Azərbaycan Prezidenti İlham Əliyev
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi
şəhərciyində aparılan tikinti və yenidənqurma
işləri ilə tanış olmuş, idman kompleksinin
açılışında iştirak etmişdir
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, xidmətin idman kompleksinin açılışında iştirak etmişdir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulmuş, köhnə tikililər sökülərək yeni binalar inşa edilmişdir. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri aparılmış, bütün idman qurğuları, o cümlədən qaçış zolağı, tribuna yenidən qurulmuşdur.
Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin girişində ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, ümummilli liderin və Prezident İlham Əliyevin ölkədə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs edən fotoguşə yaradılmışdır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılmışdır. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.
Dövlət başçısı xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlara baxdı. Qeyd olundu ki, bu müasir avadanlıq vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıq əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.
Diqqətə çatdırıldı ki, kompleksdə müasir avadanlıqla təchiz olunmuş tibb məntəqəsi də vardır. Buradakı təlimat zalları yüksək səviyyədə qurulmuşdur.
Azərbaycan Prezidenti əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxdı.
Məlumat verildi ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuşdur. Kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılmışdır.
Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşdü.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham ƏLİYEV xidmətin şəxsi heyətini salamlayaraq dedi:
- Sabahınız xeyir olsun.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma-tikinti işləri ilə tanış oldum. İşlər çox yüksək səviyyədə görülür, inzibati binalar tikilir, təmir edilir. Gözəl idman kompleksi tikilmişdir. Burada istənilən yarışı keçirmək mümkündür. Əlbəttə ki, burada əməkdaşların fiziki hazırlığı üçün bütün imkanlar vardır. Çünki Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşəkarlığının tərkib hissəsi olan fiziki hazırlıq da yüksək səviyyədə olmalıdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq mümkündür. Əminəm ki, əməkdaşlar bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər, yüksək keyfiyyətlə, zövqlə tikilmiş bu idman kompleksi, uzun illər uğurla fəaliyyət göstərəcəkdir.
Əlbəttə ki, burada əməkdaşların xüsusi hazırlığı üçün bütün imkanlar vardır. Mən əvvəlki illərdə xidmətin müxtəlif obyektlərinin - həm xüsusi hazırlıqla bağlı, həm də digər obyektlərin açılışında iştirak etmişəm. Yəni bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazası kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl hospital, təlim bazası açılmışdır. Xüsusi hazırlıq, fiziki hazırlıq, eyni zamanda, mühafizə tədbirlərinin gücləndirilməsi üçün burada bütün imkanlar vardır.
Bu gün yeni texnologiyalar tətbiq edilir. Əlbəttə
ki, biz xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi
işində bu texnologiyalardan istifadə edirik, müşahidə
imkanları genişlənir. Yəni texniki
təchizat sizin işinizi yüngülləşdirir. Ancaq, eyni zamanda, əməliyyat işləri də həmişə
böyük önəm daşıyır. Xidmətin əməliyyat işləri də
yüksək səviyyədədir.
Xidmətin çox böyük funksiyaları vardır. Dövlət
orqanlarının, dövlət obyektlərinin mühafizəsi
məsələləri böyük əhəmiyyət
daşıyır. Bu gün müstəqil
dövlətimizin uğurlu inkişafı üçün təhlükəsizlik
tədbirləri yüksək səviyyədə təmin edilməlidir.
Azərbaycanda ictimai-siyasi asayiş təmin edilir, sabitlik
mövcuddur və insanlarımız təhlükəsiz şəraitdə
yaşayırlar. Əlbəttə ki, gələcək
uğurlu inkişafımız üçün təhlükəsizlik
tədbirləri həmişə diqqət mərkəzində
olmalıdır. Mən Xüsusi Dövlət
Mühafizə Xidmətinin bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirirəm.
Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə
təmin edilir.
Eyni zamanda, Azərbaycana gələn
çoxsaylı yüksək vəzifəli nümayəndə
heyətlərinin mühafizəsi də sizin məsuliyyətinizdir.
Nəzərə alsaq ki, bu gün Azərbaycan və
Bakı artıq siyasi və iqtisadi mərkəzə
çevrilibdir, burada keçirilən tədbirlərin
sayı həddindən artıq çoxdur. Bütün mötəbər tədbirlərdə
mühafizə məsələləri yüksək səviyyədə
təşkil edilir. Siz Azərbaycana gələn
xarici dövlət, hökumət başçılarının
mühafizəsini təmin edirsiniz. Zirvə
görüşləri, digər beynəlxalq forumlar
keçirilir. Əlbəttə ki, bu tədbirlərin
mühafizəsi bilavasitə sizin məsuliyyətinizdir. Demək olar ki, Azərbaycanda hər ay, bəlkə
də ayda bir neçə dəfə mötəbər tədbirlər
keçirilir. Bu tədbirlərin yüksək
səviyyədə keçirilməsində xidmətin əməkdaşlarının
xidmətləri vardır.
Eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyini
təmin edən enerji sahəsində də sizin xidmətləriniz
vardır. İxrac boru kəmərlərinin mühafizəsi də
sizə həvalə edilibdir. Uzun illərdir
ki, siz strateji enerji infrastrukturunun mühafizəsi ilə məşğulsunuz
və bu illər ərzində bir dənə də xoşagəlməz
hadisə olmamışdır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum və digər kəmərlər,
onların fəaliyyəti Azərbaycan ərazisində ən
yüksək səviyyədə təmin edilir. Bir dəfə də olsun heç bir qanunsuz
müdaxilə olmamışdır. Ancaq
başqa ölkələrdə belə müdaxilələr,
qanunsuz əməllər, o kəmərlərdən neftin
oğurlanması halları kifayət qədər çox
olubdur. Bu, ilk növbədə onu göstərir
ki, Azərbaycan əhalisi bu məsələyə lazımi səviyyədə
yanaşır. Eyni zamanda, mühafizə
sistemi də lazımi səviyyədə qurulubdur. Həm elektron vasitələrlə müşahidə,
eyni zamanda, vizual müşahidə yüksək səviyyədə
təmin edilir. Beləliklə, ölkə
iqtisadiyyatı üçün strateji əhəmiyyət
daşıyan əsas ixrac kəmərlərimiz xidmət tərəfindən
yüksək səviyyədə təmin edilir və qorunur.
Əlbəttə ki, mən Prezident kimi xidmətin
uğurlu fəaliyyəti üçün həmişə
öz dəstəyimi vermişəm. Xidmətin rəhbərliyindən gələn, demək olar ki,
bütün təklifləri qəbul etmişəm. Xidmətin maddi-texniki bazasının
yaxşılaşdırılması, əməkdaşların
məişət problemlərinin həlli üçün
lazım olan bütün göstərişlər
verilmişdir. Bu gün deyə bilərəm ki, bu idman
kompleksinin açılışı bu sahədə nəzərdə
tutulmuş bütün işləri tamamlayır: hospital, təlim-məşq
mərkəzi, idman kompleksi, situasiya mərkəzi və
müasir avadanlıqla təchizat - bütün işlər
yüksək səviyyədə aparılır.
Son illər ərzində biz sizinlə müxtəlif tədbirlərdə
dəfələrlə görüşmüşük. Bir daha demək
istəyirəm ki, mən xidmətin fəaliyyətini yüksək
qiymətləndirirəm. Xüsusi Dövlət
Mühafizə Xidməti ölkəmizin uğurlu
inkişafında böyük rol oynayır. Azərbaycanda təhlükəsizliklə
bağlı bütün tədbirlər yüksək səviyyədə
təmin edilir. Əminəm ki, bundan sonra
da belə olacaqdır. Çünki yerləşdiyimiz
region, əlbəttə ki, hamımızdan xüsusi diqqət
tələb edir. Azərbaycanın ətrafında
gedən xoşagəlməz proseslər, əlbəttə ki,
bizi daha da səfərbər etməli, daha da diqqətli
olmağa çağırmalıdır. Biz
buna hazırıq. Bu gün Azərbaycanın
uğurlu inkişafı, o cümlədən daxili sabitlik və
təhlükəsizlik hesabına təmin edilir.
Sizə yeni ildə yeni uğurlar arzulayıram. Bu kompleksin,
ümumiyyətlə, burada aparılan işlərin yüksək
səviyyədə olduğunu bir daha qeyd etmək və sizi bu
işlər münasibətilə təbrik etmək istəyirəm.
***
Xüsusi
Dövlət Mühafizə Xidmətinin rəisi,
general-polkovnik Vaqif AXUNDOV çıxış edərək
dedi:
- Möhtərəm
Prezident, cənab Ali Baş Komandan!
Sizi bir daha bizim hərbi şəhərcikdə şəxsi
heyətin adından salamlayır, "Xoş gəlmisiniz"
deyirəm. Bu, Sizin Xüsusi Dövlət Mühafizə Xidmətinə
yeddinci səfərinizdir. Xidmətimizin fəaliyyəti
ilə bağlı söylədiyiniz dəyərli fikirlərə görə də
Sizə dərin minnətdarlığımı bildirirəm.
Bilirsiniz ki, Xüsusi Dövlət Mühafizə Xidməti
1993-cü ilin avqust ayında - Azərbaycanda vətəndaş
müharibəsi və Ermənistan-Azərbaycan müharibəsinin
getdiyi dövrdə ulu öndərin təşəbbüsü
və rəhbərliyi ilə yaradılmışdır. Bu xidmətin əsası
o dövrdə qoyulmuşdur. İyirmi ildən
artıqdır fəaliyyət göstərən xidmətimiz
digər xüsusi xidmət orqanları ilə müqayisədə
gəncdir. Amma gənc olmasına baxmayaraq,
çox yüksək döyüş qabiliyyətinə və
güclü maddi-texniki bazaya malikdir.
