20 Yanvar faciəsinə gedən yol
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" ("Zərbə") adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "Alfa" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum çəkib qırğın törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. Vəhşiləşmiş hərbçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ölkənin baş meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyənlər və xalq hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini "liderlər" adlandıranlar isə faciə zamanı xalqla birgə olmadılar. Bu isə onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını və bu məqsədlə xalqı qırğına verməyə hazır olduqlarını göstərirdi.
Faciəyə
etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyev
oldu
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən vərəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Ən acınacaqlı hal isə o idi ki, respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir tədbir görmədi, cinayətin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışdı. Moskvanın qabağında həmişə mütilik göstərən, faciə törənən gecə isə qorxusundan tələm-tələsik respublikadan qaçan Ə.Vəzirov, həmin günlərdə əli xalqın qanına boyansa da, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən A.Mütəllibov bu dəhşətli faciənin izlərini nəyin bahasına olursa-olsun ört-basdır etməyə, xalqın haqq səsini fövqəladə rejim tətbiq etməklə boğmağa çalışırdı.
O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi:
"Əziz həmvətənlərim, xanımlar və cənablar!
Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün, ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Vəzirov müqəssirdir. Yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır?
Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi.
Ancaq
iş təkcə bununla bitmir. İndi
yanvarın 19-dan 20-nə keçən gecə baş
vermiş və bu gün də davam edən faciənin
üstündə dayanmaq istəyirəm. Hesab
edirəm ki, Azərbaycandakı vəziyyəti öz
axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq
üçün kifayət qədər imkan olmuşdur.
Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin
ölkənin ali siyasi rəhbərliyi bu
imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə
edilən təcavüzü vaxtında aradan qaldırmaq
mümkün idi. Axı üç ay əvvəl
sərhəd zolağı ilə bağlı camaat öz tələblərini
irəli sürmüşdü. Fəqət,
heç kəs onlarla görüşmək, izahat işi
aparmaq və lazımi ölçü götürmək istəməmişdir.
Təkrar edirəm: camaatı sakitləşdirmək
üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya
rəhbərliyinin möhkəmləndirilməsi məsələsi
həll edilsə idi, vəziyyət gərginləşməz,
ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm
ki, məsələni siyasi cəhətdən tənzimləmək,
xalqla mükaliməyə girmək üçün əlverişli
imkanlar olmuşdur. Lakin onlardan səmərəli
istifadə edilməmişdir. Nəhayət,
19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ
DİN-in böyük kontingenti Bakı şəhərinə
yeridilmişdir. Nəticəsi isə
göz qabağındadır. Bunun törətdiyi
faciələr hamımıza məlumdur. Belə
qərar qəbul etmiş adamların hərəkətini
siyasi qəbahət sayıram. Bəli,
kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq respublikadakı əsl vəziyyəti
qiymətləndirə bilməmiş, Azərbaycan
xalqının psixologiyasını anlamamış, əhalinin
müxtəlif təbəqələri ilə əlaqələri
zəiflətmişlər. Onlar
görünür, bu işlərin belə ağır faciəyə
çevriləcəyini əvvəlcədən
düşünməmişlər.
Bütün bunlar qabaqcadan nəzərə
alınmalı və vaxtında vacib, zəruri tədbirlər
qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak
olmuşlar. Yeri gəlmişkən deyim ki,
ölənlər arasında hərbi qulluqçuların
olması haqqında da məlumatlar daxil olur. Sual olunur:
ölkənin ali dövlət, partiya rəhbərliyinin
səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı
ilə Azərbaycana göndərilmiş rus gənclərinin
günahı nədir? Azərbaycana kənardan
böyük ordu kontingenti yeridilmişdir. Respublikada
neçə ordu birləşməsinin olduğu mənə
yaxşı bəllidir. Azərbaycanda kifayət qədər
- 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant
qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə
Qoşunları, DİN-in daxili qoşun birləşmələri
vardır. Oraya əlavə qoşun yeritmək nəyə
lazım idi? Əgər belə zərurət
var idisə, orada yerləşən hərbi hissələrdən
də istifadə etmək olardı. Belə
qərar qəbul edən Azərbaycan rəhbərliyi,
hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı
qoyub qaçmış Vəzirov, xalqı
qarşısında məsuliyyət daşımalıdır.
