Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası illik hesabat konfransı
keçirmişdir
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabat tədbiri keçirmişdir. Tədbirdə QHT nümayəndələri iştirak etmişlər.
AzərTAc xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən danışmışdır. 2013-cü ildə Şuranın fəaliyyətinin çox məhsuldar olduğunu qeyd edən natiq bildirmişdir ki, bu yaxınlarda qəbul olunan "İctimai iştirakçılıq haqqında" yeni qanun ölkədə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ olmuşdur.
Vurğulanmışdır ki, ötən il Şura yerli və xarici QHT-lərin layihələrini maliyyələşdirmək məqsədilə üç maliyyə yardımı müsabiqəsi elan etmişdir. Maliyyələşdirmə istiqamətləri üzrə tərtib edilən mövzular əvvəlki illərdə olduğu kimi, Azərbaycanın mövcud reallıqlarını əhatə etmişdir. Bu il yerli QHT-lərin Şura tərəfindən dəstəklənmiş 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılmışdır. Şuranın elan etdiyi müsabiqələr əvvəlki müsabiqələrdən həm mövzu , həm də icra metodologiyası ilə seçilmişdir. Əsasən kütləvi təbliğat formalarını nəzərdə tutan maarifləndirmə tədbirləri, xüsusilə əhalinin gündəlik həyatında aktuallıq kəsb edən, eləcə də yeni qəbul edilmiş qanunların təbliği müsabiqənin əsas qayəsini təşkil etmişdir. 2013-cü ildə Şura milli donor olaraq ilk dəfə həm də bir sıra xarici QHT-lərin Azərbaycanla, insan hüquqları və demokratik dəyərlərlə bağlı layihələrini maliyyələşdirməyə başlamışdır.
Qarşıda duran vəzifələrə toxunan Azay Quliyev bildirmişdir ki, Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayıracaqdır. Həmin QHT-lərə 5 istiqamət üzrə mövzu təqdim edilmişdir: insan hüquq və azadlıqlarının qorunması, Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması, Xocalı soyqırımının dünyada tanıdılması, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, islamofobiya, ksenofobiya və hər cür irqçiliyin əleyhinə olan fəaliyyətin dəstəklənməsi.
Konfransda
iştirakçılara 2013-cü ildə maliyyələşdirilən
layihələrlə bağlı kitab təqdim olunmuşdur.
Azərbaycan.-2014.- 18 yanvar.- S.3.