Təbiidir, Xüsusi Dövlət Mühafizə Xidmətinin
yenidənqurmadan sonra bu gün açılışında
iştirak etdiyiniz hərbi şəhərciyi, müasir tələblərə
uyğun bu idman kompleksi Azərbaycan standartlarına cavab verən
səviyyədə qurulubdur. Stadion, inzibati binalar - bunların
hamısı xidmətimizə Sizin göstərdiyiniz
diqqət və qayğının əyani nümunəsidir.
Bütün bu diqqət və qayğıya, fəaliyyətimizə,
maddi-texniki bazamızın gücləndirilməsinə, şəxsi
heyətin sosial-məişət problemlərinin həll
olunmasına, sağlamlıqla bağlı hospitalın,
"Nabran" istirahət mərkəzinin, - bizim şəxsi
heyət burada istirahət edir, - açılmasına görə
Sizə təşəkkür edirik. Təkcə
2003-2013-cü illər ərzində 800-ə yaxın mənzil
tikilib istifadəyə verilibdir. Bu, Sizin
diqqət və qayğınızdır, Xidmətimizin fəaliyyətinə
göstərdiyiniz yüksək etimaddır.
Cənab
Prezident, bu yüksək etimada görə Sizə şəxsi
heyət adından bir daha təşəkkürümü
bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da öz xidmətimizlə,
əməyimizlə, işimizlə Sizin gərgin
işinizlə ayaqlaşaraq etimadınızı
doğruldacağıq. Təşəkkür
edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
Xatırladaq
ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan
Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə
Orqanlarını Baş Mühafizə İdarəsinin təşkili
ilə bağlı imzaladığı fərmanla yaradılan
bu qurum təsis edildiyi gündən etibarən digər
hüquq-mühafizə orqanları kimi, ölkəmizdə
sabitliyin və əmin-amanlığın təmin olunması,
dövlətin təhlükəsizliyinin qorunması istiqamətində
mühüm işlər görmüşdür. Azərbaycanın sürətli iqtisadi
inkişafı, enerji sektorunda əldə edilən uğurlar,
ölkəmizin Avropanın enerji təhlükəsizliyində
oynadığı rolun getdikcə artması, şaxələndirilmiş
enerji marşrutlarının təhlükəsizlik məsələləri
Xüsusi Dövlət Mühafizə Xidmətinin
qarşısına yeni vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində
İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi
İdarəsinin yaradılması qurumun fəaliyyətini daha
da genişləndirmişdir. Prezident İlham Əliyevin
diqqət və qayğısı nəticəsində
Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, şəxsi heyətin
peşəkarlığının daha da
artırılması, qurumun ən müasir texniki
avadanlıqla təchiz olunması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilməyə
başlanmışdır.
Dövlət başçısının sərəncamı
ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin
Müasir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Mərkəzi yaradılmışdır. Mərkəzdə
dövlət orqanlarının internet informasiya
resurslarının, operativlik və təhlükəsizlik tələblərinə
cavab verən və hazırda Avropa ölkələrinin əksəriyyətində
istifadə edilən "TETRA" radiorabitə sistemi tətbiq
olunur. 2013-cü ilin aprelində Prezident
İlham Əliyevin fərmanı ilə Azərbaycanın
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin
mühafizəsinin təmin edilməsi məqsədilə
Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində
Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin
yaradılması qurumun üzərinə yeni vəzifələr
qoymuşdur.
Xüsusi Dövlət Mühafizə Xidməti son illər
Azərbaycanda gedən sürətli inkişaf prosesləri,
ölkədə nəhəng infrastruktur layihələrinin
icrası, dövlət orqanlarının işinin keyfiyyətcə
yeni mərhələyə daxil olması və digər beynəlxalq
əhəmiyyətli tədbirlərin keçirilməsi ilə
bağlı üzərinə düşən vəzifələri
yüksək peşəkarlıqla həyata keçirir. Şəxsi
heyətin sosial həyat şəraitinin
yaxşılaşdırılması, xidmətin səviyyəsinin
daha da yüksəldilməsi ilə əlaqədar tədbirlər
də ardıcıl olaraq davam etdirilir. Xüsusi
Dövlət Mühafizə Xidmətinin idman kompleksinin tikilməsi
və bu çərçivədə bir çox digər tədbirlərin
həyata keçirilməsi bunun bariz nümunəsidir.
AzərTAc
Azərbaycan.-2014.-
19 yanvar.- S.1;2.