Ölkənin ali siyasi rəhbərliyinə
yanlış məlumat verənlər də məsuliyyət
daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət
barədə vaxtında kifayət qədər düzgün, dəqiq,
obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa
salındığından belə qərar qəbul
etmişdir. Qırğın törədənlərin
hamısı layiqincə cəzalandırılmalıdır".
Heydər Əliyev bu bəyanatı verməklə ittifaq
rəhbərlərinin kəskin təzyiq və təsirlərinə
məruz qalacağını gözləri önünə gətirsə
də, özünəməxsus qətiyyət və cəsarət
nümayiş etdirdi. Həyatının hər an təhlükədə
olmasına baxmayaraq qətiyyətlə dünyaya faciənin
hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan
xalqına qarşı hərbi təcavüzün SSRİ və
Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata
keçirildiyini bəyan etdi.
Elə həmin gün Heydər Əliyev Azərbaycan
xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi:
"Bakı şəhərinə sovet ordusu hissələrinin
yeridilməsi ilə əlaqədar xalqımızın
başına gəlmiş faciədən - dinc əhalinin
qırılmasından böyük ürək
ağrısı ilə xəbər tutdum. Bu matəm
günündə həlak olanların ailələrinə və
yaxınlarına, Azərbaycan xalqına dərin hüznlə
başsağlığı verirəm. Mən
düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi
ağıllı-kamallı olmağa, həmrəyliyə və
birliyə çağırıram".
İlk hüquqi-siyasi qiymət
Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi
və həmin ilin payızında keçirilən seçkilərdə
Naxçıvan və Azərbaycan parlamentinə deputat
seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin
verilməməsi onu ciddi narahat edirdi. 1990-cı ilin noyabr
ayında ulu öndərin böyük siyasi nüfuzu sayəsində
20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsi
yenidən gündəliyə gəldi. Bu mənada,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci
sessiyasının noyabrın 21-də keçirilən
iclası yadda qaldı. Heydər Əliyev xalq deputatı kimi
"1990-cı ilin yanvar ayında törədilmiş Bakı
hadisələrinə siyasi qiymət verilməsi
haqqında" qərar layihəsini işləyib Ali Məclisin
müzakirəsinə təqdim etdi.
Elə həmin
sessiyadakı çıxışında xalqımızın
hərbi, siyasi, mənəvi təcavüzə məruz
qalmasından narahatlıqla danışan ulu öndər Heydər
Əliyev ürək yanğısı və qətiyyətlə
deyirdi: "Başımıza böyük bəla gəlib,
millət əzilib, millətə qarşı təcavüz
olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında
baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib...
Bu qədər qanunsuzluğa, demokratiyanın
pozulmasına dözmək olmaz. Bu məsələyə
biz özümüz siyasi qiymət verməliyik,
respublikanın ali hakimiyyət orqanından
tələb etməliyik ki, bu məsələyə baxsın
və günahkarlar cəzalandırılsın".
Heydər Əliyevin xalqın milli faciəsi ilə
bağlı qaldırdığı taleyüklü məsələ
xalq deputatları tərəfindən qətiyyətlə
müdafiə olunurdu. Ali Məclisin birinci sessiyasında
"1990-cı ilin yanvar ayında törədilmiş Bakı
hadisələrinə siyasi qiymət verilməsi
haqqında" qərar qəbul edildi.
Naxçıvan
MR Ali Məclisinin 21 noyabr 1990-cı il
tarixli qərarından:
"Yanvar faciələrinin səbəbkarlarının
- istər ittifaq, istərsə də respublika rəhbər
partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin,
hərbçilərinin bugünədək aşkar edilib
qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin
hiddət və etiraz doğurmuşdur.
Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi bunları
işğalçı siyasət və dəqiq
düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək
insan hüquqları bəyannaməsinin kobud şəkildə
pozulması kimi nəzərdə tutaraq qərara alır:
1. 1990-cı
ilin yanvar ayında Bakı şəhərində törədilmiş
qanlı hadisələr Azərbaycan SSR-in suveren
hüquqlarına, respublikada gedən demokratik proseslərə
qəsd kimi qiymətləndirilsin.
2. Dinc əhaliyə,
silahsız kütləyə, heç bir müqavimət
göstərməyən günahsız adamlara qarşı
müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi,
qocaların, qadınların, uşaqların qətlə
yetirilməsi Azərbaycan xalqına qarşı açıq
təcavüz kimi ittiham edilsin.
3. Bir ilə
yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə
Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən
siyasi qiymət verilməməsinə, bununla əlaqədar
yaradılmış Xüsusi Deputat Komissiyasının
işinin qeyri-müəyyən səbəblərdən
başa çatdırılmamasına, qanlı hadisələrin
günahkarlarının aşkara çıxarılıb
qanuni məsuliyyətə verilməməsinə qəti etiraz
olunsun.
Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən
qısa müddətdə həmin məsələni
parlamentin müzakirəsinə çıxarsın.
4. Bu qərar
qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli
matəm günü kimi qeyd edilsin.
5. Azərbaycan
SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər
il Azərbaycan SSR-də Milli matəm
günü kimi qeyd edilsin".
Göründüyü
kimi, qərarda 20 Yanvar hadisələri Azərbaycanın
suveren hüquqlarına, dinc əhaliyə, heç bir
müqavimət göstərməyən günahsız
adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz
kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın o
vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir
daha qeyd olunaraq deyilir ki, qanlı Yanvar hadisələrinin
günahkarlarını üzə çıxarmaq, onu təhlil
etmək və siyasi qiymət vermək üçün
respublika əhalisinin təkidli tələbinə baxmayaraq,
faktiki olaraq faciədən ötən müddət ərzində
heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin Yanvar hadisələrini
təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul
olmamışdır. Respublika rəhbərliyinin
bu etinasızlığı haqlı olaraq xalqda hiddət və
etiraz doğururdu.
Sovet
hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət
başları hakimiyyət uğrunda mübarizəyə
qarışmış siyasətbazlar xalqımıza
qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin
araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi
və cinayətkarların müəyyən edilməsi istiqamətində
məqsədyönlü iş aparmadılar.
Onlar bu məsələdə heç maraqlı da
deyildilər, çünki həmin cinayətin törədilməsinin
məsuliyyəti bu və ya digər dərəcədə
onların da üzərinə düşürdü. Düzdür,
həmin dövrdə müxtəlif siyasi platformalardan
çıxış edən ayrı-ayrı siyasi partiyalar 20
Yanvar faciəsi ilə bağlı bütün
günahları Moskvanın üzərinə atmağa cəhd
göstərmişdilər. Amma ulu öndər Heydər
Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışına qədər nə A.Mütəllibov,
nə də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə
siyasi qiymət verilməsi üçün heç bir iş
görülmədi.
Ulu
öndər Heydər Əliyev isə Azərbaycan xalqına
qarşı soyqırımı siyasətini həyata
keçirməyə rəvac verənlərlə mübarizəsini
ona qarşı az qala düşmən mövqedə duran Ali
Sovetdə və digər istiqamətlərdə də davam
etdirir, böyükdən kiçiyə qədər hər kəsə
məlum olan qatillərin hüquqi müstəvidə aşkar
olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb
edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart
1991-ci il tarixli sessiyasındakı
çıxışında deyirdi: "1990-cı il
yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan
xalqına qarşı hərbi təcavüz edilmişdir.
Heç bir əsas olmadan, xəbər vermədən, dövlət
qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə
müasir silahlı sovet ordusunun qoşun hissələri
yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə
nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət
almış, itkin düşmüşdür. Təəssüf
ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın
paytaxtı fövqəladə vəziyyət şəraitində
yaşayır. Bizim sessiyamız da bu şəraitdə
keçirilir. Bir ildən artıqdır
ki, Azərbaycan xalqı şəhidlərə matəm
saxlayır. Respublikanın şəhərlərində,
qəsəbələrində, kəndlərində şəhidlərin
xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar
olunmayıb. Buna heç vəchlə bəraət
qazandırmaq olmaz. Bu məsələ
müzakirə olunmalıdır. 20 Yanvar
faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir,
onun günahkarlarını müəyyən etməlidir".
