Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik
yubileyinə həsr olunmuş
tədbir keçirilmişdir
Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər.
İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar.
Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən geniş söz açmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışan natiq hazırda bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli "Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Məruzədə institutun keçdiyi tarixi yola bir daha nəzər salınmış və qeyd edilmişdir ki, 1933-cü ildə əsası qoyulan bu elm məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya elminin mərkəzinə çevrilmiş, milli-mənəvi dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər görmüşdür.
Bildirilmişdir
ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami
adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi,
böyük araşdırma ənənələri, görkəmli
yaradıcıları və adlı-sanlı yetirmələri
ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul
olunur. Bu elmi-tədqiqat institutu bir əsrə
yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq
elminin baş qərargahı
funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq
tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu
vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir.
Bu elm məbədi Azərbaycan
Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf etmişdir. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri dövlət mükafatı laureatı, 2 nəfəri isə əməkdar elm xadimidir.
İsa Həbibbəyli demişdir ki, müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri vardır. Ölkəmizdə klassik və müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi və müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir.
Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılmışdır. Ədəbiyyat İnstitutunun çap etdirdiyi böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin" jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir.
Vurğulanmışdır ki, hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə yaradılmış müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid şöbələri, Nizamişünaslıq və Füzulişünaslıq sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açmışdır.
Natiq son vaxtlar Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışmışdır.
Yubiley tədbirində iştirakından böyük məmnunluq hissi keçirdiyini söyləyən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etmişdir.
Nərgiz Paşayeva sözünə davam edərək demişdir: "Mən də ədəbiyyata bağlı olan, bütün ömrünü onun inkişafına xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu sahəyə olan marağımın əsasında da bu amilin böyük rolu vardır. Ədəbiyyat böyük aləmdir. Dünyanın yaranışının özəyində də söz dayanır. Dünya yaranandan mövcud olan söz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur".
Rektor bildirmişdir ki, tarixin hər bir mərhələsində xalqımıza məxsus ədəbiyyat nümunələrində digər xalqlara məxsus nadir dəyərlərə xüsusi diqqət və hörmətlə yanaşılmışdır. Bu özü də böyük bir tədqiqatın mövzusudur və ədəbi nümunələrimiz bir çox istiqamətlərdə araşdırılmalıdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmamışdır. Onun dahi simaları Yaxın və Orta Şərq fikrini, mədəniyyətini özündə cəmləmişdir. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıtmışdır. Əgər XVIII-XIX əsrlərdə Avropanın vətənpərvər ziyalıları insanın və cəmiyyətin azadlığını maarifçilik ənənələrində axtarırdılarsa, bunu hələ çox-çox əvvəllərdə, XII əsrdə dahi Nizami Gəncəvi görmüş və əsərlərində şərh etmişdi. Bu, böyük bir zənginlikdir. Bəzən özümüzün nə qədər qədim və zəngin mədəniyyətə sahib olduğumuzu dərk edə bilmirik. Məhz bu səbəbdən də zəngin ədəbi irsimizi təqdim və təbliğ etmək borcumuzdur.
Nərgiz Paşayeva demişdir: "Azərbaycan ədəbiyyatı əsirlər boyu böyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya çərçivəsində, böyük arenada biz ədəbiyyatımızı lazımi səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun".
N.Paşayeva demişdir ki, ədəbiyyat xalqları, millətləri birləşdirən bir qüvvədir. Əgər bədii söz insanı daxilən göylərə ucaldır, ona yeni ruh, mənən zənginlik, sakitlik, təmizlik gətirirsə, elmi söz insanı ədalətli olmağa səsləyir, onu yer üzündə mövcud qayda-qanunlara əməl etməyə çağırır. Bütün bunlar sözün, ədəbiyyatın gücünün, böyüklüyünün göstəricisidir. Bugünədək dünyada ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir edəcək ikinci bir silah kəşf edilməmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvü Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, dünya şöhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.
Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici ölkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, görkəmli mədəniyyət xadimlərindən gəlmiş təbrik məktublarını oxumuşdur.
Yubiley
tədbirində institutun inkişaf yolundan bəhs edən
slaydlar nümayiş olunmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 18 yanvar.- S.3.