Naxçıvanda
Məhəmməd Peyğəmbərin Mövludu
Günü qeyd edilmişdir
Ümummilli liderimiz Heydər Əliyev demişdir: "İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin Mövlud Günü bizim böyük bayramımızdır".
Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi Həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları daim mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin Mövludu Günü islamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 17-də Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, Həzrəti Məhəmməd Peyğəmbərin Mövludu Günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynamış, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur.
Naxçıvan
Muxtar Respublikasında da islami dəyərlər qorunub
yaşadılır, yeni məscid binaları tikilərək
istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi,
Məhəmməd Peyğəmbərin Mövludu
Günü də hər il
muxtar respublikada qeyd olunur.
Tədbirdə
"Qurani-Kərim"dən ayələr oxunmuş, ölkəmizə
əmin-amanlıq, inkişaf və tərəqqi
arzulanmışdır.
Muxtar
respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin
Mövludu Günü münasibətilə tədbirlər
keçirilmişdir.
Azərbaycan.-2014.-
18 yanvar.- S.5.