Ulu
öndər Heydər Əliyev 1991-ci il
iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda
yazırdı: "Yanvar hadisələrində yüzlərlə
adam öldürüldü və şikəst edildi...
Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin
hamıya çoxdan məlum olan günahkarları üzə
çıxarılmayıb, əksinə, bunları
ört-basdır etmək üçün əllərindən
gələni edirlər. Ümid edirlər
ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir
ki, doğma xalqa qarşı yönəldilmiş qanlı
cinayətləri on illər keçsə də, unutmaq və
bağışlamaq mümkün deyil".
Azərbaycan
Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il
tarixli sessiyasında çıxışında isə Heydər
Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən il
yarımdan çox vaxt keçir. Bu gün
burada da, bu salonda cürbəcür söhbətlər gedir.
Bir qrup bir fikirdədir, məndən qabaq
çıxış edən Rəhimov başqa fikirdədir.
Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan
prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə
qədər bu məsələyə siyasi qiymət verilməyib?
Bu məsələnin həm siyasi tərəfi
var, həm hüquqi tərəfi var. Bu məsələyə
dərhal siyasi qiymət vermək olardı. O ki qaldı
hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə
cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə
aydınlaşdırmaq lazımdır. Buna siyasi
qiymət verilmədiyinə görə başqa tədbirlər
həyata keçirmək mümkün olmur".
Milli Şura tərəfindən qəbul
edilmiş qərar xalqa xəyanət idi
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra 20 Yanvar faciəsinə tam
siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş
günün tələbi idi. Ulu öndər
dövrün mürəkkəbliyinə və görüləsi
işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı
və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin
başvermə səbəblərini və
günahkarlarının araşdırılması ilə də
məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin
dördüncü ildönümünün keçirilməsi
ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə
tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində
məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin
verilməməsində maraqlı olan qüvvələr var imiş.
1991-1993-cü illərdə hakimiyyətdə
qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən
müxalifət nümayəndələri bu dəhşətli
faciədən yararlanmaq istəyirmişlər. Ulu
öndər Heydər Əliyev 1994-cü il
yanvarın 12-də dövlət komissiyasının geniş
iclasında Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını
xatırladaraq bu sənəddə yanvar hadisələrinin əsl
səbəblərinin açıqlanmadığını, həqiqi
günahkarların aşkar edilmədiyini, iki il ərzində
həmin qərarın özünün yerinə yetirilmədiyini
nəzərə çatdırdı. Respublika səviyyəsində
20 Yanvar faciəsinə tam siyasi- hüquqi qiymətin verilməməsini
ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli
Şura tərəfindən qəbul edilmiş səti və
başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan
etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım.
Düşündüm ki, Milli Şura nə
üçün öz millətinin, öz xalqının aqibətinə,
taleyinə bu qədər biganə qalıb? Qərarı
oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə,
bu hadisəyə niyə indiyə qədər siyasi qiymət
verilməyib... Mənim fikrim belədir ki, bu qərarın
qəbul edilməsi Azərbaycan xalqına bəlkə də
20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir.
İki il keçəndən sonra deputat-istintaq
komissiyasının ortaya bir şey çıxarmaması,
boş-boş sözlərlə camaatı aldatması, qərarda
bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi
yenə də deyirəm, xəyanətdir".
