdik. Amma, cənab Prezident, insan yaxşı işlərə tez öyrəşir. Hər gün açılan yeni binalar, fabriklər bir möcüzə, fövqəladə hadisə kimi artıq bizdə maraq doğurmur. Bu gün bizi nadir memarlıq inciləri ilə də təəccübləndirmək qeyri-mümkündür. Siz bizi artıq belə şeylərə öyrətmisiniz. Ona görə də  xaricə gedən azərbaycanlı da bu gün artıq on il əvvəlki kimi hər şeyə dörd gözlə baxmır, deyir ki, bütün bunlardan bizdə də vardır. Biz bunları Azərbaycanda da görmüşük. Necə deyərlər, biz bu gün növbəti uğurlar, hər gün baş verən cari nailiyyətlər üzərində yox, sıx fəaliyyət qrafikinizdən bəzi seçimlər üzərində dayandıq. Bütün bunları nəzərə alan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməyi qərara almışdır. Biz bir müstəqil media qurumu olaraq bütün dediklərimizi, eyni zamanda, tarixə köçürmüşükbu, bizim peşəkar işimizdir, vəzifəmizdir. Fürsətdən istifadə edib, Sizə deyilənlərin hamısının video sübutunu təqdim etmək istəyirəm. Baxın, bu, Sizin etdiklərinizdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Vahid MUSTAFAYEV: Təşəkkür edirəm, cənab Prezident, 2013-cü il həm də böyük azərbaycanlı Heydər Əliyevin 90 illiyi ilə yadda qaldı. O, bu gün bizim aramızda olmasa da, Sizin simanızda onun yolunu ləyaqətlə və daha böyük vüsətlə davam etdirən bir oğulla, əsl varislə fəxr edərdi. Beləliklə, Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə Prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, "Şahdəniz-2", TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Avropa İttifaqına üzv olan ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olmasına görə İlham Heydər oğlu Əliyev "2013-cü ilin adamı" elan edilir.

İndi isə icazə verin, diplomu və mükafatları təqdimetmə mərasiminə keçək.

On min manatlıq çeki Sizə təqdim edirəm. Bir ənənəvi olaraq şəxsən Sizin üçün hazırlanmış bu saatı Sizə təqdim edirəm. Həmişə saatla, vaxtında bizə rəhbərlik etməyinizə işləri irəli aparmağınıza görə Sizə təşəkkür edirəm.

 

*  *  *

 

Sonra mükafatlar dövlət başçısına təqdim edildi.

 

 

Azərbaycan.-2014.- 18 yanvar.- S.1;2.