İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşlarla görüşmüşdür

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Ötən il iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə 15 vətəndaş qəbulu keçirilmiş, bu görüşlərdə 800-ə yaxın vətəndaşın müraciətləri dinlənilərək müvafiq  tədbirlər görülmüşdür.

AzərTAc xəbər verir ki, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 18-də Salyanda təşkil edilmişdir.

Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Saatlı, SabirabadSalyan rayonlarından 50-yə yaxın vətəndaş iştirak etmişdir.

Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, məktəblərin istilik təminatı, sosial və s. məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildirmişlər.

Vətəndaşların  müraciətləri diqqətlə dinlənilmişdir. Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbul zamanı sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını  bildirmişlər.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün Salyanda keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Bundan əlavə, vətəndaşların qəbula dair müraciətləri nazirliyin saytında və "Facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2014.- 19 yanvar.- S.4.