1994-cü
il martın 29-da Milli Məclis tərəfindən
"1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında" adlı xüsusi qərar
qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri
Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını
boğmaq, demokratik və suveren bir dövlət amalı ilə
ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb
maşınının gücünü nümayiş etdirmək
məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi
təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə
Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti
və hökumətinin, şəxsən Mixail Qorbaçovun
Azərbaycana qarşı ağır cinayət törətdikləri,
Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor
Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət
etdikləri siyasi-hüquqi müstəvidə öz əksini
tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı
Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun
bu qanlı faciənin törədilməsində məsuliyyət
daşıdıqları və digər məsələlər
sənəddə qeyd olundu. Beləliklə, Heydər
Əliyevin təkidi və təşəbbüsü sayəsində
xalqımıza qarşı törədilən bu qanlı və
qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Şəhidlərin xatirəsi həmişə
uca tutulacaq
Təəssüf ki, zamanın və şəraitin
doğurduğu səbəblərdən 20 Yanvar faciəsini
törədənlər hüquqi müstəvidə layiq
olduqları cəzanı almadılar. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə 20 Yanvar
faciəsinin 10-cu ildönümü haqqında imzaladığı
fərmanda deyilirdi: "XX əsr tarixində totalitarizmin
törətdiyi ən qanlı terror aktlarından biri olan 20
Yanvar faciəsində Azərbaycan xalqına qarşı
işlədilmiş cinayət əslində bəşəriyyətə,
humanizmə, insanlığa qarşı həyata
keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək
öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər
tarix, bəşəriyyət, eləcə də Azərbaycan
xalqı qarşısında cavab verməli olacaqlar".
"20
Yanvar şəhidi" fəxri adının təsis edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart
1998-ci il tarixdə fərman
imzalamışdır. 29 dekabr 1998-ci ildə
"20 Yanvar şəhidi" fəxri adı haqqında
Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ
silahlı qüvvələrinin Bakıya və respublikanın
bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak
olmuş insanlara "20 Yanvar Şəhidi" fəxri adı
verilmişdir.
Ümummilli
lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünyada
tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin
əziz tutulmasına diqqətlə yanaşırdı.
Bakının ən uca nöqtəsində yerləşən
Şəhidlər xiyabınında Azərbaycanın
azadlığı uğrunda şəhid olanların xatirəsinə
ucaldılmış möhtəşəm "Əbədi məşəl"
abidə kompleksi də məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü və qayğısı
ilə tikilib.
Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca
tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin
yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il
yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət
edərək "Əbədi məşəl" abidə
kompleksinin önünə əklil qoyur. Dövlət
başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin
14-cü ildönümünün keçirilməsi ilə
bağlı sərəncamında bildirirdi ki, Azərbaycan
övladları 1990-cı il yanvarın 20-də
xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar: "Həmin gün respublikada
haqq-ədalətin bərqərar edilməsi tələbləri
ilə çıxış edən Azərbaycan
xalqının inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata
keçirdiyi terror aktı nəticəsində bəşər
tarixində insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və
qətlə yetirildi. Ən ağır sınaqlara sinə
gərmək əzmini bütün dünyaya nümayiş
etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar".
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında
şəhid olmuş oğul və qızlarımızın
xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi
üçün mühüm qərarlar vermişdir. Dövlətimizin
başçısının 19 yanvar 2006-cı il
tarixli "20 Yanvar şəhidinin ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" fərmanı ilə şəhid
ailələrinə dövlət qayğısını
artırmaq məqsədilə təqaüd verilir.
Bu gün Bakının ən yüksək nöqtələrindən
birində hər bir azərbaycanlı üçün müqəddəs
and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi
qurbanlarının və Ermənistanın hərbi təcavüzünə
qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər xiyabanıdır.
Məhz Azərbaycan Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər
xiyabanında əsaslı təmir və yenidənqurma işləri
aparılıb.
20 Yanvar hadisəsinin
araşdırılması istiqamətində ilk elmi-analitik
yanaşma
20 Yanvar qırğını barədə indiyədək
çox yazılıb. Onlarca məqalə, kitab, illüstrasiya
materialları dərc olunub. Lakin faciəyə
elmi-analitik yanaşma ilk dəfə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "Azərbaycanlılara qarşı
soyqırımı gerçəklikləri" əsərində
öz əksini tapmışdır. Həmin
əsərdə qanlı faciə bir neçə aspektdən
- dini, milli, Qafqaz amilləri və geosiyasi aspektlərdən,
Dağlıq Qarabağ problemi kontekstindən
araşdırılmış, qanlı Yanvarın ibrət dərsləri
təhlil edilmişdir.
