24 il əvvəl... və sonra

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-musiqili kompozisiyalar nümayiş etdirilib

 

 

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş "24 il əvvəl... 24 il sonra" adlı tədbir-sərgi təşkil olunub. Sərgidə T.İsmayılov adına Təsviri və tətbiqi sənət salonununRespublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi şagirdlərinin 50 ədəd rəsm əsəri nümayiş etdirilib.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirdə çıxış edərək  qanlı şənbə gecəsini  özündə əks etdirən  rəsmlərin hansı hisslərlə çəkildiyini və əhəmiyyətini bildirib. O, bir daha xatırladıb ki, azadlığımıza və dövlət müstəqilliyinin bərpasına gedən yol məhz o gecədən başlayıb: "İllərdən bəri Azərbaycanın təbii sərvətlərini hərisliklə əlindən alan imperiya rejiminə qarşı çıxan vətənpərvərlərimiz o gecə azadlıq və istiqlaliyyət aşiqi olduqlarını şəhidlikləri ilə təsdiqlədilər. Bütün tarixi hadisələrin yaddaşlarda  iz salmasında  bədii və  publisistik sənət əsərlərinin rolu əvəzsizdir. 20 Yanvar dəhşətləri də bu qəbildən olduğuna görə gələcək nəsillərə çatdırılmasında mədəniyyət və incəsənət sahəsində çalışanların üzərinə böyük məsuliyyət düşür. Bu  məsuliyyətin arxasında əsl vətənpərvərlik duyğuları dayanır. O gecəni öz təxəyyülündə, əlbəttə, rənglərin dili ilə yaradanların heç özlərinin 24 yaşı yoxdur. Amma yaxşı bilirlər ki, 24 il öncə  o dəhşətli şənbə gecəsində qanları ilə torpaqda Azadlıq yazanlar, sözün əsl  mənasında, imperiya cəlladları ilə üz-üzə, göz-gözə savaşan mübarizlər idilər. Bu gün  qanlı tariximizin həmin səhifəsini vərəqləyərkən kiçikyaşlı rəssamların  da Vətən qarşısında göstərdiyi xidmətlər aydın görünür".

Tədbirdə   Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri, Nərimanov rayonundakı 45 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Bütöv Azərbaycan. Bayraq müqəddəsliyi" adlı ədəbi-musiqili kompozisiyalar da  nümayiş olunub.

Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti də iştirak edib. Sərgi yanvarın 23-dək davam etdirilir.

 

Azərbaycan.-2014.- 18 yanvar.- S.12.