Rabitə və informasiya
texnologiyaları naziri
Hacıqabulda vətəndaşları qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, yanvarın 18-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Hacıqabulda bu rayondan, eləcə də Şirvan, Kürdəmir, Sabirabad, Saatlıdan olan vətəndaşları qəbul etmişdir.
Qəbulda iştirak edən vətəndaşların əksəriyyəti nazirə işə düzəlmə ilə əlaqədar müraciət etmişlər. Digər müraciətlər isə internet təminatı ilə bağlı olmuşdur.
Videokonfrans şəklində aparılan qəbulda, eyni zamanda, şikayətlər olduğu halda, adları çəkilən rayonların telekommunikasiya müəssisələrinin rəhbərləri nazirlə birbaşa əlaqə saxlaya bilmişlər.
İşə qəbulla əlaqədar müraciət edənlərin əksəriyyətinin şikayətləri həllini tapmış, onların işlə təmin olunmasına göstəriş verilmişdir.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan məsələlər
aidiyyəti üzrə müvafiq icra orqanlarına
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 19 yanvar.- S.4.