Akademik
Ramiz Mehdiyevin
"Azərbaycanlılara qarşı soyqırımı
gerçəklikləri" kitabı 20 Yanvar
qırğınının tarixinin doğru-düzgün
işıqlandırılması sahəsində çox
mühüm elmi hadisədir. Bu əsər 20
Yanvar faciəsinin tarixşünaslığına qiymətli
bir töhfədir. Akademik Ramiz Mehdiyevin əsərinin bu
vaxtadək 20 Yanvar barədə yazılanlardan ən
mühüm fərqi, həm də başlıca məziyyəti
burasındadır ki, müəllif ilk dəfə olaraq 20
Yanvarı dərin tarixi-elmi planda və ümumdünya tarixi
kontekstində qələmə alıb. Görkəmli alim
1990-cı ilin yanvarında Bakıda törədilmiş
qanlı faciənin tarixi və sosial-siyasi köklərini
araşdırıb üzə çıxarır, ona çox
geniş məkanda və uzun zaman kəsiyində nəzər
salır, mühüm ümumiləşdirmələr
aparır, 20 Yanvara gələn tarixi yolu addım-addım izləyir,
təhlil edir və bu faciə ilə əlaqədar olan hadisələri,
prosesləri elmi araşdırma süzgəcindən
keçirir. Dünyanın geniş oxucu kütlələrinə
təqdim olunan bu əsərin ən uğurlu cəhəti
onun obyektivliyində, elmiliyindədir. Müəllif
bu dəhşətli cinayəti araşdırarkən
emosionallıqdan uzaqda durmağı bacarmış, baş verən
hadisənin tarixi köklərini və gedişini öz
oxucularına soyuqqanlılıqla, vicdanlı bir alim
mövqeyindən təqdim etməyi bacarmışdır.
Akademik
Ramiz Mehdiyev 20 Yanvar hadisələrinin səbəbləri barədə
yazır: "Yanvar faciəsinin bir çox səbəbləri
var, onun kökləri tarixin dərinliklərinə gedib
çıxır. Yenidənqurma onların
inkişafını ancaq sürətləndirdi, labüd faciənin
son mərhələsini yaxınlaşdırdı. Bəs bu səbəblər ümumən
hansılardır? Əvvəla, mərkəzin sovet
imperiyasını, kommunist sistemini nəyin bahasına
olursa-olsun, qoruyub saxlamaq cəhdi; ikincisi, milli respublikalarda
hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək
cəhdi; üçüncüsü, SSRİ rəhbərlərinin
Azərbaycan xalqı barəsində qərəzli siyasəti,
yenidənqurma haqqında demaqoqcasına şüarlar
altında sərhədləri dəyişdirmək və
xüsusən Azərbaycanın ərazi
bütövlüyünü pozmaq cəhdi;
dördüncüsü, keçmiş mərkəzin mənəvi,
siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan
erməni separatizmi və Ermənistanın təcavüzü; beşincisi, Azərbaycan rəhbərlərinin
xəyanətkar fəaliyyəti; altıncısı, ayağa
qalxmış xalqa rəhbərliyi məsuliyyətsizcəsinə
öz əllərinə alanların
naşılığı və siyasətbazlığı".
Akademik Ramiz Mehdiyev əsərdə haqlı olaraq belə bir məsələ qoyur ki, nə üçün sovet ordusunun Tbilisidə (1989) və Vilnüsdə (1991) həyata keçirdiyi cəza əməliyyatlarından fərqli olaraq, Bakıda bu qədər genişmiqyaslı və qəddarcasına qırğın törədildi? Özü də bu qırğınların cəlladı M.Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından nə üçün üzr istəmədi? Müəllif bunu başlıca olaraq üç amillə əlaqələndirir: dini amil; Qafqaz amili; türk amili.
20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi. Bu faciə kimin kim olduğunu da üzə çıxardı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 19 yanvar.- S.6;7.